Xaricdəki soydaşlarımızdan liderə: “Sizin sayənizdə hər zaman dövlətimizin qayğısını hiss edirik” 

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Fransanın paytaxtı Parisdə yerləşən ICD Biznes Məktəbində təhsil alan azərbaycanlı tələbələr Xəzər Allahverdiyev, Elvin Zeynallı , Ceyhun Sadibəyli və başqalarından ölkə liderinə yazırlar: 

“Hörmətli cənab Prezident, biz, ADA universitetinin Biznesin idarə edilməsi fakültəsinin 2-ci və 3-cü kurs tələbələriyik, “Erasmus+” proqramında iştirak edərək 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımıza dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdirdik. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıda bilmədiyimiz və maddi sıxıntımız olduğu üçün çox ciddi narahatlıq keçirirdik. Xaricdə yaşayan Azərbaycan vətəndaşları Sizin sayənizdə hər zaman dövlətimizin qayğısını hiss edir, ən çətin şəraitdə belə dövlət tərəfindən müdafiə olunurlar. Biz də öz növbəmizdə, dövlətimizin qayğısını hiss etdik. Sizin tapşırığınıza əsasən, mütəmadi olaraq problemlərimizlə maraqlanır, bizə həm maddi, həm də mənəvi dəstək göstərirlər.
Cənab Prezident, bizə göstərilən dövlət qayğısına görə Sizə təşəkkür edirik. Güclü Azərbaycanımızla, güclü dövlətimizlə qürur duyuruq. Bizə göstərdiyiniz diqqətə görə təhsil aldığımız sahə üzrə peşəkar mütəxəssis olmağa, dövlətimizə fayda verməyə və etimadınızı doğrultmağa çalışacağıq. Bir daha Sizə dərin təşəkkürümüzü bildiririk”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu