“Sosial məsafənin saxlanması və qoruyucu maskalardan istifadə zəruridir”

“Maskadan düzgün istifadə, sosial  məsafə və əllərin yuyulması qaydalarına əməl edənlər özlərini pandemiyadan qoruyan şəxsdir”

“Əks halda yoluxma sayı artacaq və vəziyyət daha da gərginəşəcək"



Hazırkı mərhələdə beynəlxalq təcrübə, ayrı-ayrı ölkələrin nümunəsi göstərir ki, koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Milli və qlobal səylərə rəğmən, dünya miqyasında bu virusun qarşısının alınmasına nail olunmayıb. ÜST-ün yaydığı cari və operativ məlumatlara nəzər saldıqda görürük ki, bir sutkada dünyada COVID-19-a yoluxma sayı 130 mindən çox olmaqdadır. Pandemiya qurbanlarının ümumi sayı isə artıq 400 mini ötüb. 

Ölkəmizdə isə xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır. 



Azərbaycanda koronavirusa yoluxanların sayının  getdikcə rekord həddə yüksəlməsindən böyük  təəssüf hissi ilə bəhs edən terapevt-hepatoloq Sevindik Arazov “Sherg.az”a virusun bu qədər sürətlə yayılması və yoluxma faktlarının artması əhalinin karantin qaydalarına riayət etməməsi ilə birbaşa əlaqəli olduğunu deyib: 

"Eyni zamanda əvvəlki aylarla müqayisədə test müayinələrinin sayının artması, çarter reyslər vasitəsilə xaricdə qalan azərbaycanlıların böyük əksəriyyətinin Vətənə qayıtması nəticəsində yeni yoluxma faktları yüzlərlədir".

Mövcud situasiyada yoluxmaların qarşısını almağın  mümkün olmadığını vurğulayan həkimin sözlərinə görə, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində biz ancaq yoluxma sürətini ağaşı sala bilərik:

 "İnsanların böyük əksəriyyəti qorunma qaydalarına tam riayət etmir. Hava-damcı yolu ilə yayılmanın qarşısını almaq üçün ilk növbədə sosial məsafənin saxlanması, qoruyucu maskalardan istifadə etmək zəruridir. Maskadan düzgün  istifadə, sosial  məsafə və əllərin yuyulması qaydalarına əməl edən hər kəs özünü koronavirus pandemiyasından qoruyan şəxsdir. Əks halda yoluxma sayı artacaq və vəziyyət daha da gərginəşəcək".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu