“Abşeron” Gənclər Şəhərciyindən NARAZILIQ: “Su məhdudiyyətlə verilir” - ARAŞDIRMA 

“Azərsu”  “biz hazırıq” deyir, komendantlıq yeni xətlərin çəkildiyini iddia edir, “Akkord” şirkəti isə zənglərə cavab vermir


“Abşeron” Gənclər Şəhərciyinin sakinləri suyun məhdudiyyətlə verilməsindən əziyyət çəkirlər.
Bu barədə “Sherg.az”a şəhərciyin sakinləri məlumat verib.
Ərazidə yerləşən 10 mərtəbəli binaların sakinləri iddia edirlər ki, su səhər saat 7-dən 10-a kimi, axşam da eyni saatlarda verilir.

Mövcud durumla bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. 
Qurum sözçüsü açıqlamasında bildirdi ki, “Abşeron” Gənclər Şəhərciyinin yaxınlığında olan bütün binalarda su daimidir. Şəhərcikdə olan bu problem binanın özü ilə bağlıdır:

“Şəhərciyin öz su anbarları var. Bu problem “Azərsu”nun səlahiyyətindən çıxıb. Çünki şəhərcikdə su problemi ilə maraqlanmışıq. Problem bizdən qaynaqlanmır. Şəhərciklə üzbəüz olan yeni binada, eyni zamanda yaxınlıqdakı digər binalarda su hər saat gəlir. Bildiyim qədəri ilə həmin binanın tikintisi ilə “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası məşğul olur. Ona görə də problemin səbəbini həmin qurumdan soruşmaq lazımdır”.

Kompleksin komendantılığından bildirilib ki, hazırda ərazidə su xətləri dəyişdirildiyi üçün suyun verilməsində problem yaşanır:

“Yəqin ki, xətlər dəyişdirildikdən sonra su daimi veriləcək. Problemlə bağlı daha dəqiq məlumat verə bilmirəm. Çünki bu işlə “Akkord” məşğul olur”. 

“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu