Keçmiş XİN başçısı III Dünya savaşının anonsunu verdi

Azərbaycanda siyasilər xırda münaqişə ocaqlarını mümkün sayır, amma qlobal müharibəni real hesab etmirlər


Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin dünyada gedən proseslərlə bağlı həyəcan təbili çalıb. Eks nazir tezliklə Üçüncü Dünya savaşının başlayacağını iddia edib. Klimkin hazırda dünyanın ciddi siyasi və iqtisadi dəyişikliklər ərəfəsində olduğunu söyləyib: “III Dünya savaşı hələlik hibrid xarakterlidir və getdikcə yaxınlaşır. Əgər Birinci Dünya müharibəsi ilə müqayisə aparsaq, vəziyyətin 1913-cü ilə bənzədiyini görərik”. 

Əslində buna bənzər iddialar dəfələrlə ortaya atılıb. Amma bu kimi fikirlər əsasən dünyanın iki super gücünün, fərqli qütblərinin qarşıdurması fonunda gündəmə gətirilib. Hesab edilib ki, əgər ABŞ və Rusiya kimi güclər qarşı-qarşıya gəlsə, yalnız o halda cəbhələşmə formalaşa bilər. Lakin indi dünyanın başı daha çox pandemiyaya qarışıb. 



Klimkinin iddiasını “Şərq”ə dəyərləndirən BAXCP sədrinin müşaviri Azər Qasımov bildirib ki, son dövrdə yaşadığımız hadisələr dünya tarixində çox az yaşanan, hətta müəyyən mənada ilk ola biləcək hadisələrdir. Siyasi şərhçinin sözlərinə görə, müasir insan cəmiyyətləri istər iqtisadi, istərsə də tarixi baxımdan son yüz ildə qarşılanmadığı hadisələrlə üz-üzədir:


“İndiyə kimi qəbul edilən bütün iqtisadi və siyasi qanun və tezislərin qeyri-adi şəkildə pozulduğu, mənasını itirdiyi bir dövrdə yaşayırıq. Belə şəraitdə insanlıq təbii ki, nə edəcəyi, nə olacağı ilə əlaqəli çaşqınlıq içərisindədir. Kimiləri üçüncü dünya müharibəsi təbili çalır, kimiləri bütün dinlərin ləğv edilib yeni “Transhumanizm” adlı din yaranacağını iddia edirlər. İnsanların çiplənməsindən tutmuş dünya əhalisinin sayının 1milyarda salınacağı, insanların idarə ediləcəyi bir “dünya dövləti”nin yaranacağı kimi fikirlər uydururlar”. 

Ekspert bildirib ki, dünyada hər zaman qarşılıqlı güclər olub, bundan sonra da olacaq:

“Hesab edirəm ki, insanlıq heç vaxt son nəticədə əvvəlki dövrlərdə etdiyi səvhləri unudub yeni dünya müharibəsi fikrinə düşməyəcək. Pandemiyalar tarixən olub, milyonlarla insan həyatını itirib, müharibələr baş verib. Nə qədər gərginlik müşahidə olunsa da, hadisələrin keçici olduğu və yaxın vaxtlarda hər şeyin öz qaydasına düşəcəyini düşünürəm. Təbii ki, hər zamankı kimi xırda münaqişə ocaqlarının olması mümkündür. Lakin qlobal şəkildə müharibə gözləmək məntiqdən kənar baxışdır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu