“Avropa Şurası hansı ədalətdən danışa bilər ki?!” – Deputatdan sərt açıqlama 

"Bu qurumun Azərbaycanla qəbul etdiyi sənədlər mənim üçün bir kağız parçasından başqa bir şey deyil”

“Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür”



"Ölkəmiz 20 ildir ki, Avropa Şurasının tam və bərabərhüquqlu üzvüdür".

Bu barədə "Sherg.az"a millət vəkili Eldəniz Səlimov deyib.

Deputat bildirib ki, bu illər ərzində ölkəmiz tərəfindən Avropa Şurasının bütün strukturları, o cümlədən, Parlament Assambleyası ilə səmimi əməkdaşlıq niyyətləri ortaya qoyulub:

"Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın bu səmimi, konstruktiv əməkdaşlıq niyyətlərinin əksinə olaraq, adıçəkilən qrurum və onun təsisatları tərəfindən ölkəmizə, müstəqil dövlətimizə qarşı az qala düşmən mövqeyi sərgilənməkdədir. Bu təşkilat, xüsusilə, AŞPA ermənipərəst anti-Azəraycan dairələrin açıq  təsiri altındadır. Hər bir addımından, hər bir davranışdan bunu açıq-aşkar görmək olur. Bu təşkilat hər fürsətdə, hər məqamda ölkəmizə qarşı öz qərəzini, qısqanclığını nümayiş etdirir.

Azərbaycanın beynəlxalq nüfuzunun və imicinin ləkələnməsi üçün bütün addımları atır. İnsan hüquqlarının müdafiəsini təmin etməli olan bu qurum bugünədək işğalçı və təcüvüzkar Ermənistanın təxribatçılıq, antibəşəri addımlarına düz-əməlli qiymət verməyib. Ermənistanda hər gün demək olar ki, demokratik dəyərlər, insan hüquqları açıq-aşkar şəkildə tapdalanır. İnsanlar incidilir, qətlə yetirilir, amma AŞPA tərəfindən bir dəfə də olsun, onlara “gözün üstə qaşın var” deyilmir. Ancaq Azərbaycanda öz əlaltıları, nökərləri vasitəsi ilə ən xırda nüansı tapıb, şişirdib ölkəmizə qarşı olmazın böhtanlar, iftiralar yağdırır, çamurlar atır".

Parlament üzvü xatırladıb ki, bir neçə gün öncə işğalçı və təcavüzkar Ermənistanın dəstəklədiyi qondarma, separatçı "DQR" rejimi "seçki şousu" keçirdi:

"Sonra isə daha böyük təxribata imza ataraq, Şuşada "andiçmə mərasimi" maskaradı təşkil etdilər. Bütün beynəlxalq qurumlar həm  "seçki"ni, həm də Şuşa təxribatını açıq şəkildə qınadılar, pislədilər. Ancaq AŞPA-dan, Avropa Şurasının digər təsisatlarından səs-səmir çıxmadı. Bu, bir daha onların ermənipərəst mahiyyətini üzə çıxardı. Bu təxribatları pisləmək, qınamaq ilk növbədə onların bir nömrəli vəzifəsi idi. Amma bunu etmədilər, növbəti dəfə ədalətin yanında deyil, ədalətsizliyin, cinayətkarların yanında olduğunu göstərdilər".

E.Səlimov vurğulayıb ki, AŞPA-nın bu anti- Azərbaycan mövqeyinə isə əsl qiyməti növbəti dəfə ölkə Prezidenti cənab İlham Əliyev verdi:

"Prezident iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında geniş məzmunlu tarixi nitqi zamanı bunları bəyan etdi: "Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir.

Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər! Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır...".

Hesab edirəm ki, bundan obyektiv və düzgün qiymət verilə bilməz. Burada hər bir məqam çox dəqiqliklə, sərrastlıqla əksini tapıb. Odur ki, hər bir Azərbaycan vətəndaşı kimi, şəxsən mən də Avropa Şurasının, onun təsisatlarının antiAzərbaycan mövqeyini qəti şəkildə pisləyirəm. Bildirmək istəyirəm ki, nə edirlər-etsinlər, Azərbaycanı öz mövqeyindən, öz yolundan döndərə bilməyəcəklər. Azərbaycan onların istədiyi və arzuladığı "üçüncü dünya dövlətləri"ndən birinə çevrilməyəcək. Bu, mümkünsüzdür".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu