“Qanuna riayət etməyənlərə hüquqi qiymət verilməlidir” 

"Vətəndaşlar  cərimədən yayınmaq üçün yox, sağlamlığını qorumaq, yaxınlarının və ictimaiyyətin rifahı naminə tibbi maska taxmalıdır” 


Ölkəmizdə xüsus karantin rejimi yumşaldıqdan sonra təəssüf ki, bir çox vətəndaşlar Operativ Qərargahın tövsiyələrinə əməl etmədilər. Bu səbəbdən də, son vaxtlar infeksiyaya yoluxma halları artmağa başlayıb. Rəsmi qurumların da açıqladığı kimi, fiziki məsafənin gözlənilməməsi, tibbi maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir. Son günlərdə yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirdi və hökümət bu istiqamətdə müəyyən qərarlar qəbul etməyə məcbur oldu.

Eləcə də, Milli Məclis tərəfindən bu məsələ ilə bağlı cərimələrin tətbiq olunması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Bu qərarların nə dərəcədə effektli olacağını isə növbəti günlərin statistikası göstərəcək.

Pandemiya şəraitində təhlükəli virusdan qorumağın ən effektiv üsulunun tibbi maskalardan istifadə  olduğunu deyən millət vəkili Kamal Cəfərov hesab edir ki,  qanuna riayət etməyənlərə hüquqi qiymət verilməlidir: 

"Vətəndaşlar  qəbul edilən qaydalara əməl etməli, cərimədən yayınmaq üçün yox, sağlamlığını qorumaq, yaxınlarının və ictimaiyyətin ümumi rifahı naminə tibbi maska taxmalıdır. 

Bəzi insanlar virus daşıyıcısı olduğu halda bilmir ki, onda virus var. Belə olan halda, onlar bilmədən digər şəxsləri də yoluxdura bilər. Tibbi maskadan istifadənin əsas məqsədi odur ki, bilmədən ətrafdakıları da virusa yoluxdurmuş olmayasan.

Cəmiyyətdə bir sıra fikirlər mövcuddur ki, tibbi maska virusun yayılmasının qarşısını almır, gərək xüsusi respiratorlu bahalı maskalardan istifadə olunsun. Amma bu fikirlər yanlışdır. Həkimlər hesab edir ki, adi tibbi maska belə virus yayılması riskini 90 faizədək azaldır.

Ona görə vətəndaşlarımızdan xahiş edirəm ki, şəxsi sağlamlıqları və cəmiyyətin ümumi rifahı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qərarlara əməl etsinlər”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu