"Dəfələrlə demişəm ki, kino sistemimiz dağıdılır" - MÜSAHİBƏ

Hüseyn Mehdiyev: "Son günlər nazirlikdə gedən proseslərin fonunda, bu basa-basda  “Kino Şurasının” yaradılması bir daha kinematoqrafiya şöbəsinin səriştəsizliyinin təsdiqidir"

"Milli kinematoqrafiyamız o vaxt dayanıqlı inkişaf mərhələsinə qədəm qoyacaq ki, kino sistemi strukturlaşacaq və bəzi dağıdıcı qüvvələr üçün münbit şərait yaradan pərakəndəlikdən xilas olacaq"




Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb. Mədəniyyət Nazirliyinin məlumatına görə, Şura üç İşçi Qrupundan ibarətdir.

Birinci İşçi Qrupu müsabiqəyə təqdim ediləcək film layihəsinə daxil olan senari və sənədlər toplusunun maliyyə və hüquqi baxımdan texniki parametrlərə uyğunluğuna əsasən növbəti mərhələyə buraxılan layihə və ya layihələrin, ikinci İşçi Qrupu senarilərin bədii-kinematoqrafik keyfiyyətlərinə əsasən növbəti və son mərhələyə buraxılan layihə və ya layihələrin, üçüncü İşçi Qrupu isə senari və sənədlər toplusunun əvvəlki mərhələlərdə aldığı qiymətləri də nəzərə alaraq, çəkiləcək filmlərin prodüser və rejissorlarının iştirakı ilə keçirilən pitçinq prosesinin nəticələrinin müəyyən edilməsini həyata keçirəcək.
Şuranın sədri “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovdur. 

Şuranın tərkibində kino yaradıcılığı və istehsalı ilə bağlı mütəxəssislər, hüquqşünas, kino maliyyəçisi, KİV-in, müstəqil prodüser mərkəzlərinin, kino nümayişi müəssisələrinin nümayəndələri, dövlət studiyalarının rəhbərləri, kino-marketinq mütəxəssisləri, eləcə də müxtəlif sənət adamları təmsil olunur. 
Formalaşmış Kino Şurası kinematoqrafiya sahəsində əsaslı dəyişikliyə imza ata biləcəkmi, yoxsa, “sanbalı çox, faydası yox” şuralardan olacaq? 
Əməkdar incəsənət xadimi, kinorejissor və kinoprodüser Hüseyn Mehdiyev yeni yaradılan qurum barədə nə düşünür? Sualı ona ünvanladıq.     

- Hüseyn müəllim, Mədəniyyət Nazirliyində baş verən proseslərin fonunda birdən-birə nazirliyin tərkibində “Kino Şurası” yaradılır. Sizcə, bu qurumun yaradılması düzgün addım idimi?

- Mədəniyyət Nazirliyini tənqid eləmək dəb düşüb. İndi tənqid eləməyə nə var ki?!  Biz onların fəaliyyətini tənqid edəndə, bu gün tənqid edənlərin çoxu, onları tərifləyirdi... 2014-cü ildə Kinorejissorlar Gildiyasının İdarə Heyətinin qərarı ilə Azərbaycanda kinematoqrafiya sisteminin real vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə analitik qrup yaradılmışdı və qrupun məqsədi ölkəmizdə kino sistemində, dünya kinosunda gedən proseslərlə müqayisədə real vəziyyətini müəyyənləşdirmək idi. Qrup yarım il bu məsələni araşdırdı və nəticəsi çox acınacaqlı idi!  Analizin nəticələri ümumiləşdirilmiş formada, təkliflərlə birgə 2015-ci ildə mədəniyyət nazirinə göndərildi. Bu gün kinodakı ağır vəziyyətin təsviri eynilə o müraciətdə öz əksini tapmışdı. Nazirlik nəinki bu müraciətə baxmadı, araşdırmadı – hətta o məktuba heç reaksiya da vermədi!.. 

Şəxsən mən kino sisteminin günü-gündən tənəzzülə doğru sürükləndiyini dəfələrlə demişəm və hesab edirəm ki, son günlər nazirlikdə gedən proseslərin fonunda, bu basa-basda  “Kino Şurasının” yaradılması bir daha kinematoqrafiya şöbəsinin səriştəsizliyinin təsdiqidir. Kinorejissorlar Gildiyası Mədəniyyət Nazirliyinin bu qərarına “uğursuz qərar” kimi münasibətini bildirib.

- Hüseyn müəllim, amma Kino Şurasının yaradılmasını məhz Prezidentin sərəncamı ilə əlaqələndirirlər.

- Birincisi, qərarın istinad etdiyi Prezidentin məlum sərəncamında belə bir göstəriş yoxdur. Sərəncamda “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi göstərişi var. Artıq 1 il keçib. Kino ictimaiyyəti konsepsiyanı və onunla bağlı struktur dəyişiklikləri gözlədiyi ərəfədə, nazirliyin yanında çox iddialı adla və iddialı tərkiblə “Kino Şurası” yaradılır?!... Bu şura, həmin Konsepsiyanın balaca bir vinti ola bilərdi... İkincisi, bir “qurum” yaradılanda əvvəl onun əsasnaməsi, iş mexanizmi, qaydaları və s. yaradılıb müzakirə olunur və təsdiq olunduqdan sonra onun tərkibi müəyyənlşdirilir... Bunlar deyəsən tərsinə hərəkət edirlər! Müəmmalar çoxdur və bu da işin qeyri-peşəkar görülməsindən doğan nəticədir. 

- Elə isə Prezidentin Sərəncamına uyğun olaraq “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” hazırlanmasına və təqdim olunmasına sizcə nə mane olur?

- AR Prezidentin 1 mart 2019-cu il tarixli “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” yaradılması sərəncamı ilə bağlı Kinorejissorlar Gildiyası 29 may 2019-cu ildə AR Prezidentinə yolladığı “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası”nın layihəsini və onun qısa tezislərini sosial şəbəkələrdə ictimayyətin diqqətinə çatdırıb. Həmin konsepsiyada Mədəniyyət Nazirliyinin kinematoqrafiya ilə bağlı apardığı siyasət “İtirilmiş imkanlar”dövrü kimi səciyyələndirilir. Bu, faktiki olaraq nazirliyin kino şöbəsinin fəaliyyətinə etimadsızlıq göstərilməsi deməkdir. Belə olan halda, indiyə kimi kino sistemimizin dağıdılması ilə məşğul olan insanlardan nə gözləmək olardı ki?! İndi məlum olub ki, ortalıqda bir neçə Konsepsiya layihəsi var imiş, o cümlədən də Mədəniyyət Nazirliyinin və nə üçünsə onlar kino ictimaiyyətindən gizlədilirdi. Nə üçün, belə taleyüklü məsələ olan kinomuzun inkişaf konsepsiyası müzakirəyə çıxarılmırdı? Sonluğu da bilirsiz... ortalıqda heç bir konsepsiya yoxdur və konsepsiya əvəzinə alayarımçıq “Kino Şurası”...  Bu gün kino ictimaiyyətini narahat edən məsələ: Prezidentin 1 ildən artıq qəbul olunmuş Sərəncamın icra olunmaması – yəni “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası”nın qəbul olunmamasıdır.

- Doğrusu, belə vəziyyətdə, sual tapmaq da çətindir… Yenə də soruşum; Milli kinomuzun dirçəlişi nədən asılıdır? 

- Milli kinematoqrafiyamız o vaxt dayanıqlı inkişaf mərhələsinə qədəm qoyacaq ki, kino sistemi strukturlaşacaq və bəzi dağıdıcı qüvvələr üçün münbit şərait yaradan pərakəndəlikdən xilas olacaq. Onun birinci və əsas mexanizmi isə konsepsiyadır! Kim və nə üçün buna mane olur?! Kino sistemi mütləq strukturlaşmalıdır və Mədəniyyət Nazirliyindən ayrı bir qurum kimi fəaliyyət göstərməlidir. Hər hansı bir strukturlaşma isə əlaqələndirici funksiyası daşıyan vahid idarəçilik sistemi tələb edir. Belə forma, bir çox ölkələrdə, elə bizim qonşularımızda da mövcuddur. Ayrı qurum kimi isə ona görə ki, hər bir nazirlik, o cümlədən Mədəniyyət Nazirliyi, böyük bir bürokratik aparatdır... kinematoqrafiya isə operativlik, çeviklik və sərbəstlik tələb edir... Onu da deyim ki, Kinorejissorlar Gildiyasının İdarə Heyəti bir neçə gün öncə onlayn iclas keçirdi. İclasda ancaq bir məsələ idi, o da “yaranmış vəziyyətdə bizim kinomuzun gələcək taleyi necə həll olunacaq” sualı idi. Bununla bağlı iclas iştirakçıları indiyə qədər ölkə Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” ilə bağlı sərəncamının icra və bununla da onun inkişaf istiqamətlərinin müəyyən olunmaması ilə bağlı öz narahatçılıqlarını bir daha bildirdilər. 

- Deyirsiz, bir çox ölkələrdə kinematoqrafiya ayrıca qurum kimi fəaliyyət göstərir. Hansı ad altında? 

- Bir çox ölkələrdə “Milli Kino Mərkəz”ləri var. Bizdə bəziləri, belə bir qurumun yaradılmasını az qala kino istehsalı və nümayişi ilə məşğul olan şəxsi qurumların fəaliyyətinə qəsd kimi qələmə verməyə çalışırlar. Bu, absurd bir fikirdir. Çünki "milli kino" dedikdə - şəxsi və dövlət sektoru; məmurlar və sahibkarlar; müəllif və ifaçılar; inzibati, texniki və köməkçi işçiləri; istehsalçılar, menecerlər, destribyutorlar, prodüserlər və istifadəçilər; kinotənqidçilər, analitiklər, kinoşünaslar, ustad müəllimlər; cavan və yaşlı nəsil; istedadlılar və peşəkarlar və hətta istedadsızlar; “müstəqil” və “qeyri-müstəqil”, kommersiya və müəllif filmləri nəzərdə tutulur. Məhz bütün bu sadalananlar bir yerdə bizim MİLLİ KİNOMUZDUR. Və burda hər kəsin öz yeri və öz funksiyası var. Bu elementlərin hansınınsa olmaması və ya zəifləməsi, milli kinomuzun inkişafına mənfi təsir göstərəcək! Kimlərsə, çox mürəkkəb və çoxşaxəli struktura malik kino sistemimizi pərakəndə vəziyyətində saxlamağa çox maraqlıdır. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu