ÇƏKİŞMƏ ! - “Marneulidə Nərimanovun yox, Topçubaşovun abidəsi ucaldılsın ?! – Fikirlər haçalandı !

Altay Göyuşov:“Çünki Nərimanov Gürcüstanı işğal edən gücü təmsil edir”

Dilavər Əzimli: “Nərimanov Gürcüstanl işğal etmək istəyib?! Bu, dezinformasiyadır, yalandır!” 





Tarixçi Altay Göyuşov Gürcüstanın Marneuli şəhərində ucaldılan Nərimanov heykəlinin sökülməsini təklif edib. O, bu barədə özünün Facebook hesabında yazıb: “Marneulidə Nərimanovun heykəlini götürüb, Topçubaşovun heykəlini qoymaq lazımdır”. 
  Göyuşovun bu fikrini istifadəçilər birmənalı qarşılamayıblar. Çoxları Topçubaçovun heykəlinin qoyulması üçün Nərimanovun abidəsinin sökülməsinə ehtiyac olmadığını bildiriblər. A.Göyüşov isə buna belə münasibət bildirib: “Çünki Nərimanov Gürcüstanı işğal edən gücü təmsil edir”. 
 
Tarixçi-alim Dilavər Əzimli isə “Sherg.az”a açıqlamasında təklifə kəskin etiraz edib: 

“Bu nə deməkdir?! Mən ümumiyyətlə kiminsə heykəlinin sökülüb, yerinə başqasının abidəsinin qoyulmasının əleyhinəyəm. Bir vaxtlar Cəliləbadda Lelinin heykəlini kəsib, yerinə C. Məmmədquluzadənin abidəsini quraşdırmaq istəyirdilər. O zaman bu hadisəyə də etiraz etmişdim. Xarici ölkələrdə olduğu kimi, bizdə də park salınmalı və bütün tarixi şəxsiyyətlərin heykəli orada olmalıdır. Ümumiyyətlə, bu cür məsələlər haqqında danışarkən həmin dövrün tələblərini nəzərə almaq lazımdır. Tarixə bu gündən boylanıb qiymət vermək olmaz. Bunun üçün  dediyim kimi, xəyalən həmin illərə getmək lazımdır”. 



D.Əzimlinin fikrincə, tarixi şəxsiyyətlər haqqında mənfi fikirlər söyləmək düzgün deyil: 

“Tarixi şəxsiyyətlərə sahib olmaq lazımdır. Mən bir tarixçi kimi Mir Cəfər Bağırovu ideallaşdırmıram. Bununla belə, onu ittiham etməyi də düzgün hesab etmirəm. Axı M. Bağırovun da xeyli xidmətləri olub. Nə etmək olar ki, dövrün tələbi onu bir az fərqli addımlar atmağa məcbur edib. Həmçinin də Nərimanov... Onun turançılıq ideologiyasına həsr olunmuş xeyli şeirləri var...Bəlkə də, Nərimanov olmasa  idi, Üzeyir Hacıbəyov və onun kimi çoxları güllələnmişdi. İndi bolşevik damğası vurulan bu şəxsiyyət Rəsulzadəyə də çox kömək edib. Guya Gürcüstanda, Ermənistanda bolşevik, sosial-demokrat olmayıb?! Olub. Lakin onlar bu qədər qabartmırlar”. 
 
Tarixçi düşünür ki, məhz Nərimanov haqqında bu cür fikirlərin səslənməsi heç də təsadüfi deyil:


“Niyə Əliheydər Qarayevin, Qəzənfər Musabəyovun adını çəkmirlər?! Çünki bilirlər ki, hamı bir cəbhədə olacaq. Ancaq söhbət Nərimanovdan və onun kimi bəzilərindən gedəndə fikirlər haçalanır. Bu da bir çoxlarına sərf edir. Çünki milləti parçalamaq istəyirlər. Biz buna yol verməməli, tarixə obyektiv yanaşmalıyıq. Hər kəsdən xahiş edirəm ki, sosial şəbəkələrdə diqqətli olsun. Bizim dövlətçiliyimiz müzakirə mövzusudur”. 

 D.Əzimli, həmçinin vurğulayıb ki, belə məlumatların mahiyyətində iki qonşu və dost dövlət arasında münasibətləri korlamaq dayanır: 

“Bizim münasibətlər heç vaxt pisləşməyib. Azərbaycan həmişə Gürcüstanla strateji müttəfiq olub. Amma həmişə buna xələl gətirmək istəyirlər. Arada deyirdilər ki, Balakən, Zaqatala, Qax, Şəki Gürcüstanın ərazisi olub və Nərimanovun əli ilə bu torpaqlar qonşularımıza verilib. Səhvdir! Kökündən səhvdir. Ermənistan gürcülərlə bizi düşmən etmək istəyirlər. Axı Gürcüstanda çoxlu erməni var. Onların əksəriyyəti də idarəçilikdə təmsil olunurlar. Sual verə bilərsiz ki, bu dəyirmənın suyu haradan gəlir? Deyim, Rusiyanın xarici kəşfiyyatından. Hər şeyin başında onlar dayanırlar. Həm də tarix boyu olduğu kimi, indi də Azərbaycan Gürcüstana kömək edir. Bütün bunlar bəzilərini narahat edir. Ona görə də belə söz-söhbətlər meydana çıxır. Amma harda yazılıb ki, Nərimanov Gürcüstanl işğal etmək istəyib?! Bu, dezinformasiyadır, yalandır!”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu