Kabab yanar dam üstündə, virus gəzər adam əlində

Qaydalara əməl etməyən qaydasızlar sərt cəzalanmalıdır


Paytaxtın Nizami rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.  Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Rüstəm Rüstəmov küçəsi 13 ünvanında yerləşən yataqxananın damında kabab bişirən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. 
Binəqədi RPİ 6-cı  PB əməkdaşları isə rayonun Qabil Süleymanov küçəsində yerləşən "Xəzri” yataqxanasının damında domino oynayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüb. 

 Hər iki faktla bağlı  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub. 

Sözügedən qayda pozuntuları və vətəndaş məsuliyyətsizliyi ilə bağlı "Şərq"ə açıqlama verən "Altay" Sosial İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri  Elçin Baramlının sözlərinə görə, dövlət tərəfindən qərar verilibsə, vətəndaşlar bu qərara hörmətlə yanaşmalı və qoyulmuş qaydalara riayət etməlidirlər:

"Virusun yayılmasının qarşısını almaq üçün bu, yeganə variantdır. Düşünürəm ki, uzunmüddətli  sərt karantin qaydalarındansa, belə tədbirlər daha  yaxşıdır. Yəni, iş yerlərini birdəfəlik  dayandırmaq əvəzinə  bizdən tələb olunan şəxsi gigiyena, fiziki məsafə qaydalarına riayət etməklə  koronavirusa qarşı mübarizə aparmaq daha effektiv variantdır.  İki  gün  evdə oturmaq  elə də ciddi problem  deyil.  Əgər bu gün bunu etməsək,  yoluxma sayı kəskin artacaq və dövlət yenidən sərt karantin rejiminə qayıtmaq haqda qərar verməyə məcbur olacaq".

E.Bayramlının müşahidələrinə əsasən  vətəndaşların 90 faizindən çoxu bu tədbirlərin mahiyyətini başa düşdü və qaydaları pozmadı. Ekspert hesab edir ki,  həftə sonu  hərəkətin tam məhdudlaşdırılması ilə bağlı qaydaları pozan vətəndaşlar birmənalı olaraq cəzalandırılmalıdır:

"Qayda varsa, bu hamıya aiddir. Mən də hamı kimi  iki gün evdə oldum. Bu müddət ərzində vaxtımı dəyərləndirib maraqlı kitablar oxudum, kinolara baxdım və s. Demək ki, evdə qalmaq  heç də faciəvi hal  deyil. Faciə yoluxmanın sürətlə artması və bütün əhalinin xəstələnməsidir ki, bunun öhdəsindən dünyanın heç bir dövləti gələ bilməz. Virusun yayılmasının qarşısını almağın konkret yolları və metodları var. Bütün dövlətlər kimi bizim dövlət də bu metodlardan istifadə edir. Bir az səbrli və dözümlü olmaq lazımdır. Bu, müvəqqəti problemdir. Bundan ağır vəziyyətlər də var. Hesab edirəm ki, bu virusla mübarizədə hər şey əhalidən asılıdır. Biz əvvəl bir suala cavab verməliyik - bu pandemiyanın başa çatmasını istəyirikmi? İstəyiriksə qoyulmuş qaydalara riayət etməliyik. Bunun başqa yolu yoxdur".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu