“AŞ PA Azərbaycana qarşı qərəzli kampaniya aparır”


“Məqsəd ölkəmizi nəyəsə məcbur etmək və yaxud Azərbaycana nəyisə diqtə etməkdir”

“Lakin cənab Prezident onların cavabını dəfələrlə verib ki, Azərbaycan müstəqil siyasət yeridən dövlətdir və daxili işimizə heç kimin qarışmaq ixtiyarı yoxdur”













Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı mühüm məsələlərə toxundu. Ölkə başçısı qeyd edib ki indi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür:
“Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb”.
Prezident son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyinə də diqqət çəkib:

“Heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası (AŞPA) tamamilə nüfuzdan düşmüş bir quruma çevrilmişdir. Görünür AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. AŞPA-da son illər aparılan müzakirələr daha sönük keçməsi heç kəsə sirr deyildir. AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər”.



Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, Prezident Tərtərdə Dağlıq Qarabağla bağlı mühüm mesajlar verdi. 
Parlamentarinin sözlərinə görə, bu mesajlar işğalçı dövlətə qarşı yönəldilmiş xəbərdarlıq idi:

“İşğal altında olan bütün ərazilərimizi azad edəcəyik. Ola bilsin ki, bununla da kifayətlənməyib tarixi torpaqlarımızı da geri qaytara bilərik. Düşmən bunu dərk etməlidir. Dövlətimizin gücü və qüdrəti qarşısında düşmənin tab gətirməyə heç bir şansı yoxdur. Keçirilən seçki oyunlarına gəldikdə, bunlar tək Azərbaycan tərəfindən yox, dünyanın heç bir dövləti və beynəlxalq qurumu tərəfindən tanınmır. Bütün dövlətlər və beynəxalq təşkilatlar birmənalı olaraq bəyan edirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ona hörmətlə yanaşırıq.

Qarabağ Azərbaycan torpağıdır, ərazilərimiz işğaldan azad olmalıdır. Beynəlxalq qurumlar Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər. Ölkəmiz bu sahədə istənilən vaxt başlanacaq hərbi əməliyyatlar üçün kifayət qədər hüquqi baza yaradıb. Kifayət qədər hərbi, iqtisadi gücümüz var. Ölkə daxilində sabitlik və stabillik hökm sürür. Bunların hamısı birlikdə düşməni məhv etməyə və tarixi torpaqlarımız olan İrəvan xanlığına qədər gedib çıxmağa imkan yaradacaq”.

AŞPA-nın və Avropadakı digər beynəlxalq qurumların ermənipərəst sentarolarının fəaliyyətinə gəlincə, deputat bildirib ki, vaxtaşırı Azərbaycana qarşı belə kampaniyalar aparıblar:

“Amma bu günə qədər onlar heç nəyə nail olmayıblar. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən onlar ölkəmizə qarşı çirkin, şər-böhtan və hüquqi əsası olmayan kampaniyaları aparıblar. Gah AŞ PA, gah Avropa Parlamenti, gah da Avropadakı digər qurumlar ildə bir neçə dəfə başlayırlar.

Onlar özlərində baş verən və mövcud olan haqsızlıqlara, insan hüquqlarının və demokratiyanın pozulmasına, islamafobiyaya və başqa məslələrə göz yumub kar və kor olurlar.

Amma Azərbaycana qarşı məqsədli və qərəzli, heç bir əsası olmayan şər-böhtan kampaniyası aparırlar. Təbii ki, məqsəd Azərbaycanda nəsə əldə etmək, ölkəmizi nəyəsə məcbur etmək və yaxud Azərbaycana nəyisə diqtə etməkdir.

Lakin cənab Prezident onların cavabını dəfələrlə verib ki, Azərbaycan müstəqil siyasət yeridən dövlətdir və daxili işimizə heç kimin qarışmaq ixtiyarı yoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu