Bədbəxt hadisələrin sayı çoxalıb: "Elementar görünən məqamlara həssas yanaşmaq lazımdır”

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə Əcəmi Naxçıvani küçəsində yerləşən 18 mərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınıb. 
Yanğının səbəbi 7-8 yaşlı uşaq olub. Belə ki, valideyn mağazaya düşdüyü üçün azyaşlı mənzildə tək qalıb. Nəticədə uşaq alışqanla yaşadığı mənzilin pərdəsini yandırıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğınsöndürənlər yanğını söndürüblər.

 Valideyn məsuliyyətsizliyi göz qabağındadır. Axı mağazadan alınacaq hansı məhsul uşağın təhlükəsizliyindən vacib ola bilər?! Digər tərəfdən isə ərzaq zərurətini də nəzərə almaq lazımdır. Deməli, valideyn ya övladı ilə birlikdə evdən çölə çıxmalı, ya da onu kiməsə tapşırmalı idi. 
 
   Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də bu barədə "Sherg.az"a danışarkən bildirib ki, uşağı nəzarətsiz saxlamaq olmaz:

"Təhlükə təkcə yanğının törədilməsində deyil. Başqa bir istənilən maraq da bədbəxt hadisələrlə nəticələnə bilər. Azyaşlının özünü müdafiə etmək iqtidarında olmadığını nəzərə almaq lazımdır. O, yanğın törətməklə bərabər, həm də masanı, stulu üzərinə aşıra, məhəccərdən yıxıla, müxtəlif avadanlıqlarla özünə xəsarət yetirə bilər. Alışqan, kibrit və sair kimi təhlükəli əşyalar uşaqlar üçün əlçatan olmamalıdır. Əslində uşağı mətbəxdən mümkün qədər uzaq tutmaq lazımdır. Çünki evin bu hissəsində təhlükə daha çoxdur. Yəni analoji halların baş verməməsi üçün ilk növbədə şərait yaradılmamalıdır. Şərait yaradılsa, hadisə də olacaq".

E.Nurəliyevin fikrincə, elektrik yükünə də nəzarət etmək lazımdır:

"İndi hər evdə onlarca texniki avadanlıq, o cümlədən bir neçə televizor, kompüter, qabyuyan, paltaryuyan maşınlar var. 10-15 il əvvəl belə deyildi. Çəkilən kabel xətləri elektrik yükünə tab gətirə bilirdi. Ancaq dövr dəyişdikcə, kabel xətləri yenilənmədi. Son vaxtlar qısa qapanmaların tez- tez olmasının əsas səbəbi də kabel xətlərinin elektrik yüklənməsinə tab gətirə bilməməsidir. Bu səbəbdən də müntəzəm olaraq həmin xətlər yoxlanılmalı, istismar müddətinə nəzarət edilməlidir".

 Ekspert, həmçinin vurğulayıb ki, adi bir diqqətsizlik, məsuliyyətsizlik bədbəxt hadisə ilə nəticələnə bilər:

"Bəzən məhəccərdə siqaret çəkir, kötüyü aşağı atırlar. Əlbəttə, bu, real təhlükədir. Hətta məhəccərdə kabab bişirənlər də var. Deməyim odur ki, elementar görünən məqamlara belə, həssas yanaşmaq lazımdır. Həmçinin tikinti materiallarını diqqətlə seçmək əsas şərtdir. Hər tikinti şirkətinə etibar etmək olmaz. Çünki ucuz və keyfiyyətsiz materiallardan istifadə edənlər də az deyil. Ümumiyyətlə, mənzillərdəki təhlükəsizlik tədbirləri kompleks yanaşma tələb edir".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu