Komitə sədri: “Prezident koronavirusla bağlı bütün fəaliyyətində nümunə olub”

Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Ölkə başçısının tibbi maskadan istifadə etməsi bütün cəmiyyətimizə bir örnək oldu.

Ölkəmizdə pandemiyanın hökm sürdüyü bir zamanda əhali arasında laqeydlik, məsuliyyətsizlik var. İnsanlar sosial izolyasiya qaydalarına əməl etmirlər. Bunun nəticəsidir ki, son günlər virusa yoluxanların sayında kəskin artımlar müşahidə edilir. Cənab Prezidentin maskadan istifadəsi isə bütün xalqımıza nümunə oldu.

Cənab Prezidentin maskadan istifadə etməsinin cəmiyyət üçün bir mesaj olduğunu deyən  Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev “Sherg.az”a bildirib ki, koronavirusla mübarizədə dövlətlə vətəndaşın mövqeyi üst-üstə düşürsə, qısa müddətdə uğur əldə etmək olar. Deputat bildirib ki, cənab Prezident koronavirusla bağlı bütün fəaliyyətində cəmiyyətimiz üçün bir nümunə olub:

“Ölkə başçısı və Birinci Vitse-Prezident Mehriban Əliyeva dəfələrlə vətəndaşlarımıza müraciət edərək virusdan qorunmaq tədbirləri haqqında məlumat veriblər. Bu tədbirlər-maska taxmaq, sosial izolyasiya və məsafə tədbirlərinə əməl etməkdir. Ölkə başçısının göstərişi ilə koronavirusla bağlı bir çox tədirlər həyata keçirilib. Koronavirusla Mübarizə Fondu yarandı və Prezident öz ehtiyat fondundan ora 20 milyon manat pul ayırdı”.

M.Quliyev bildirib ki, ölkə başçısı karantin qaydalarına riayət edirsə, deməli bütün vətəndaşlar da qaydalara əməl etməlidi:

“Ötən günlərin təcrübəsi göstərir ki, cəmiyyət Operativ Qərargahın göstərişlərinə ciddi əməl etdikdə, yaxşı nəticələr əldə olunur. Mart ayının sonundan və aprelin sonuna qədər 1 ay müddətində vətəndaşlar ciddi karantin rejiminə əməl etdilər. Bu zaman yoluxmaların sayı 20-30-a enmişdi. Təəssüf ki, aprelin sonunda karantinlə bağlı yumuşalma olanda vəziyyət yenidən ciddiləşdi. Son iki həftədə yoluxmada ciddi artım müşahidə olunur. Bunun da başlıca səbəbi vətəndaşların virusla mübarizə tədbirlərinə biganə yanaşmalarıdır”. 

Parlamentari çox təhlükəli vəziyyətin olduğunu da diqqətə çatdırıb:

“Artıq reanimasiyalarda yerlər kifayət qədər doludur. Ola bilsin ki, bir müddət sonra ağır xəstələri yerləşdirməyə imkan olmasın. Digər problem odur ki, tibb personalı da insandır, uzun müddət psixoloji-fiziki formada bu işin ağır gərginliyi altında yorulurlar. Onların da səhhətində problemlər yarana bilir. Bu zaman işin keyfiyyətinin aşağı düşmə ehtimalı yüksəkdir.

Klinkalarda yerlərin azlığı, süni tənəffüs aparatlarının çatışmaması da problemlərdən biri ola bilər. Beləliklə ciddi fəsadların yaranması mümkündür. Vətəndaşlarımız gərək bunları başa düşsünlər. Hesab edirəm ki, hər bir vətəndaş həm özü və yaxınları, həm də cəmiyyət qarşısında məsuliyyətini dərk etməlidir. Bizdən böyük və çətin vəzifə tələb olunmur. Sadəcə karantin rejiminə əməl etmək, ehtiyac olmadığı halda evdən çölə çıxmamaq və maska, əlcək, digər qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Hamımız birlikdə bu bəlayla mübarizə aparıb qalib gələ bilərik. Cənab Prezidentin söylədiyi kimi “biz bir yerdə güclüyük”. Hərəmiz bir tərəfə çəkilsək, onda böyük məğlubiyyət qarşısında qalmış olarıq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu