"Rəqəmsal jurnalistikaya doğru"

Proqramın əsas məqsədi elektron mediaya yardımçı olmaqdır


Rəqəmsal xidmətlərin bütün sahələrində resursların populyarlığı, vətəndaşlar və biznes sektoru tərəfindən effektiv istifadəsi yetərli deyil. Həmçinin, vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə yaradılmış elektron dövlət xidmətləri və rəqəmsal həllərin istifadə qaydaları, hətta bəzi hallarda mövcudluğu haqqında da məlumat çatışmazlığı nəzərə çarpır. Bəzi hallarda isə hər hansı bir xidmətin jurnalist tərəfindən istifadə və ya test edilmədən, araşdırılmadan vətəndaşlara səhv və ya təhrif olunmuş şəkildə çatdırılması halları baş verir.

Dezinformasiya faktorlarının və məlumat çirkliliyinin yeni yaradılan rəqəmsal xidmətlərə təsiri də bu sahənin inkişafı üçün maneə, eyni zamanda cəmiyyətdə çaşqınlıq yaradır.

Dövlət, maliyyə-bank, ticarət və digər sahələr üzrə yeni yaradılan rəqəmsal məhsullar bəzi hallarda ilkin inkişaf mərhələsində yuxarıda göstərilən səbəblərə görə uğursuzluqla nəticələnə bilir. Xidmətin yaradılma mərhələsindən əvvəl cəmiyyətin xidmətə hazırlanılması baş tutmadığından yeni xidmətlərin uğursuz olma riski çoxalır.

Son dövrlərdə Rəqəmsal Xidmət sahəsində fəaliyyət güclənib. Bu məqsədlə, yeni yanaşmalar tətbiq olunur və yeni xidmətlər vətəndaşların istifadəsinə verilir. Əsas məqsədi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək olan Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti birbaşa olaraq rəqəmsallaşmaya, institusional yeniliklərin və innovativ xidmətlərin tətbiqinə bağlıdır. Lakin, bu xidmətlərin hədəf auditoriyasına, yəni vətəndaşlara düzgün və vaxtında çatdırılmasında jurnalistlərin rolu böyükdür. Mərkəz hazırda uzunmüddətli perspektivdə elektronlaşma və rəqəmsal xidmətlər haqqında jurnalistlərin təlimləndirilməsi ilə ictimaiyyətin düzgün məlumatlandırılmasına hədəflənib. 

Mərkəzin təşkilatçılığı ilə reallaşdırılacaq “Rəqəmsal Jurnalistikaya doğru” proqramının  sponsoru  “Paşa Holdinq”dir. 
Proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.

Qeyd edək ki,  rəqəmsal texnologiya jurnalistikanın mahiyyətini dəyişib. Eyni vaxtda sosial medianın ortaya çıxması jurnalistika sahəsində qəfil və sürətli yeniliyə səbəb oldu. Jurnalistika XX əsrin ikinci yarısında peşəkar sahə kimi formalaşdıqdan sonra medianın iki formasını özündə ehtiva etdirdi: çap və elektron media. Çap formasına qəzet və jurnalların çap edilməsi daxildir. Elektron mediaya isə radio və televiziya yayımı daxildir. Adi jurnalistikada məlumatın daxil və xaric olma prosesləri gedir. Müxbirlər, tədqiqatçılar məlumatı daxil edir, redaktorlar və təhlilçilər onun üzərində işləyərək formaya salır və istifadəçiyə təqdim edirlər.

Rəqəmsallıq (digitallıq) ayrı-ayrı kütləvi informasiya vasitələri arasındakı fərqləri aradan qaldıraraq, konvergensiyaya yol açır. Məhz bu mənada konvergensiya indi KİV-in gələcəyi haqqında müzakirələrin diskussiya obyektinə çevrilməkdədir. Belə bir elmi fikir də meydana çıxıb ki, yaxın on ildə konvergensiya prosesi nəinki KİV sistemini, habelə onunla bağlı sənaye sahələrini də tamamilə dəyişə bilər.

2000-ci ildən etibarən Qərb dünyasında jurnalistlərin böyük əksəriyyəti gündəlik işlərində internetdən müntəzəm istifadə edirlər. Əsas xəbər saytlarına əlavə olaraq, rəqəmsal jurnalistika indeks və kateqoriya, meta, şərh saytları, eləcə də, paylaşma və müzakirə saytları mövcuddur. Bloqlar ayrıca, şəxsi saytlardan tutmuş yüz minlərlə insanın auditoriyasına qədər yeni məlumatlar əldə edə bilən başqa bir rəqəmsal jurnalistika hadisəsidir. Rəqəmsal jurnalistika buludlu jurnalistika fenomeni, genişzolaqlı cəmiyyətdə davamlı məzmun axını ilə məşğuldur. 1999-cu ildə qurulan Onlayn Xəbərlər Birliyi, onlayn jurnalistləri təmsil edən ən böyük bir təşkilatdır, əsas funksiyası rəqəmsal təqdimat üçün xəbər toplamaq və ya istehsal etməkdən ibarətdir. Onlayn jurnalistika çox kiçik bir cəmiyyət içərisində jurnalistikadır. Jurnalistikanın digər növləri kimi onlayn jurnalistika da oxucu üçün çox əlverişlidir və keçmiş jurnalistikanın növlərindən daha çox məlumat təqdim edir. Pulsuz və ucuzdur.

Rəqəmsal jurnalistika, əlaqə və müzakirə aparmağa imkan verir. İnternetdən əvvəl heç görüşməmiş oxucular arasında kortəbii müzakirə etmək mümkün deyildi. Bir xəbərin müzakirəsi prosesi rəqəmsal jurnalistika üçün çox faydalıdır. Oxucular məlumatı müzakirə etmək istəyən digər şəxslərlə əlaqə qururlar. Rəqəmsal jurnalistika xəbərlərin cəmiyyət tərəfindən necə istifadə olunduğunu göstərir. Onlayn mənbələr qısa müddət ərzində fasiləsiz xəbərlər verə, cəmiyyətə baş verən hadisələrin tezisini təmin edə bilər. Hadisənin inkişafı boyunca jurnalistlər bir neçə saniyə ərzində oxucuları aktuallaşdıran məlumatları onlayn mənbələr ilə təmin edə bilirlər. Bir xəbərin yerləşdiriləcəyi sürət, ümumiyyətlə, çap jurnalistikasında baş verməyən bir şəkildə hesabatın düzgünlüyünə təsir göstərə bilər.

Təşəbbüsü “Sherg.az”a qiymətləndirən media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, əsas məsələ təlimlərin məzmunundadır:

“Əlbəttə, istənilən halda belə seminarların, proqramların təşkil edilməsi özü müsbət təşəbbüsdür. Ancaq həmin bir neçə gün ərzində iştirakçıların nələr öyrənəcəyi nəzərə alınmalıdır. Onlar sadəcə gəlib-gedəcək, ya müəyyən bilik və bacarıqlara sahib olacaqlar? Əlbəttə, ikinciyə çalışmaq lazımdır. Bunun üçün isə “olmaz”ları başa salmaqdan imtina etməliyik. “Dördüncü hakimiyyət” nümayəndələri cəmiyyətin görən gözü, eşidən qulağı, danışan dilidirlər. Bu mənada onlar istədiklərini deyə, yaza bilərlər. Təlimlərin necə, hansı məzmunda keçirilməsi isə birbaşa proqrama cəlb olunan ekspertlərdən asılıdır. Həmin mütəxəssislər mütləq media prinsiplərini, KİV-in hüquqi tənzimlənməsini, beynəlxalq jurnalistika hərəkatını bilməlidirlər ki, gənc jurnalistlərə faydalı olsunlar”.

Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov  prosesin mövcud geosiyasi zərurətdən yarandığını qeyd edib: “Bilirsiniz ki, bütün dünya 6 aydır ki, koronavirusdan əziyyət çəkir. Dünyanın supergücləri belə COVID-19-un qarşısında aciz qaldılar. Bu proses onu göstərdi ki, hələ görüləsi çox işlər, tətbiq olunmalı çox yeniliklər var.

Ancaq ən əsası bütün sahələrin elektronlaşdırılması, rəqəmsal mühitə transfer edilməsi zərurəti yarandı. Sevindirici haldır ki, Prezident İlham Əliyevin birbaşa göstərişi və təşəbbüsü ilə son 10 ildə ölkəmizdə bu sahədə ciddi işlər görülüb, müxtəlif proqramlar qəbul edilib. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu istiqamətdə ciddi işlər görür. Bəzi layihələr var ki, pandemiya onların tətbiqini tezləşdirdi. Bunlardan biri də Rəqəmsal Jurnalistika ilə bağlıdır.

Düzdür, 2005-ci ildən bu tərəfə KİV-lərin elektron mediaya transfarmasiyası başladı, bu gün də proses davam edir. Lakin bu proses bir qədər kortəbii, nəzarətsiz və ləng formada getdi. Ancaq proses gedir və bunun qarşısını almaq mümkün deyil, hətta deyərdim ki, lazım da deyil. Bu, geosiyasi çağırışların tərkib hissəsidir.

Əgər biz dövlətimizin, cəmiyyətimizin inkişafını istəyiriksə bütün müsbət qlobal çağırışlara adekvat addımlar atmalıyıq. Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramı isə bu prosesi peşəkar müstəviyə çıxarmaq, yeni çağırışların tətbiqində elektron mediaya yardımçı olmaq məqsədi daşıyır. Söhbət ondan gedir ki, media onlayn rejimdə öz ehtiyaclarını necə ödəyəcək, eyni zamanda, cəmiyyət üçün hansı formada faydalı iş əmsalı ortaya qoyacaqdır. Bu mənada bu proqramın reallaşmasını indiki situasiyada yüksək dəyərləndirirəm”.

Media nümayəndələrini rəqəmsal jurnalistika ilə bağlı məlumatlandırmaq məqsədi ilə bu cür təlimlərin keçirilməsini gecikmiş qərar hesab edən sosial media üzrə ekspert  Azər Həsrətin sözlərinə görə, Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti yeni texnologiyaları sürətlə mənimsəyir: "Hətta jurnalistlərimizin çoxu rəqəmsal jurnalistikanı nəinki mənimsəyib, illərdir tətbiq edirlər. Üzdə olan  media qurumlarının əməkdaşlarının hamısının  rəqəmsal jurnalistika ilə bağlı yetərli bilgiləri var. 

Amma bununla belə Elektron Hökumət tərəfindən bu cür təşəbbüslərin reallaşdırılmasını müsbət dəyərləndirirəm. Bilgi sahiblərinin əldə etdikləri təcrübələri biri-birləri ilə paylaşması ziyanlı bir hal deyil. Elektron Hökumətin qurulmasında jurnalistlərimiz də öz töhfələrini veriblər.

Xüsusilə də Elektron Hökumət  quruculuğu işlərinin monitorinqinin aparılması, əskiklərin aşkarlanması və aradan qaldırılması üçün öz təkliflərini veriblər. Bu mənada "Rəqəmsal Jurnalistikaya doğru” proqramı həm media nümayəndələrinə, həm də Elektron Hökumətin İnkişafı Mərkəzinin işinə müsbət təsir edəcək". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu