"Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar?" - Varis Yolçiyev

 Qalmaqal deyəndə əsasən  şou-biznesin həmişə göz qabağında olan  simaları yada düşür, lakin  dövrün qələm əhli də  kənarda qalmır. Təbii ki, ədəbiyyat aləminində bu başqa adla deyilir - tənqid.

  Çox vaxt tənqidlərin sonu  sözlü davalara çevrilir. Ya yazıçılar, şairlər  səhvlərini qəbul etmək istəmir, ya da tənqid qarşı tərəfə düzgün formada  çatdırılmır.  İndi isə  son günlərin ən çox müzakirə olunan tənqidi yazısından danışacağıq.  Yazar Ayxan Ayvazın müəllifi olduğu “Rövşən Abdullaoğlu və digərləri”.    Bu yazı istər sosial şəbəkə istifadəçiləri, istərsə də qələm adamları arasında birmənalı qarşılanmayıb.  Ayxan Ayvazın sözlərini təsdiqləyənlərlə yanaşı, yazarları müdafiə edənlər də olub.   
 Bəs gəlin görək gənc publisistin  “Bulvar yazıçıları” adlandırdığı yazarların məsələyə  münasibəti necədir?

Tanınmış  yazıçı,  jurnalist   Varis Yolçiyev  “Sherg.az”a açıqlamasında,  yazının başlığını gördüyünü, lakin  oxumadığını söylədi:

“Ayxandır  da, qoy yazsın. Yazının adına xeyli güldüm, içərisinə heç baxmadım.  Ən çox kitabı satılan dörd  yazıçının qələmə aldıqlarını “bulvar  ədəbiyyatı” adlandırıb, oxucuları aşağılamaq nə deməkdir?.  Bu  dörd yazarın bulvar ədəbiyyatı ilə nə əlaqəsi var? Biri motivasiya ədəbiyyatı yazır, biri detektiv, biri dram və triller, o birisi də tineycer... Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar? Bu axı sifarişlə alınan şey deyil”.

Detektiv  yazarı Elxan Elatlı özü mövzu haqqında danışmasa da, köməkçisi İlahə xanım məsələyə belə münasibət  bildirdi:

“Elxan Elatlını bütün  Azərbaycan  sevərək oxuyur. Ayxan Ayvaz yazıb ki, oxuya bilmir, onda başqa əsər mütaliə etsin. Həm də oxumadığın əsərlər haqqında tənqid yazmaq düzgün deyil. Hamı öz işi ilə məşğul olsa, gözəl olar. Elxan müəllimin yazıya reaksiyasını soruşmamışam. Onu belə məsələlərlə narahat etmirəm, sadəcə yaradıcılığı ilə məşğuldur”.

Sözü gedən yazının baş qəhrəmanı Rövşən Abdullaoğlu ilə də əlaqə saxlamağa çalışdıq, ancaq köməkçisi dedi ki,  yazıçı  bu mövzu ilə bağlı  sualları cavablandırmaq istəmir.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu