Maskanı çənənin altına keçirmək daha TƏHLÜKƏLİDİR

Küçə, supermarket və iri ticarət mərkəzlərində tibbi maskasız gəzənlər və çox vaxt maskanı çənəsinin altında saxlayanlara tez-tez rast gəlirik. Belələri unudurlar ki, maska çənənin altında saxlamaq üçün deyil. Həkim kimi onu demək istəyirəm ki, ağız boşluğundan başqa burun boşluğu da var. Maska ilə təkcə ağız boşluğu deyil, burun boşluğu da örtülməlidir.

e-tibb.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib. Onun sözlərinə görə, yalnız ağız boşluğunun örtülməsi tibbi cəhətdən heç bir fayda vermir, çünki burun vasitəsilə də nəfəs alınıb-verilir: "Təəssüf ki, karantin tədbirləri yumşaldılandan sonra əhali arasında bundan sui-istifadə halları yarandı. Kim necə gəldi, o cür də hərəkət etdi".

Epidemioloq bildirib ki, virus kimdənsə nəsə soruşmur, təbiətdə dövr edir. Yaxın olduqda yoluxma ehtimalı daha çox olur. Lakin karantin rejimi yumşaldılandan sonra nə sosial məsafə gözlənildi, nə də maskadan istifadə edildi. Bəzi saytlar, informasiya mənbələri, bəzi şəxslər əhalidə çaşqınlıq yaradan xəbərlər yaydılar. İnfeksion xəstəliklərdə sağlam virus gəzdirənlər var, bunu əhaliyə tibbi dildə tədris etmək lazım deyil. Bunu həkimlər bilirlər:

“Pandemiyanın ilk günlərində Prezident İlham Əliyevin ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün gördüyü preventiv tədbirlər nəticəsində xalqımız milli həmrəylik nümayiş etdirdi. Nəticədə yoluxma və ölüm sayı çox az oldu. Lakin karantin tədbirləri yumşaldılandan sonra əhalinin gigiyenik tələblərə əməl etməməsi nəticəsində yoluxma sayında yenidən artım baş verdi. Virus kimə yoluxub-yoluxmamaq məsələsini heç kimdən soruşmur və məqam düşəndə mütləq ona yoluxma baş verir. Əlli ildən artıq bu sahədə tədrislə məşğul olan təcrübəli bir mütəxəssis kimi əhalini həkimlərin göstəriş və tövsiyələrinə mütləq əməl etməyə çağırıram. Nə dövlətin, nə də tibbi qurumların hər evə bir tibb bacısı, bir həkim və bir polis işçisi qoyub ona nəzarət etmək imkanı yoxdur. Nəzarət hər kəsin özündən asılıdır. Xəstəlikdən uzaq durmaq hər kəsin öz əlindədir. Necə deyərlər, hər kəs özü-özünün həkimi olmağa çalışmalıdır.

Dövlət iqtisadi cəhətdən müəyyən itkilərə gedir və əhalinin sağlamlığını iqtisadi itkilərdən üstün tutur. Biz həkimlər də arzu edirik ki, yeni tikilmiş və ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş müalicə müəssisələri qeyri-infeksion xəstəliklərin müalicəsi üçün istifadə olunsun”.

Baş epidemioloq onu da deyib ki, maska taxmaq heç bir çətinlik törətmir. Onu çənəsinin altına keçirənlərin xəstələnmə ehtimalı maska taxanlarla müqayisədə daha çoxdur: "Küçədə, marketdə, ictimai yerlərdə təkəbbürlülük edərək maska taxmayanlar infeksiyaya yoluxandan sonra xəstəxana palatalarında, reanimasiya şöbələrində sağlamlıq problemləri ilə üzləşəndə, nəfəs almaqda çətinlik çəkəndə böyük peşmançılıq hissləri keçirilər. Əlbəttə ki, onda artıq gec olur".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu