Gərək mədəniyyət sərnişinin canında olsun

Polis tez-tez hər vaqona daxil olub maskasızlara nəzarət edə bilməz


Nazirlər Kabineti yanında Operativ Qərargahın ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə tələbinə hələ də bizim bəzi müştəbehlər məhəl qoymur. Avtobuslarda maskasızlıq özbaşınalığı, metroda isə “giriş maskalı, çıxış maskasız” vəziyyətidir. Yəni, metropolitenə girişdə polis əməkdaşlarının tələbi ilə maskalı daxil olan sərnişinlərin çoxu vaqona minən kimi maskanı çıxarır.

Halbuki, metro süni havalandırma sistemi ilə işlədiyindən yoluxma təhlükəsi daha artıq ola bilər məntiqi ilə qapanmışdı. İndi karantin qaydalarında yumşalma var və metro fəaliyyətə başlayıbsa, bu, təhlükənin sovuşduğu anlamına gəlmir. Tələb maska taxılmasıdırsa, hər kəs buna əməl etməlidir. Ola bilməz ki, vaqondakı 30 nəfərin 20-si hava çatışmazlığından əziyyət çəksin. 1-2 nəfər istisna sərnişin olar ki, həqiqətən də metroda nəfəs darlığı problemi yaşasın. Məncə, bizim sərnişinlərin problemi nəfəs darlığı deyil, təkəbbür və müştəbehlikdir: maska taxmayacam, vəssalam, “mən belə istəyirəm!”. Hər gün metrodan istifadə edən biri kimi sərnişinlərin əksəriyyətinin məsuliyyətsizliyinin şahidi oluram. Üzbəüz oturacaqlarda əyləşmiş 6 nəfərdən (sosial məsafəni qorumurlar) ancaq 2-si maska taxa, ya taxmayadı. Biri çənəsinin altına salır, biri əlində tutur. Polisi görən kimi taxırlar. Yəni bu insanlar başa düşmür ki, qoruyucu maska onların özünə lazımdır, polisə deyil?! 

Bakı Metropoliteni QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Şərq”ə açıqlamasında həqiqətən də ağır şəraitdə çalışdıqlarını bildirdi: 

- Metropoliten əməkdaşları da, polis də ağır şərtlər altında çalışır. Şəxsən özüm hər gün stansiyalarda oluram və polis əməkdaşlarının sərnişinlərlə mədəni şəkildə davrandığını, qoruyucu maskaların taxılmalı olduğunu dediyini görürəm. Xəbəriniz var yəqin, metronun “Qara Qarayev” stansiyasında polis sərnişinlərə maska taxmadıqlarına görə xəbərdarlıq edib, sərnişinlərsə gərginlik yaradıblar. Metropoliten rəhbərliyi tərəfindən yoxlama-nəzarət sisteminin intensivliyi artırılır. Karantin qaydalarında yumşalmalar başlayandan və metro fəaliyyətini bərpa edəndən hər gün təhlillər aparılır, mövcud vəziyyət analiz edilir.

Elə sərnişinlər olur, platformada polisin gözü önündə maskanı çıxarır, maskasız hərəkət edirlər. Sərnişinlər anlamalıdır ki, metro işçiləri də, polis əməkdaşları da böyük risk altındadır. Qoruyucu maska həm sərnişinin özünü qoruyur, həm də metro və polis əməkdaşlarını. Polis reydlər edir. Amma polis əməkdaşlarının hər vaqona ayrı-ayrılıqda daxil olub vəziyyətə nəzarət etmələri fiziki baxımdan mümkün deyil. Girişdə maska taxılması tələb edilir, platformada polis əməkdaşları nəzarət edir, vaqonlara da daxil olurlar, amma yenə deyirəm ki, bütün vaqonlara nəzarət etmək qeyri-mümkündür. Qatarlar 2,5-3 dəqiqə intervalla hərəkət edir.

Sərnişinlər anlayışlı olmalıdır və bir də ictimai qınaq gərək olsun. Sosial məsuliyyət hər kəsin borcudur. Maskalardan istifadə edilməməsinə görə cərimələrin tətbiqinə artıq başlanılıb. Lakin ən əsas vətəndaşların öz sosial vəzifələrini dərk edib əməl etmələridir. Sərnişin bu həqiqəti anlayıb qəbul etməlidir ki, metroda qoruyucu maskadan istifadə etmirsə, özünü də təhlükəyə atır, ailəsini də, metro işçisini, polis əməkdaşını da. Xəbərdarlıq edirik ki, sərnişinlərin məsuliyyətsizliyi davam edərsə, metro təkrar bağlanacaq.

Hamımız gördük ki, metro fəaliyyətini dayandırdıqda, hansı çətinliklərlə üzləşdi, əhali. Metro ən rahat, sürətli nəqliyyat vasitəsidir, amma qaydalara əməl edilməsə, bu rahatlığa yenə son qoyula bilər. Çünki təhlükə hələ də böyükdür. Yoluxma sayında artım müşahidə edilir. Əhalimiz, sərnişinlər real vəziyyətə uyğun hərəkət etməlidir. 

B.Məmmədov qeyd etdi ki, metropoliten imkanlarından istifadə edərək təbliğat vasitələrini, sosial elanları genişləndirir, həmçinin texniki vasitələr – hərarətölçənlərin də sayı artırılır ki, metro girişlərində sərnişinlərin yoxlanması maksimum icra edilsin. Metropoliten əməkdaşlarına əlavə təlimlər keçilir. Sərnişinlərin üzərinə düşən sosial məsuliyyəti dərk edib qaydalara riayət etməkdir. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu