Psixoloqdan sərt tənqid: “Televiziya kanallarımız da “Tik-Tok”dan çox fərqlənmir”

Son zamanlar “Tik Tok” sosial şəbəkəsindən istifadə edənlərin sayı durmadan artır. Lakin bu qısa video paylaşım şəbəkəsi haqqında fikirlər müsbət deyil.
Hazırda ölkəmizdə “Tik Tok” platformasından istifadə edən kifayət qədər istifadəçi var. Onlar arasında xüsusilə gənclər çoxluq təşkil edir. Şəbəkədə açıq-saçıq video görüntülərin də yayılması istisna olunmur.

Özündə heç bir intellektuallığı əks etdirməyən bu şəbəkə heç də pozitiv hadisələrdən xəbər vermir. Gənc oğlanların və qızların biədəb video paylaşması kimi hallara rast gəlinir. 

Psixoloq Azad İsazadə “Sherg.az”a açıqlamasında bildirib ki, “Tik Tok” sosial şəbəkəsi yüksək səviyyəli sosial şəbəkə olmasa da, ondan istifadə etmək hər kəsin şəxsi işidir:

“ “Tik-Tok”dan istifadə etmirəm. Amma kimsə mənə oradan gülməli videolar göndərir. Bəzən onlar şit, bəzən gülməli olur, bəzən isə heç baxmaq da istəmirəm. Gənclərə təsirinə gəldikdə isə, “Tik-Tok”dan çoxlu sayda istifadə reallıqdır. Başa düşməliyik ki, sosial şəbəkə bu günün reallığıdır və hər kəs öz mədəniyyətinə, tərbiyəsinə görə hansısa saytlara girir, hansısa şəbəkələrdən istifadə edir”.

Psixoloq qeyd edib ki, televiziya kanallarımız da “Tik-Tok”dan çox fərqlənmir:

“Televiziya kanallarına baxanlar da var, baxmayanlar da. Virtual həyat günümüzün reallığıdır. Əsas məsələ əhalinin zövqünü, mədəniyyət səviyyəsini artırmaqdır. Amma nəyə baxıb, nəyə baxmamaq hər kəsin öz seçimidir.  Yeniyetmələrə valideyn nəzarət etməlidir. Valideyn övladının hansı saytlara və sosial şəbəkələrə girdiyini bilməlidir. Amma uşaqlara qadağa qoymaq olmaz. Onlara izah etməliyik ki, niyə bu sosial şəbəkə və ya sayt sənin üçün məsləhət deyil. “Tik-Tok”u nə qadağa etmək, nə də bağlamaq mümkündür. İstənilən şəxs istədiyi sayt ya da sosial şəbəkəyə daxil ola bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu