“Virus yoluxucudur və ətrafdakı hər kəsə bulaşa bilər” - Məsuliyyətli olaq !

“Belə bir şəraitdə dövlət öz vətəndaşlarının ziyan görməməsi üçün zəruri tədbirlər görür”

“Prezident özü də məhz buna görə diqqətli davranır, örnək olur, hər kəsi diqqətli davranmağa sövq etməyə çalışır”

“Amma insanlarımız yenə də məsuliyyətsizlik edirlər. Ona görə də məcburiyyət qarşısında daha sərt karantin qaydaları tətbiq edilməyə başlanılıb” 

  

Əfsuslar olsun ki, koronavirus pandemiyasının sərt üzü ilə qarşılaşdıq. Karantin rejiminin yumşaldılmasından sonra gündəlik yoluxma sayı 300-ü ötdü. Narahatedici məqam odur ki, dövlət tərəfindən zəruri addımlar atılsa da, bəzi vətəndaşlar məsuliyyətsiz davranır, tibbi vasitələrdən istifadə etmir, özlərini və yaxınlarını risk altında qoyurlar.

Nəticədə bütövlükdə cəmiyyət təhlükə qarşısanda qalır. Şəhərin küçələrinə göz gəzdirmək kifayətdir ki, xeyli insanın tibbi maskalardan ya ümumiyyətlə istifadə etmədiyini, ya da düzgün taxmadığını müşahidə edək. Əksər vətəndaş maskanı çənəsində, əlində, yaxud cibində gəzdirir. Hətta virusa yoluxma təhlükəsindən qoruyan maskaları özlərinə yaraşdırmayan insanlar da var.

Maraqlıdır, əgər dövlət başçısı İlham Əliyev də səfərləri və görüşləri zamanı tibbi-qoruyucu vasitədən istifadə edirsə, maska taxırsa, niyə vətəndaşlar bunu etmirlər, niyə ölkə rəhbərindən nümunə götürmürlər? Məsuliyyətsiz adamlar nəyə güvənərək öz həyatlarını və cəmiyyəti təhlükəyə atırlar? 

Son günlər müşahidə olunan mənzərini “Sherg.az”a dəyərləndirən siyasi ekspert, jurnalist Azər Həsrət bu cür insanlara heyrət etdiyini deyib. 
A.Həsrət bildirib ki, böyük əksəriyyət bu bəlanı ciddiyə almır, almaq istəmir: 

“Hətta bəzi cahil adamlar dəfələrlə mənimlə mübahisə ediblər ki, “virus yoxdur, yalandır” və s. Dünyada artıq milyonlarla insan bu xəstəliyə yoluxub, xəstəxanalarda yatır. Yüz minlərlə insan dünyasını dəyişib. Azərbaycanın özündə minlərlə insan virusa yoluxub. Yenə də bəzi vətəndaşlarımız deyirlər ki, “virus boş şeydir”. Gözləyirlər ki, şəxsən özləri xəstəliyə düçar olsunlar, başlarına gəlsin, ondan sonra inansınlar. Bu, məsuliyyətsizlikdir. Xəstəlik yoluxucu olmayasdı, o qədər narahat olmazdıq. Seçimi insanların öz öhdəsinə buraxardıq. Amma virus yoluxucudur və ətrafdakı hər kəsə bulaşa bilər. Belə bir şəraitdə dövlət öz vətəndaşlarının ziyan görməməsi üçün zəruri tədbirlər görür. Prezident özü də məhz buna görə diqqətli davranır, örnək olur, hər kəsi diqqətli davranmağa sövq etməyə çalışır. Amma insanlarımız təəssüflər olsun ki, yenə də məsuliyyətsizlik edirlər. Ona görə də məcburiyyət qarşısında daha sərt karantin qaydaları tətbiq edilməyə başlanılıb”. 

Ekspert vurğulayıb ki, insanlarımız öz məsuliyyətini tam anlayana qədər dövlət bu sərt tədbirlərini davam etdirməli olacaq: 

“Lakin dövlətin də resursları bir yerə qədər bəs edəcək. Heç kim düşünməsin ki, aylarla, illərlə evimizdə oturacağıq, dövlət də yeməyimizi, içməyimizi təmin edəcək. Elə şey yoxdur. Bir gün gələr ki, dövlət əlini vətəndaşın üzərindən çəkmək məcburiyyətində qalar. Çünki prosesin uzun müddət davam etməsi iqtisadiyyatı çökdürər, yeməyə çörək tapılmaz, ərzaq qıtlığı baş verər. Bütün bunlar isə bəzi məsuliyyətsiz vətəndaşların laqeydlikləri hesabına baş verə bilər. Özlərini, cəmiyyəti düşünməyən adamlar bizi pis vəziyyətə qoya bilərlər. Ona görə də şəxsən mən sərt tədbirlərin tərəfdarıyam. Cənab Prezidentin örnək davranışını hər kəs təqdir etməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu