Təşvişə əsas yoxdur !- “Nə qida qıtlığı var, nə də dərman...”

“Həyat üçün vacib olan məsələlərdə-un, su və dərmanların tapılmasında problem yaranmır”


Ölkəmizdə karantin rejimi yenidən sərtləşdirilir. Şənbə və bazar günləri hərəkət tam məhdudlaşdırılacaq. Mağazaların, apteklərin, nəqliyyat vasitələrinin və digər müəssisələrin fəaliyyəti 2 günlük dayandırılacaq. Bütün bunlar isə əhalinin təşvişə düşməsinə səbəb olub.
Karantinin ilk zamanları da vətəndaşlar arasında narahatlıqlar var idi. Hətta mağazalara kütləvi axın baş alıb gedirdi. Hər kəs karantinin sərtləşməsi ilə əlaqədar olaraq ərzaq ehtiyatı görürdü. Çox güman ki, bu gün və sabah da eyni vəziyyət yaranacaq. Lakin bütün bunlar virusun daha çox yayılmasına şərait yarada bilər. 



Əhalinin təşvişə düşməsinin yersiz olduğunu deyən sosioloq Lalə Mehralı “Sherg.az”a açıqlamasında bildirib ki, karantinin elan edildiyi ilk günlərdə də mağazalarda sıxlıq müşahidə edilirdi. Lakin sonra bütün bunların boş təşviş olduğu anlaşıldı:

“Nə qida qıtlığı yarandı, nə dərmanların tapılmasında çətinlik çəkdik. Düzdür spirt və maskada işbazlar öz istədiklərini etdilər. Amma həyat üçün vacib olan məsələlərdə-un, su və dərmanların tapılmasında problem yaranmadı. Əhali lazım olandan da çox ərzaq və dərman depoladı. Ailələr tanıyıram ki, iki kisə un aldılar, hər kisə 50 kiloluq idi. Üzü yaya gedirik. Yayda unun saxlanma şəraiti necə olacaq? Çünki yayda un keyfiyyətini itirir, hətta zəhərlənmələrə səbəb ola bilər. Qidanın düzgün saxlanılmadığı şəraitdə insan həyatı təhlükədədir”. 

Sosioloqun sözlərinə görə, insanlara başa salmaq lazımdır ki, gərəyindən artıq ərzaq məmulatları almasınlar:

“O qədər də təhlükəli vəziyyət deyil ki, çoxlu sayda ərzaq depolasınlar. Məsələn, 2-3 günlük, ən çoxu 1 həftə 10 günlük ərzaq ehtiyatı görmək olar”.

L.Mehralının qənaətincə, ərzaq qıtlığından qorxan insanların əksəriyyəti orta və yaşlı nəslin nümayəndələridir:

“Məsələn, Qarabağ müharibəsi dövründən sonra 1990-cı illərin əvvəllərində ərzaq qıtlığı yaşandı. O vaxtı un tapılmırdı. Xatırlayıram ki, bahalı saatı, qolbağı olan analar onu 1 kisə una dəyişirdilər. Analar övladını ac qoymamaq üçün belə addıma atmağa məcbur oldular. Hansı ki, 10-15 kisə dəyərində qızılı 1 kisə unla dəyişirdilər. O dövrü yaşamışam, xatırlayıram ki, talonla çörək alırdıq. Ona görə də insanlar qorxurlar. Yaşlı və orta nəslin nümayəndələri ona görə çəkinirlər ki, birdən həmin dövrü yaşayarlar. Heç kim özünə görə narahat olmur. Hamı övladına, ailəsinə görə narahat olur”.

Təşvişin boşuna olduğunu diqqətə çatdıran L.Mehralı vurğulayıb ki, ölkəmizdə yetəri qədər qida ehtiyatı var:

“Üstəlik də sərhədlər bağlı olduğu üçün xarici ölkəyə mal çıxarmaq məhdudiyyətləri qoyulandan hamı yerli bazara axın edir. Ona görə bazarlarda, marketlərdə heç bir qıtlığın yaşanmayacğını bütün ekspertlər təsdiqləyir. Düzdür, işbazlar fürsətdən istifadə edərək bahalanmada öz hünərlərini sərgiləyirlər. Amma qida qıtlığı yaşanmayacaq. Ona görə də əhali boşuna təşvişə düşüb ərzaq depolamağa çalışır. Lakin bütün bunlar gərəksizdir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu