Həqiqətənmi Amerika dünyadakı mövqeyini itirir ? - TƏHLİL 



“COVİD-19 pandemiyası başlayan kimi bu xəstəliyin dünyada mövcud vəziyyəti kökündən dəyişəcəyi haqqında verilən proqnozlar özünü doğrultmaqdadır. Artıq birmənalı şəkildə bütün mütəxəssislər inanırlar ki, pandemiya bitdikdən sonra dünyada vəziyyət əvvəlkindən fərqli olacaq”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq qeyd edib ki, müasir tariximiz tariximiz  pandemiyaya qədər və ondan sonrakı dövrlərə bölünəcək. Dövlətlər bir anda gözlərini açıb özlərini yeni şəraitdə görəcəklər:

“Təbii ki, heç də mövcud dövlətlərin hamısı pandemiyadan məğlub çıxmayacaq. Yeni münasibətlər, güc mərkəzləri, koalisiyaların meydana gələcəyi şübhəsizdir”.

Ə.İbrahimov bildirib ki, son günlər ABŞ-da baş verən hadisələr deməyə əsas verir ki, ABŞ bu xəstəlikdən ən çox ziyan çəkmiş ölkə olacaq:

“Artıq bu supergücün siyasətindən yorulan və açıq –gizli ona qarşı düşmənçilik münasibəti bəsləyən ölkələr öz sevinclərini gizlətmirlər. Bu da təbiidir. 2-3 il bundan əvvəl Amerikanın zəifləyərək çoxqütblü dövlətlər cərgəsinə düşəcəyini təsəvvür belə etmək mümkün deyildi. Son hadisələr fonunda isə Amerikanın getdikcə daha çox xaosa bürünməsinin şahidi oluruq. İran, Çin, Rusiya, Türkiyə artıq yeni yaranacaq dünya düzənində rolları bölüşürlər”.

Politoloq qeyd edib ki, Amerikanın fəaliyyət məkanlarından biri olmuş Yaxın Şərq indi Rusiya, İran, Türkiyə və Çinin nəzarəti altına keçir:

“Amerikanın çəkilməsi nəticəsində yaranacaq boşluq bu dövlətlər tərəfindən doldurulacaq. İran daha geniş fəaliyyət dairəsi əldə edəcək, Rusiya yeni dövlətlər hesabına nüfuz sahəsini genişləndirəcək, Türkiyə Amerikanın həyata keçirməsinə imkan vermədiyi tədbirlərini sona çatdıracaq.
Belə şəraitdə Amerika ilə yanaşı onun Yaxın Şərq üzrə müttəfiqləri- İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ciddi ziyan çəkəcəklər.

Bu dövlətlər öz xarici siyasətlərində müvafiq dəyişiklik edərək Rusiya, İran, Türkiyə ilə yaxınlaşma mövqeyi tutmasalar onların movcudluğu təhlükə altına düşə bilər. Bəlkə də ABŞ virusdan Amerika qədər ziyan çəkməmiş Avropa ölkələrinin yardımı ilə sona qədər İsraili müdafiə edə, onu ərəb və müsəlman ölkələrinin qəzəbindən qoruya bilər. Bununla İsrailin bütövlüyü qorunsa da onun ərazilərini artırmaq istiqamətindəki ambisiyaları uzun müddətə dondurulacaq.

Amma Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi ümumərəb işinə xəyanət etmiş ölkələrin qisasdan yaxa qurtaracaqları asan görünmür. Bu ölkələr ABŞ-a arxalanaraq həmişə region ölkələrinə qarşı siyasət yeritmiş, zərurət yaranan zaman Fələstin məsələsinə gərəkən dəstəyi verməyiblər. Onlar hətta İsraillə gizli danışıqlara gedərək xəyanət missiyasını üzərlərinə götürüblər. Digər tərəfdən İran qarşılaşdığı bütün problemlərdə Amerika ilə yanaşı bu iki dövləti günahlandırır. COVİD-19 İranın qarşısında heç bir müharibənin aça bilmədiyi imkanlar açır. O, 1979-cu il  İslam İnqilabından bu vaxta qədər Amerika Birləşmiş Ştatları ilə qarşıdurmadan çəkdiyi ziyanın əvəzini məhz bu ölkələrdən çıxacaq.
İran və Səudiyyə Ərəbistanının regiondakı siyasətindən narazı olan digər müsəlman ölkələri iki müqəddəs məkanın idarə olunması məsələsini yenidən gündəmə gətirə bilərlər”.

Ə.İbrahimov bildirib ki, Türkiyənin regional dövlətdən qalxaraq daha böyük statusa nail olmaq uğrunda atdığı addımlar artıq nəticəsini verməkdədir:

“Liviyadakı uğurları, Kürd dövlətinin yaradılması istiqamətində aparılan işlərin dayandırılması Türkiyənin bu regionda daha da inkişaf edəcəyindən xəbər verir. Türkiyənin mövqeyinin daha da möhkəmlənməsi Suriya və İraqı parçalanmadan qoruyacaq və bu ölkələrdə vətəndaş müharibəsinin qarşısını alacaq.
Rusiya regiona daha fəal müdaxilə etməyə cəhd edərək yeni nüfuz dairələrinə sahib olacaq. Amma bu məsələdə o Türkiyə və İranı nəzərə almağa məcburdur. Çünki Rusiyanın bu günkü əziyyəti ona bu regionda təkbaşına oyun oynamağa imkan vermir”.

Analitik bildirib ki, 1989-cu ildə Sovet İttifaqı dağıldıqdan sonra ABŞ dünyada ən güclü qlobal hegemon dövlətə çevrildi və dünyanı təkbaşına-özü istəyi kim idarə etməyə başladı:

“O vaxtdan bu günə kimi Rusiya, Çin, Türkiyə, İran səbirsizliklə çoxqütblü dünyanın yaranacağı günü gözləyirlər. Bu dövlətlər Amerikanı tədricən buraxıb getdiyi mövqeləri tutmağa can atırlar. Bu dövlətlərin hər biri Amerikanın hegemon siyasətindən yetərincə əziyyət çəkiblər və bu gün ölkələrində baş verən çatışmazlıqların hamısını Amerikanın siyasəti ilə bağlayırlar”.

Politoloq gözlənilən məqamin yetişməkdə olduğunu vurğulayıb:

“COVİD-19 –un səbəb olduğu pandemiya nəticəsində Amerikada baş verən böhran və nümayişlər bu dövlətin qüvvəsinin gündən-günə azalmasına səbəb olur”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu