SƏRT TƏPKİ:“Hansı dövrdə yaşayırıq ki, qızı məcburən evləndirirlər?!”

“Bu, psixoloji təzyiqdir. Belə hallar cinayətin bir növü kimi qiymətləndirilir” 



Tələbə qız istəmədiyi adamla evlənməyə məcbur edildiyi üçün intihar edib. Hadisə dünən gecə saatlarında baş verib. İntihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü kurs tələbəsi olub.
ADPU-nun rektor müşaviri Ümid Mehdiyevbildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı:
“Heç bir kəsiri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Tələbə yoldaşlarının sözlərinə görə, istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün təəssüf ki, çıxış yolunu bu addımda görüb”.

Ailəsi tərəfindən psixoloji hətta fiziki şiddətə məruz qalan, istəmədiyi biri ilə evlənditilməyə məhkum olan gənc qızların sayı yetərincə çoxdur. Təəssüf ki, bəzən valideynlər övladlarını öz istədikləri kimi yönəlmətə çalışırlar. Amma bütün bunların nə kimi faciələrə yol açacağını düşünmürlər.

Baş verənlər dair fikirlərini “Sherg.az”la bölüşən “XXI Əsrin Qadınları İctimai Birliyi”nin sədri Mahirə Əmirhüseynova bildirib ki, intihar edən gənclərin sayının artması əsasən ailədə olan problemlərlə bağlıdır. Onun sözlərinə görə, ailədə təzyiqə məruz qalan uşaq və yaxud qadın birmənalı şəkildə neqativ hallarla üzləşir:



“Hansı dövrdə yaşayırıq ki, qızı məcburən istəmədiyi şəxslə evləndirirlər? İnsanın müəyyən yaş dövrləri var ki, həmin yaşda həssas pxioloji reaksiyalar ola bilər. Onsuz da indi hər birimiz çətin durumdayıq, pandemiya psixologiyamızda problemlər yaradıb. Həssas yaş qrupunda olduqda isə valideynlər övladlarına diqqətlə yanaşmalıdırlar. Yəni onların üzərinə getməməlidirlər. Təkcə ailə qurmaqda yox, digər məsələlərdə övladlarını nəyəsə məcbur etməməlidirlər”.

M.Əmirhüseynovanın fikrincə, belə hallarda bəzi valideynlər cəzalandırılsa, bəlkə, problem tam olmasa da, qismən həllini tapmış olacaq:

“Övladı intihar etmiş valideyn cəzalandırılmalıdır. Çünki validyen özü istədiyi kimi övladını yönəltmək istəyir. Amma başa düşmür ki, onun övladı artıq müstəqil həyata qədəm qoyub, öz fikirləri var. Bu, psixoloji təzyiqdir. Belə hallar cinayətin bir növü kimi gedir. Kiməsə psixoloji təzyiq göstərmək məişət zorakılığının bir növüdür”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu