Prezidentə minnətdarlıq: “Şamaxılılar Sizin hər bir qərarınıza güvənir və apardığınız siyasəti dəstəkləyir”


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Şamaxı rayonunun ağsaqqalları adından Ədilxan Zülfüqarov, Kamal Adıgözəlov, Tahir Tağıyev və Xasay İsayev dövlətimizin başçısına minnətdarlıq edərək yazırlar: 

“Möhtərəm cənab Prezident, dünyanı bürüyən koronavirus pandemiyası dönəmində Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə əhalini qorumaq üçün aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verir. Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması istiqamətində atılan hər bir addım bütün əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Səhiyyə sahəsində həyata keçirilən effektiv tədbirlər bu işlərə bilavasitə nəzarətin və fədakar əməyin nəticəsidir. Belə çətin dövrdə Sizin və Mehriban xanımın rayonumuza səfəriniz əhalimiz tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı.

Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri olan Şamaxı özünün yeni çiçəklənmə dövrünü yaşayır. Bu, Sizin diqqətinizin nəticəsidir. Rayonumuzdakı tikinti-quruculuq, abadlıq işləri ilə yanaşı, tarixi abidələrə göstərdiyiniz qayğı onlara ikinci həyat verir və bizi sevindirir. Pirsaat Baba, İmadəddin Nəsiminin qardaşı Şahxəndanın türbəsi və Pir Ömər Sultan ziyarətgahlarının yenidən qurulması çərçivəsində görülən işlərə diqqətiniz isə biz şamaxılılar üçün mühüm əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, bu abidələr bütün ölkə əhalisinin və başqa ölkələrdən gələn qonaqların ziyarət etdiyi müqəddəs yerlərdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə tariximizə və mədəniyyətimizə göstərilən qayğı Sizin milli mənəvi dəyərlərimizə həssas münasibətinizdən xəbər verir. Sizin şamaxılılara olan diqqətiniz hər addımda hiss olunur.

Şamaxıda yeni binalar tikilir, zəlzələdən zərər çəkmiş minlərlə ev təzələnir, kəndlərə, qəsəbələrə yeni yollar salınır, ucqar kəndlər belə qazla təmin olunur, heç vaxt suyu olmayan kəndlərə su çəkilir, əhalimizə müasir avtobuslar xidmət göstərir. Çox təəssüf hissi ilə qeyd edirik ki, son zamanlarda ölkəmizdə, o cümlədən regionlarda aparılan inkişaf prosesinə kölgə salmağa çalışanlar var. Bu, ölkəmizi, Vətənimizi sevməyən, süni narazılıq yaratmaq istəyən şər qüvvələrin əməlləridir və onlar bu istəklərinə çatmayacaqlar.

Əmin ola bilərsiniz ki, bütün Azərbaycan xalqı, o cümlədən şamaxılılar Sizin hər bir qərarınıza güvənir və apardığınız siyasəti dəstəkləyir. Əziz Prezidentimiz və hörmətli Mehriban xanım, Allahdan Sizə möhkəm cansağlığı, dövlətimizin və xalqımızın inkişafı naminə apardığınız şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu