“Ermənistanı danışıqlar masasına oturtmağın vaxtıdır” 

“Avropa Parlamentinin bəyanatı Ermənistana beynəlxalq instansiyada vurulan zərbədir”



Dünən Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır. Çünki beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni əməliyytalar həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs mütənasib olduğunu müşahidə edir.



“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, bəyanatda "Azərbaycanın işğal altında olan əraziləri" ifadəsinin işlədilməsi xüsusilə öz məzmununa və əhəmiyyətinə görə seçilir: 

“Çünki təkcə bu fikir Ermənistanın 1980-cı illərin sonlarından başlayaraq Azərbaycana qarşı hansı təcavüz siyasətini apardığını və Azərbaycanın hansı torpaqlarını, ərazilərini işğal edərək qanunsuz şəkildə ilhaq etdiyini nümayiş etdirir. Digər tərəfdən işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz əməllərin həyata keçirilməsi, qanunsuz məskunlaşma, oradakı infrastrukturların dəyişdirilməsi və s. bütün bunların Ermənistanın öz təcavüzkar siyasətinin nəticələrini qanuniləşdirmək səylərinə qarşı daha bir beynəlxalq instansiyada vurulan zərbədir”.
 
A.Quliyev bildirib ki, Avropa Parlamentinin mötəbər şəxslərinin qəbul etdiyi bəyannamə həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri üçün növbəti bir kiçik yol xəritəsi kimi qəbul oluna bilər:

“Çünki hamı bilir ki, həmsədrlər müəyyən növbətçi bəyanatlardan başqa xüsusilə də son 10-12 ildə kəskin xarakterli bir dənə də olsun addımlar atmayıblar. Onlar yalnız seyirçi xarakterli bəyanatlarla kifayətləniblər. Bu bəyanat ATƏT-in Minsk Qrupunun həmsədrlərinə çox ünvanlı və konkret bir çağırışdır. Artıq Ermənistanı konkret məsələlərin ətrafında təzyiq göstərmək və onu substansianal danışıqlara gətirib oturtmağın vaxtı yetişib. Bu bəyanatı ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çoxdan etməli olduqlarını və təəssüf ki, indiyədək etmədiklərini çox aydın bir şəkildə yada salmaq nöqteyi-nəzərindən çox yüksək qiymətləndirirəm. Yəqin ki bu bəyanat hələ uzun müddət müzakirə olunacaq və həmsədrlərin bundan sonrakı fəaliyyətində, addımlarında bəyanatın nəticələri özünü göstərəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu