"Son zəng” çalındı ! - Əlvida, məktəb ! 

“Nazirlik bu qərarla abituriyentləri sevindirdi. Əlbəttə, “Son Zəng” şagirdlik dövrünün ən yaddaqalan anıdır”

"Diplom önəmli deyil. Ən yüksək uğur  əsl vətəndaş, dövlətimizə, millətimizə, bayrağımıza, Prezidentimizə layiq azərbaycanlı olmaqdır!"

 


Təhsil Nazirliyinin verdiyi müvafiq qərara uyğun olaraq bu il orta məktəb məzunları üçün “son zəng” virtual qaydada keçiriləcək. Əvvəlcə bütün bölgələrin məzunları birlikdə himn oxuyacaqlar. Ardınca 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər. 

 Virtual “son zəng”i iyunun 12-də “Mədəniyyət”, “ARB24” və “Real” televiziyaları yayımlayıb. 
 Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80646 şagird bitirəcək. 

 

Təhsil Nazirliyinin bu təşəbbüsünü “Sherg.az”a qiymətləndirən təhsil eksperti, əməkdar müəllim Almaz Həsrətin fikrincə, sözügedən qərar şagirdlər üçün sevindiricidir: 

“Nazirlik bu qərarla abituriyentləri sevindirdi. Əlbəttə, “son zəng” şagirdlik dövrünün ən yaddaqalan anıdır. Məktəblilərimiz bir az dəyişikliklə olsa belə, bu il də həmin əvəzsiz, xoş duyğulardan məhrum olmayacaqlar. Mən şəxsən buna görə öz adımdan təhsil nazirinə minnətdarlığımı bildirirəm”. 

A.Həsrət universitet məzunlarından ötrü də hansısa narahatlığa ehtiyac olmadığını söylədi: 

“Düzdür, bu layihə ancaq məktəblilər üçün nəzərdə tutulub. Amma nəzərə almaq lazımdır ki, tələbələr hələ məzun olmayıblar. Onlar imtahanlar verir, yarımçıq qalmış işlərini yekunlaşdırırlar. Əminəm ki, tələbələrimizə də oxşar şərait yaradılacaq və gənclərimiz bu dövrlərinin son dəqiqələrində belə, yenə birlikdə olacaqlar”. 

Təhsil eksperti, həmçinin şagirdlərə gələcək fəaliyyətlərində uğur arzulamağı da unutmadı: 

“Bütün məzunlarımızı təbrik edirəm. Ən əsası odur ki, yüksək bacarığa malik, gərəkli peşəyə sahib olasınız. Kim istəsə, ali məktəbə qəbulda özünü sınaya bilər.  Amma ən önəmlisi onların varlığıdır! Ali təhsil almaq üçün imtahanda az bal toplasalar belə, hər bir yeniyetmə bizim canımız, varımızdır. Həyatda  diplom önəmli deyil. Ən yüksək uğur  əsl vətəndaş, dövlətimizə, millətimizə, bayrağımıza, Prezidentimizə layiq azərbaycanlı olmaqdır! Olacaqlar da! Mən buna tam əminəm!".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu