Natiq Cəfərli: "Karantin qaydaları yumşaldılmalıdır, amma hər kəs maskadan istifadə etməlidir"


Karantin qaydaları yenidən sərtləşdirildikdən sonra qəribə bir mənzərə yarandı. Belə ki, şənbə, bazar  günləri heç kimə evdən çölə çıxmağa icazə verilmədiyinə görə, insanlar ərzaq tədarükünü həftə içi görməyə başladılar. Xüsusilə çörək ehtiyacının əvvəlcədən təşkil edilməsi bildirilsə də, bu, olmadı. Nəticə də çörək sayla satıldı, vətəndaşlar arasında mübahisələr yarandı. Çörəyi başqasının əlindən alan kimi, səhər tezdən oyanıb növbədə dayanan kim...Bəs bunun qarşısını necə almaq lazımdır?

İqtisadçı- ekspert Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirdi ki, tədarükün görülməsi çıxış yolu deyil:

"Şəxsən mən karantin qaydalarının bu qədər sərtləşdirilməsini düzgün hesab etmirəm. Böyük ticarət mərkəzləri, mağazalar bağlansın. Amma niyə insanlara çölə çıxmağa icazə verilmir? Təbabət də təsdiqləyir ki, immunitetin güclənməsi üçün açıq hava, D vitamini şərtdir. Odur ki, bu cür radikal qaydalar aradan qalxsa nə ajiotaj yaranar, nə də narazılıq". 

 N. Cəfərlinin fikrincə, son günlər baş verən hadisələrdən nəticə çıxarmaq lazımdır:

"Bu, göstərdi ki, insanları zorla evdə saxlamaq olmaz. Nə qədər tədarük görülür görülsün, insanlar evdə qalmağa öyrəşiblər. Axı isti havada əhalinin çölə çıxmasına icazə verməmək nə qədər doğrudur?! Bu, həm səhhətə, həm də psixologiyaya ziyandır. Odur ki, yeganə çıxışı yolu karantin qaydalarının  yumşaldılmasıdır. İnsanlar tibbi maskadan, əlcəkdən istifadə etsinlər, amma özlərini həbsdə imiş kimi hiss etməsinlər".
 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu