“Çox şey vətəndaşların özündən asılıdır”

“Tibbi maska taxın, sosial məsafəni gözləyin, gigiyena qaydalarına ciddi riayət edin”



Son günlər yoluxma sayı kəskin artaraq 300-ü keçib. Halbuki xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdi.

Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra  isə əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkünsüz oldu. Bu səbəbdən də səlahiyyətli şəxslər və mütəxəssislər hesab edir ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.

Mövzu ilə bağlı dəyərləndirmə aparan ictimaiyyət üzvləri isə hesab edir ki, dövlət tərəfindən koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atılsa da, bəzi insanların məsuliyyətsizliyi, qərarlara riayət edilməməsi, tibbi vasitələrdən istifadə edilməməsi əldə edilən pozitiv nəticənin qorunmasına imkan vermədi.

Millət vəkili, professor  Musa Qasımlının da qeyd etdiyi kimi vətəndaşın sağlamlığını əsas götürən cənab Prezidentimiz İlham Əliyevin çevik və düzgün siyasəti nəticəsində  pandemiya bəlasından indiyədək az itki ilə çıxan ölkələrdən biri Azərbaycandır. Dövlətimiz vətəndaşın sağlamlığının qorunması, sosial təminatı və b. ilə bağlı olaraq özündən asılı olan hər şeyi edib, edir və yük onun çiyinlərindədir:

"Ancaq çox şey vətəndaşların özündən asılıdır. Təəssüflə onu da açıq şəkildə söyləmək lazımdır ki, biz özünütəşkil səviyyəsi yüksək olan cəmiyyət deyilik, bir çoxları "əşşi, mənə nə" deyəcək qədər laqeyddir və hər şeyi dövlət hakimiyyətindən gözləyir, eyni zamanda hakimiyyətin də tövsiyələrinə riayət etmirlər. Sonra da deyirlər ki, toyumuz qalıb, yas məclislərinə normal gedə bilmirik.

Gəlin özümüzə sual verək: bunun səbəbi nədir? Günahı kimdədir? Səbəbini və günahkarı bilməkdən ötrü ilk növbədə özümüzə, küçələrə, avtobuslara, metroya, çayxana və restoranlara baxmaq gərəkdir. Görünən odur ki, insanların bir qismi tibbi maska taxmır, sosial məsafəni gözləmir, çay masası arxasında bir-birinə az qala yapışmış halda otururlar. Bu qədər məsuliyyətsizlik olarmı?

Nə üçün belə edirlər? Soruşanda deyirlər ki, virus mənə bir şey etməz. Birdəfəlik başa düşmək lazımdır ki, hökumət hər binanın giriş qapısına, avtobusa, metro vaqonuna, çayxanaya polis işçisi qoya bilməz. Özünüzün, ailənizin, qohumlarınızın, qonşularınızın və cəmiyyətin sağlamlığını təhlükə altına atmayın, çalışın evdə qalın, evdən çıxmaq zərurəti yarandıqda tibbi maska taxın, sosial məsafəni gözləyin, gigiyena qaydalarına ciddi riayət edin. İmkan verin,  cəmiyyət normal hala dönsün".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu