Ekspert:“Hər adam heç olmasa, 12 il təqaüd almalıdır”

“Təqaüddə qalma müddəti artmalıdır. Yəni pensiyaya çıxma yaşının aşağı salınması düzgün addımdır”

“Üstəlik, Azərbaycanda təqaüdə çıxan adam vəfat etdikdən sonra onun kartının ailə üzvlərinə verilməsi də mümkün deyil” 




Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığı artırılır.  Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi beş il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur.

Pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də ümumi stajın (kişilər üçün 25 il, qadınlar üçün 20 il) eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir.

Layihədə əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan şəxslərin tələb olunan qədər stajı olmadığı hallarla bağlı da humanist yanaşma özünü göstərir. Belə hallar üçün tələb olunan pensiya kapitalının məbləğinin 30 faizə qədər azaldılması təklifi layihədə yer alıb.
Bu da onların pensiya hüququna əlçatanlığını artırır.

Nazirliyin sözügedən güzəştini “Sherg.az”a təhlil edən iqtisadçı-ekspert Nazim Bəydəmirlinin fikrincə, bu, təqdirəlayiqdir:

“Əmək qanunverciliyində ən çox dəyişiklik edilən məqam məhz əmək pensiyaları ilə bağlıdır. 2006-cı ildən bəri bu məsələ tez-tez müzakirə edilir, müxtəlif dəyişikliklərə məruz qalır. Amma istənilən halda  Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların pensiya yaşının aşağı salınması məntiqlidir. Sovet vaxtında da belə idi. Şaxtalarda və digər təhlükəli yerlərdə çalışanlara müəyyən güzəştlər edilirdi”. 



İqtisadçının sözlərinə görə, təqaüdə çıxma vaxtı orta ömür yaşına müvafiq olaraq hesablanmalıdır:

“Qanunvericiliyə sonuncu düzəlişdə nəzərdə tutulurdu ki, qadınlar 63, kişilər isə 65 yaşlarında təqaüdə çıxsınlar. Bir çox ekspertlər bu qərarı tənqid etdilər. Çünki Azərbaycanda orta ömür 72 yaşdır. Deməli, təqaüdə çıxan adam cəmi bir neçə il həmin imkandan yararlana bilər. Halbuki hər adam heç olmasa 12 il təqaüd almalıdır. Üstəlik, Azərbaycanda təqaüdə çıxan adam vəfat etdikdən sonra onun kartının ailə üzvlərinə verilməsi məsələsi də çox mürəkkəbdir. Ümumiyyətlə, demək olar, ölkədə bu proses faktiki olaraq mümkün deyil. Deməli, təqaüddə qalma müddəti artmalıdır. Yəni pensiyaya çıxma yaşının aşağı salınması düzgün addımdır. Avropada bu yaş həddi çox ola bilər. Çünki onlarda orta ömür də daha uzundur. Hətta 70 yaşında pensiyaya çıxan adam belə, 12 il təqaüd alır. Odur ki, məsələyə differensial mövqedən yanaşıb, müvafiq göstəricilərə adekvat qərarlar vermək lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu