"Quru öskürək, əzələ ağrıları, halsızlıq başladı"- Koronaya yoluxan həkim "Şərq"ə danışdı


Artıq heç kimə sirr deyil ki, koronavirus pandemiyası ilə mübarizədə ön cəbhədə vuruşanlar, bizi qoruyanlar, təhlükəsizliyimizi təmin etməyə çalışanlar məhz həkimlərdir. Bu səbəbdən onlar xüsusi risk qrupuna aiddirlər.

Axı gün ərzində onlarca xəstə ilə təmasda olur, başqalarının- çox vaxt heç tanımadıqları, bir dəfə belə olsun üzünü görmədikləri adamların sağlamlığı naminə öz həyatlarını təhlükəyə atırlar.

  Odur ki, dünyada olduğu kimi, Azərbaycanda da koronavirusun qurbanlarına çevrilənlər arasında xeyli sayda həkimin olması təsadüfi deyil. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi, pulmonoloq Günay Əliyeva da gözəgörünməz və arzuolunmaz düşmənlə üz- üzə gəlib. İndi o, virusla mübarizə aparır.

    Bununla bağlı "Sherg.az"a danışan həkim son aylar gecə- gündüz bilmədən çalışdığını dedi:

"Üç aya yaxındır ki, pandemiya xəstəxanasında işləyirəm, Mərkəzi Neftçilər Xəstəxanasına ezam olunmuşam. Son iki həftə çox ciddi işlədim. Orqanizm yorulurdu. Bir müddətdən sonra quru öskürək, əzələ ağrıları, halsızlıq başladı. Nazofarengeal yaxma yolu ilə analiz verdim. Və testin nəticəsi müsbət oldu. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alıram". 
    
Həkim əhaliyə çağırış etdi, insanları diqqətli olmağa çağırdı: "Xəstəliyi biz idarə edək. Əgər fərdi izolyasiyaya uyğun davransaq, 15-20 gün ərzində yoluxma sayı xeyli azalar. Xəstəliyin əlamətlərini hiss edən kimi həkimlərə müraciət etmək, Təcili tibbi yardım çağırmaq lazımdır. Bütün simptomlar eyni vaxtda özünü göstərməyə bilər. Bir neçə əlamət varsa, artıq tədbir görmək lazımdır. Xəstəliyə  nə qədər tez reaksiya verib, müalicəyə başlasaq, ona bir o qədər tez qalib gələrik".