"Bələdiyyələrə üstünlük verilsəydi, karantin günlərində polisə, Operativ Qərargaha dəstək olardılar" - Vüqar Tofiqli

"Hansısa vətəndaşa çörəyi, dərmanı polis yox, bələdiyyə işçisi çatdırardı, polisin də yükü azalardı"

 Koronavirusla mübarizədə əksər dövlətlər kiüçəyə çıxmaq qadağasından istifadə etdi. Qardaş Türkiyədə həftə sonları “evdə qal” tələbi uzun müddət qüvvədə qaldı. Azərbaycan hökuməti isə həftə sonları qadağasına yoluxma sayında artım müşahidə edildikdə qərar verdi. Bəzən, “niyə məhz həftə sonları?

Koronavirus yalnız şənbə, bazar günləri “küçəyə çıxır?!” kimi yarızarafat, bəlkə də yarıgerçək fikirlər səslənir. Məlumdur ki, küçəyə çıxmaq qadağasının həftə sonları elan edilməsi əhalinin böyük əksəriyyətinin məhz istirahət günlərində alış-verişə, bazara, iaşə obyektlərinə, ya da sadəcə gəzintiyə çıxmaları ilə bağlıdır. Bu, rallıqdır və bütün dünyada belədir. Həftə içi, iş günlərində kim bazar-dükana gedir, istirahət üçün məkanlar seçir, gəzintiyə çıxır?! Bu mənada Operativ Qərargahın həftə sonu qadağası normal qarşılanmalıdır. Sadəcə, normal görünməyən başqa məsələlər var ki, onların həlli vacibdir. Məsələn, 2 günlük küçəyə çıxmaq qadağası müddətində gözlənilməz, planlaşdırılmamış hadislərlə üzləşən ailələr oldu. Kimisinin ərzağı – çörəyi bitdi, polisə müraciət etdi, polis əməkdaşları yardım göstərdilər, “20-ci sahə”də yaranmış su qıtlığını yenə polis aradan qaldırdı, kiminsə zəruri dərman preparatını alıb ünvana təslim etmək yenə polisin öhdəsinə düşdü. Bəs hardadır, yerli icra orqanları, yerli özünüidarəetmə orqanları – bələdiyyələr? Halbuki karantin günlərində, eləcə də sərtləşdirilmiş xüsusi karantin qaydaları zamanı məhz yerli icra orqanları və bələdiyyələr vətəndaşlar və sakinlərlə daha yaxından təmas yaradıb məişət problemlərini çözə bilər. Bu məsələdə bələdiyyələr niyə kənarda qalır? 

 Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında bələdiyyələrin prosesdən kənarda saxlanmasının doğru olmadığını dedi: 

- İstər həftə sonu 2 gündə, istərsə də, ümumiyyətlə pandemiya dövründə bələdiyyələrlə bağlı ciddi problemlər yaşandı. İlk növbədə Operativ Qərargah fəaliyyətinə icazə verilən strukturlar sırasına bələdiyyələrin adını salmadı. Hesab edirəm ki, bu, düzgün deyildi. Bələdiyyələr aktiv şəkildə prosesə cəlb edilməliydilər, çünki yerli orqan kimi bələdiyyələr sakinlərlə daha yaxın təmasda olmaq imkanına malikdir. Amma bələdiyyələr özləri də səy göstərmədilər ki, biz də çalışaq, vətəndaşlarla işləyək. Nəticədə artıq 2 aydır ki, bələdiyyələrin fəaliyyəti iflic vəziyyətdədir. Ümumiyyətlə, bələdiyyələrə soyuq münasibət var. 3 aydır əmək haqqı almırlar. Büdcələri kritik durumdadır. Amma bələdiyyələrə imtiyaz verilsəydi, sakinlərlə barbaşa işləyən orqan kimi çox iş görə bilərdilər. Biz görürük ki, məsələn Türkiyədə, qonşu Gürcüstanda bələdiyyələrə necə geniş imkanlar və imtiyazlar verilib. Və onlar bu pandemiya dövründə də aktiv fəaliyyət göstərirlər. Amma sizə deyim ki, bizdə də bəzi bələdiyyə orqanları var ki, öz maliyyə imkanlarından istifadə edərək dezinfeksiya işlərinin aparılmasında iştirak etdilər. Yəni harda maliyyə imkanı varsa, orda iş görülür. Dövlət büdcəsindən bələdiyyələrə dotasiya ayrılır. Amma bu vəsait ancaq əmək haqlarına yönləndirilir. Mərkəzi icra orqanları tərəfindən bələdiyyələrə qarşı etinasızlıq var, amma gec-tez idarəetmədə bələdiyyələrə üstünlük veriləcək, çünki mərkəzi icra orqanı strukturu artıq özünü doğrultmur. Bələdiyyələrə üstünlük verilsəydi, sakinlərlə yaxından maraqlanardılar, karantin günlərində də polisə, Operativ Qərargaha dəstək olardılar. Hansısa vətəndaşa çörəyi, dərmanı polis yox, bələdiyyə işçisi çatdırardı. Polisin də yükü azalardı. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu