Lukaşenko vəziyyətdən çıxmağa çalışır - ŞƏRH 

Buna baxmayaraq Belarusdakı situasiya bir çox sürprizlər vəd edir


Avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək. Ölkənin Daxili işlər nazirinin birinci müavini Gennadi Kazakeviç seçki ərəfəsində və siyasi kampaniya dövründə vəziyyətin gərginləşdiyini, lakin nazirliyin təhlükəsizliyi təmin etmək üçün lazımi qüvvə və vasitələrə sahib olduğunu deyib. Bunun ardınca Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə hökumətini istefaya göndərib.

Artıq hökumətin yeni baş naziri də təyin olunub. Lukaşenko Roman Qolovçenkonun baş nazir təyin olunması haqqında sərəncam imzalayıb. Belarus rəhbəri Dövlət Təhlükəsizlik Komitəsinin sədri Valeri Vakulçiklə görüşündə bütün “maydançı”ları xəbərdar edərək ölkədə yeni “Maydan” hərəkatının olmayacağını deyib. O vurğulayıb ki, Dövlət Təhlükəsizlik Komitəsi prezidentlə birlikdə dövlətin müstəqilliyinin və suverenliyinin qorunmasında aparıcı rol oynayır: “Burada əsən küləklərin hansı məqsədləri izlədiyini bilirik. Bu hədəflər bizə aydındır. Prezident seçkiləri ərəfəsində və ya seçki günü "Maydan" təşkil etmək. Onlar bunu planlaşdırıblar”. 



Belarusda baş verən prosesləri “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, bu ölkədə cərəyan edən proseslər onun yaxın və uzaq qonşularının diqqətindədir. Siyasi şərhçi bildirib ki, ABŞ və beynəlxalq təşkilatlar açıq-aşkar rəsmi Minskə qarşı sanksiyaları genişləndirmək niyyətindədir:

“Beynəlxalq təşkilatların Belarusun rəsmi şəxslərinə sanksiyaları sərtləşə bilər. Əvvəllər də analoji addımlar atılıb. Bəzi mənbələrin verdiyi məlumata görə, Avropa İttifaqı Belarusun xarici banklarda saxlanılan pul əmanətlərinin dondurulması imkanını da götür-qoy edir. Rusiyanın “Avropanın sonuncu diktatoru”ndan üz çevirəcəyi də istisna edilmir. Bununla belə, analitiklər əmindirlər ki, Belarus iqtisadiyyatının dotasiyalaşdırılması olmadan Lukaşenko ölkədəki “nisbətən yüksək” həyat səviyyəsini qoruyub-saxlamaqda çox çətinlik çəkəcək”. 

A.Rəşidoğlunun sözlərinə görə, əgər qazın qiyməti iki dəfə artsa, “Belarus iqtisadi möcüzəsi”nin sonu çatacaq:

“Bu barədə Rusiya analitikləri açıq danışırlar. Digər tərəfdən, Rusiyanın liberal KİV-i Belarusda sosial narazılığın mümkünlüyü ilə bağlı xəbərdarlıq edir. Görünən budur ki, Belarus hakimiyyəti ölkədə nə baş verdiyini tam təsəvvür etmir. Xarici jurnalistləri ölkədən qovan və medianı nəzarətə alan Lukaşenko seçkidən sonra “hakimiyyəti zorla ələ keçirmək istəyən” rəqiblərini tam əzə bilər. Hələlik Lukaşenko situasiyanı nisbi nəzarəti altına ala bilib. Lakin aydındır ki, onun seçkidə qələbəsi mahiyyətcə, “Pir qələbəsi”nə  çevrilə bilər. Bu baxımdan Belarusdakı situasiya bir çox sürprizlər vəd edir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu