"Ehtiyatları qorumaq ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək" - Əkrəm Həsənov

"Bu gün bütün ehtiyatların hamısını xərcləyib oturmaq olmaz"


 Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans formasında görüşü keçirilib. Asiya İnkişaf Bankının prezidenti ölkəmiz haqqında olduqca müsbət fikirlərini bildirib. Eyni zamanda ölkə başçısı videokonfransda mühüm məqamlara toxunub. 

Prezident qeyd edib ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub. Ölkə başçısının sözlərinə görə, qeyri-enerji sektorunun sürətli artımı davam edəcək:

“Pandemiya ilə əlaqədar bir çox ölkələrin iqtisadiyyatı resessiyadadır. Azərbaycanda 4 ay ərzində iqtisadi artım 0,2 faiz təşkil etmiş, qeyri-neft sənayesində artım isə 16 faiz olub. Azərbaycanın bu vəziyyətin öhdəsindən gələ biləcəyinə əminlik var”.

Cənab Prezidentin videokonfransdakı fikirlərini alqışladığını deyən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında bildirib ki, ehtiyatları qorumaq ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək:

“Özüm də bir neçə dəfə bu istiqamətlərdə çıxış etmişəm ki, ehtiyatları qorumaq lazımdır. Bu gün bütün ehtiyatların hamısını xərcləyib oturmaq olmaz. Çünki Azərbaycan balaca ölkədir. Dünyada çox sürətli və gözlənilən dəyişikliklər baş verir. Buna görə də neft və enerji sektoru asılılığından çıxmalıyıq. Məhz bu səbəblərdən dövlət başçısı tamamilə düzgün qeyd edir. Asiya İnkişaf Bankı və digər maliyyə qurumları bizə sırf bu baxımdan kömək etməlidir ki, iqtisadiyyatımızı sürətlə qeyri-neft sektoruna keçirə bilək. Götürülən bütün kreditlərin hamısı həqiqətən də bu sahəyə yönəlməlidir”.

İqtisadçı bildirib ki, hansısa beynəlxalq qurumdan, xüsusən xarici dövlətdən asılı vəziyyətə düşməli deyilik:

“Dünyada belə qurumlar çoxdur. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Fondu var. Bəzən adi insanlardan bunu eşidirəm ki, bütün bunlar ola-ola Asiya İnkişaf Bankı neyniyir? Gərək bu qurumların hamısı ilə əməkdaşlıq edək. Yalnız biri ilə əməkdaşlıq etsək, asılı vəziyyətə düşə bilərik. Bu baxımdan ölkə başçısının toxunduğu məqamlar çox vacibdir”. 


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu