“Vətəndaşların sağlamlığının qorunmasına dair ciddi addımlar atılır”

“Modul tipli xəstəxanaların qısa müddətdə xidmətə verilməsi, hökumətin bu məsələyə ciddi yanaşmasının şahidi olduq”



COVİD 19-la mübarizə bütün dünyada olduğu kimi Azərbaycan üçün də piroritetdir.  Ölkəmizdə pandemiyanın geniş vüsət almasının qarşısını almaq üçün dövlət tərəfindən bir sıra  qabaqlayıcı tədbirlər  həyata keçirildi". 
Bu sözləri “Sherg.az”a millət vəkili Kamilə Əliyeva deyib.   Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölüm hallarının çox aşağı səviyyəyə düşməsinə də nail  olunduğunu  vurğulayan  Kamilə xanım təəssüflə qeyd edib ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı: 

"Bundan sonra, Operativ Qərargah yenidən karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı müəyyən qərarlar verməyə məcbur oldu. Eləcə də, Milli Məclis tərəfindən bu məsələ ilə bağlı cərimələrin tətbiq olunması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi.  Bütün bunlara zəruri ehtiyac duyulurdu, başqa yol yox idi. Çünki bu addımlar atılmasa, sərtləşdirmələr olmasa, biz tamam başqa bir mənzərərə ilə qarşılaşa bilərik.  Düşünürəm ki, qaydalara riayət etməyən şəxslərin cərimələnməsi vətəndaşların məsuliyyətini artıracaq. İnsanlar cərimə verməmək  üçün maskadan istifadə edib, sosial məsafəni gözləməyə məcbur olacaqlar". 

Cərimələrin tətbiq olunmasında yeganə məqsədin məhz insanların sağlamlığının qorunması olduğunu bildirən millət vəkili  deyib ki, bir çox vətəndaşımız Operativ Qərargahın yumşaldılma qərarlarından sui-istifadə etdilər, sosial məsafəni gözləmədilər, tibbi maskalar və əlcəklərdən istifadə etmədilər. Lazım oldu, olmadı küçələrə çıxdı, park və meydanlara axışdı, həm özlərini, həm də başqalarının həyatını təhlükə, risq altına atdılar. Bu hallar hələ də davam etməkdə, bəzi vətəndaşlarımız tərəfindən hələ də məsuliyyətsizlik göstərilməkdə, çağırışlara, xəbərdarlıqlara, qayda və qərarlara etinasızlıq nümayiş etdirilməkdədir. Nəticədə də məlum mənzərə ortadadır: 

"Qaydaların sərtləşdirilməsi, cərimələrin tətbiqi də məhz bu cür laqeydliyin qarşısını  almağa hesablanıb. Müşahidələr və stastika göstərir ki, insanlar cərimə tətbiq olunduqdan sonra qoruyucu maskalardan  da istifadə edir və belə şəxslərin sayı artır. Biz də arzulayardıq ki, cərimə və qadağa olmadan vətəndaşlar sosial məsafəni gözləyib, qoruyucu maskalardan istifadə etsinlər.  Əslində Operativ Qərargahın bizdən tələb etdiyi qaydalar o qədər də çətin deyil axı! Cəmi üç tövsiyyəyə- sosial  məsafəni gözləmək, maskalardah düzgün istifadə etmək və şəxsi gigiyena qaydalarına əməl etməklə biz özümüzü və yaxınlarımızı koronavirusdan müdafiə edə bilərik. Əlbəttə   50  manat cərimə ödəməkdənsə, virusdan qorunmaq üçün 20-30 qəpik verib tibbi maska almaq lazımdır". 

Həftəsonu qadağalarının tətbiqini çox vacib və əhəmiyyətli hesab edən K.Əliyevanın sözlərinə görə, bu təcrübə özünü doğrultdu: 

" İnsanlarımızın əksəriyyəti evdən çıxmama tələbinə riayət edib, 2 günlük məhdudiyyətin bitməsini gözlədi.  Düzdür,  tələbləri pozanlara da rast gəlindi, lakin  ümumilikdə şəhər sakinləri qayda-qanunlara riayət etdilər.  Güman edirəm ki, vətəndaşlarımız sadəcə həftəsonları   karantinin sərtləşdirilməsinə görə yox, adi günlərdə də bu cür məsuliyyətli davranıb, əsl vətəndaş mövqeyi sərgiləyəcəklər". 

Modul tipli xəstəxanaların açılmasına diqqət çəkən  millət vəkili deyib ki, Cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutan açılış mərasimi zamanı  ölkə rəhbərliyi tərəfindən koronavirusla mübarizə istiqamətində görülən işlər, vətəndaşların sağlamlığının yüksək səviyyədə təmin edilməsi yolunda atılan addımlar, modul tipli xəstəxanaların qısa müddətdə xidmətə verilməsi, hökumətin bu məsələyə ciddi yanaşmasının şahidi olduq.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu