Azərbaycan "LORA" raketlərini alan ilk ölkədir

Silah müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir


İsrailin yeganə dövlət olaraq bizə satdığı LORA raketlərinin sınağını keçirib. “The Jerusalem Post” qəzetinin yazdığına görə, raketin sınağı dənizdə baş tutub. LORA maksimum 300-400 kilometr, minimum 30 kilometr mənzilə sahibdir. Atışdan hədəfə dəyənə qədərki uçuş vaxtının 10 dəqiqədən daha az olduğu bildirilir. Göstəricilərinə görə ABŞ-ın “ATACMS” operativ-taktiki raketlərinə və Rusiyanın “İsgəndər-E” operativ-taktiki raketlərinə yaxındır, yaxud onlarla eyni sinif raketlər hesab edilir. 




Bununla bağlı “Şərq”ə danışan Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Azərbaycan raketləri İrəvanı darmadağın etmək gücünə malikdirlər. Politoloq vurğulayıb ki, raketin işlənib hazırlanması böyük məxfilik şəraitində həyata keçirilib:

“Yalnız 2003-cü ildə İsrailin peyk telekanallarından biri təsadüfən raketin sınaqlarından görüntüləri sızdırıb. Bundan sonra “LORA” raket kompleksləri üzərindən məxfilik pərdəsi qaldırılıb. 2004-cü ildə raketlər İsrail ordusunun quru qoşunlarının, daha sonra hərbi dəniz qüvvələrinin silahlanmasına daxil edilib. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var. Lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilə bilər. “LORA” raketləri uçuş trayektoriyasına görə ballistikdir. Ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir. Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar. Raket həm GPS sistemi, həm də operator tərəfindən idarə edilə bilər. Dörd konteynerdən ibarət buraxılış qurğusu adi yük maşınının və ya treylerin şassisində yerləşdirilir”.

Analitik qeyd edib ki, İsrail ordusu “LORA” raketlərini Suriyada İran hərbi bazalarını vurmaq üçün dəfələrlə istifadə edib:

“2017-ci ilin sonlarında bu raketlərdən birinin Rusiyanın “Pantsir-S” artilleriya-raket kompleksi tərəfindən vurulduğu haqda məlumatlar yayılsa da, İsrail tərəfi bu məlumatı şərh etməyib. “LORA”dan söhbət düşmüşkən, Belarusdan aldığımız “Polonez”ləri də unutmamalıyıq. “Polonez” raket kompleksi Moskvanın Minskə “İsgəndər” raketləri satmaqdan imtina etməsindən sonra yerli müdafiə sənayesinin ekspertləri tərəfindən yaradılmışdı. “Polonez” nəinki döyüş meydanında düşmən mövqelərini, həmçinin bütün Ermənistanın hərbi və strateji obyektlərini vurmaq imkanına malikdir. Düşmənə “Polonez” vasitəsilə 300 km məsafəyə qədər endirilən raket zərbələrinin qarşısını ala bilmədiyi çoxdan məlumdur.

Silahın döyüş tətbiqi və raketin uçuş trayektoriyası bunu mümkünsüz edir. Həmçinin, düşmənin belə zərbələrin qarşısını almağa heç bir imkanı yoxdur. “ƏTR” kompleksinin texniki xüsusiyyətləri ona 50 saniyə müddətində 8 ədəd döyüşə hazır raketlə maksimal uzaqlıqda yerləşən düşmənin hədəf və obyektlərinə 6 dəqiqədən gec olmayaraq zərbə endirməyə imkan verir. Eyni zamanda, bundan əvvəl ordumuzun silahlanmasında İsrail istehsalı olan “Lynx” çoxfunksiyalı raket atəş sistemi var idi. Müxtəlif kalibrli YARS raketləri ilə silahlanmış bu sistem üçün müasir ballistik LORA raketləri alınıb”.

Z.Məmmədov bəyan edib ki, alınan silahlar Azərbaycanın raket-artilleriya qoşunlarının imkanlarını dəfələrlə artıraraq, dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdırdı:

“Artıq ölkəmizi “İsgəndər” raketləri ilə hədələmək mümkün deyil. Bu hədələri edənlər və onlardan qorxanlar onsuz da hərbi işdən xəbərsiz adamlar idi. Bu tipli silahların effektiv tətbiqi yüksək keyfiyyətli texniki kəşfiyyat tələb edir ki, Ermənistan ordusunda heç buna oxşar bir şey də yoxdur. Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesi əbədi deyil. Düşmənin danışıqlar prosesini uzatması, müxtəlif bəhanələrlə danışıqlardan yayınması, onun məsələnin həllində maraqlı olmadığını göstərir. Elə isə düşmən payızda ətraf rayonlarla bağlı addım atmalıdır. Əks halda bizə başqa çıxış yolu qalmayacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu