SOS: “Koronaviruslu xəstələrin evdə müalicə olunması ölüm sayını artıra bilər"

“Yoluxma sayı artmağa davam etsə, Operativ Qərargah qaydaları  sərtləşdirmək məcburiyyətində qalacaq”

“Əks təqdirdə,  say daha da artacaq və xəstəxanalarda yer qalmayacaq”  



Pandemiyaya qarşı mübarizə çərçivəsində sosial distansiyanın gözlənilməsi, maskalardan düzgün istifadə və şəxsi gigiyenik qaydalara əməl olunması ölkəmizdə prioritet mövzuya çevrilib. 
 Düzdür, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan lap əvvəldən  önləyici tədbirlər almaqla çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib. Lakin  xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. 

Həkimlər və səlahiyyətli şəxslər isə hesab edir ki, bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Yəni hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır. 

TƏBİB-in İşçi Qrupunun rəhbəri, həkim- infeksionist  Vasif Əliyevin sözlərinə görə, yoluxmanın digər  səbəbi də artıq virus daşıyıcı olan insanların  xəstəliyi gizlətməsi ilə bağlıdır.  Özündə infeksiya əlamətlərini hiss edən vətəndaşlar  bunu həkimlərdən və yaxınlarından gizlətdikləri üçün yoluxma  sayı kəskin artdı.

Artıq koronavirus xəstələri üçün ayrılan tibb müəssisələrində  boş yerlərin qalmadığını vurğulayan V.Əliyev deyib ki, COVİD 19-un  yoluxma sürətini və insanların mütəxəssislərin çağırışlarına lazımi cavab verməməsi fonunda  bu günə qədər həyata keçirilən mübarizə tədbirləri  bu virusun yayılmasının qarşısını almağa imkan vermədi. Xəstəliyin artması bilavasitə  insanların real təhlükəyə inamsızlığı ilə bağlıdır. 

Karantinin sərtləşdirilməsində TƏBİB-in, nə də Operativ  Qərargahın  maraqlı olduğunu vurğulayan infeksionist   hesab edir ki, bu tədbirlərə əl atmamaq üçün tərəfimizdən mütəmadi olaraq vətəndaşlara vəziyyətin ciddiliyinə dair tövsiyyə xarakterli xəbərdarlıqlar edilir: 

"Lakin vətəndaşlar nəinki bu tövsiyyələrə heç qaydalara əməl edilməyəcəyi təqdirdə karantinin sərtləşdiriləcəyi ilə bağlı xəbərdarlıqlara belə əhəmiyyət vermir.  Çox təəssüflər olsun ki, insanlarımız pandemiyanın real olduğuna ancaq  özləri və yaxınları  koronavirusa yoluxduğu zaman inanırlar.  Bu zaman da artıq  çox gec olur". 

Həftəsonu izolyasiyasına diqqət çəkən həkim deyib ki, böyük şəhərlərdə  hərəkətin tam məhdudlaşdırılması özünün müsbət nəticəsini mütləq   göstərəcəkdir:

"Təbii ki, burada əhalinin  karantin tədbirlərinə  nə dərəcədə riayət etməsi də  mühüm faktordur:  "Biz karantin qaydalarının yumşalması ilə bağlı qərarları müzakirə edərkən insanların tələb olunan  qaydalara əməl edəcəklərinə inanırdıq.

Lakin gözləntilərimiz özünü  doğrultmadı.   İnsanlarımız sanki pandemiya təhlükəsi bitibmiş kimi sosial izolyasiya qaydalarına riayət etməyi dayandırdı. Görünür, yumşalma prosesini çox ləng aparmalı, sərt qaydaların əksəriyyətini  qüvvədə saxlamaq lazım imiş. 

Əgər yoluxma sayı bu həddə artmağa davam etsə Operativ Qərargah  karantin qaydalarını  sərtləşdirmək məcburiyyətində qala bilər. Əks təqdirdə,  say daha da artacaq və xəstəxanalarda yer qalmayacaq.  Koronaviruslu xəstələrin  evdə müalicə olunmaq məcburiyyətində qalması isə COVID-19-dan ölümlərin artmasına gətirib çıxara bilər".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu