“Kütləvi yas mərasimlərinin təşkilindən çəkinməliyik!” - Deputat

“Əsas bu dövrü sağlam başa vurmaqdır. Zamanla hər şey qaydaya düşəcək"


Koronavirusa kütləvi yoluxmalar adətən  ictimai nəqliyyatda, ictimai iaşə yerlərində məsafənin saxlanılmaması, marketlərdə növbələrin gözlənilməməsi səbəbindən artır.  Operativ Qərargah təmsilçiləri yas yerlərində kütləvi toplaşmanın da eyni dərəcədə təhlükəli vəziyyət yaratdığı qənaətindədir. 
Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar yas mərasimlərinin keçirilməsi qadağan olunsa da, rayonlarda bu qadağalara riayət olunmur:
Sosial şəbəkələrdə  də bölgələrdə yas mərasimlərinin əvvəlki qaydada keçirildiyinə dair paylaşımlar edilib, yoluxanların çox olduğu barədə ciddi, narahatedici siqnallar verilir.  Məlumata görə, son həftələrdə yoluxanların əksəriyyəti kütləvi şəkildə yas yerlərinə gedənlər, onların ailə üzvləridir. 

 Maraqlıdır,  rayon rəhbərliyi, icra strukturları, yerli idarəetmə məmurları hara baxır, qaydaların pozulduğunu görmür?  Bu istiqamətdə hansı addımlar atılmalıdır? 
Məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Ceyhun Məmmədov COVİD-19 pandemiyasinın yayıldığı ilkin dövrlərdə bir çox sahələrdə olduğu kimi yas mərasimlərinin keçirilməsində də müəyyən məhdudiyyətlər tətbiq olunduğunu xatırladıb. İnsanlar bir müddət bu mərasimləri əvvəlki qaydada bir yerə toplaşaraq kütləvi şəkildə qeyd edə bilmədilər. Lakin müəyyən yumşalmalara gedildikdən sonra insanlarda müəyyən rahatlıq və arxayınlaq yarandı:

 "Təəssüfki bu gün də bir sıra hallarda yas mərasimlərində insanların bir araya toplaşdıqlarının şahidi oluruq. Bu hal birmənalı olaraq yolverilməzdir. Dövlət qurumları bu məsələlərə ciddi nəzarət edir. Karantin dövrü hələ tam başa çatmayıb. Müəyyən məhdudiyyətlər hələ ki qalır. Bildiyiniz kimi virus daha çox insanların sıx toplaşdıqları və ünsiyyətdə olduqları yerlərdə yayılır.

Bir müddət bundan əvvəl mətbuatda da yer aldığı kimi Türkiyənin Van Vilayətində xoşagəlməz hal yaşandı, 163 nəfər virusa yoluxdu və yasda iştirak edən hər kəs karantinə götürüldü. Bu bizdən daha diqqətli olmağı tələb edir. İnsanların dünyasını dəyişən insanlar üçün başsağlığı vermək istədiklərini, hüzün sahibinin də bunun üçün şərait yaratmağa çalışdığını anlayırıq. Hamı çalışır yaxınının, dostlarının yasında iştirak etsin.

Ancaq olmaz, vəziyyət tələb edir ki, virus bitməyənə kimi bu cür mərasimlər təşkil edilməsin. Əks halda fəsadlar daha çox ola bilər. Bu ümumilli və təhlükəsizlik məsələdir. Dinimiz də bizdən tələb edir ki, dövlətin qoyduğu qaydalara əməl edək.

Dinimizdə insanların sağlamlığına xüsusi önəm verilir. Ona görə sağlamlığımızın və təhlükəsizliyimizin qorunması üçün hər birimiz çalışmalıyıq. Bu məsələdə vətəndaşlarımızın da üzərinə böyük məsuliyyət düşür. Onu da qeyd edim ki, əslində karantin rejimi yas mərasimlərinin keçirilməsi formalarını yenidən düşünmək, israfçı əməllərdən uzaq olmaq üçün fürsət ola bilər".

 Bu gün cəmiyyətin böyük hissəsinin bu mərasimlərin keçirilmə formasından narazı olduğunu vurğulayan millət vəkili  deyib ki, yası düşən insan bilmir dəfnlə məşğul olsun yoxsa, yas mərasiminin təşkili ilə, yas üçün məkanın axtarışı yoxsa ərzaq tədarükü ilə. Bəzən, insanlar məcburiyyət qarşısında qalaraq borc-xərc edib yas mərasimlərini israfçılıqla keçirməyə çalışırlar:

 " Bir sıra hallarda vəfat etmiş şəxsin qoyub getdiyi mal-dövlət yas mərasimlərinin keçirilməsinə sərf olunur və bu da sonradan onun arxada qoyub getdiyi şəxslərin çətinlik və sıxıntı içində yaşamalarına səbəb olur. Əslində həmin insanlar bu vəsaitləri digər vacib məqsədlər üçün istifadə edə bilərdilər. Ancaq insanların çoxu el qınağına tuş gəlməkdən qorxaraq etirazlarını bildirə bilmirlər.

Zaman-zaman Azərbaycan cəmiyyətində bu mövzuda çox müzakirələr aparılıb, etirazlar edilib. Ancaq nəticəsi olmayıb, əksəriyyət camaat nə deyər qınağından çəkinib. Nəticədə isə illərdir insanların malı və pulu israf olunur. Əslində bu mərasimlər İslam ənənələrində çoxdan kənara çıxıb. İslama görə dünyasını dəyişən insan üçün 3 gündən artıq yas saxlanılmamalı, təmtərağa və israfçılığa yol verilməməlidir.

Müsəlman cəmiyyətlərinə yaxından bələd olan bir insan kimi deyə bilərəm ki, bir çox müsəlman ölkəsinin özündə belə bu cür təmtəraqlı yas ənənələri mövcud deyil. Digər bir problem isə təmtəraqlı qəbir daşlarıdır. Bu gün sanki insanlar dünyasını dəyişən insana bahalı başdaşı qoymaqda yarışa giriblər. Bir sıra hallarda dünyasını dəyişən insanlara bahalı başdaşları qoyulur, qəbrinin üzərində əlavə tikintilər aparılır.

Bəs vəziyyətdən çıxış yolu nədir? Bu israfçılığa son qoymaq üçün nə etməliyik? Bu gün əslində bu mərasimlərin yüngülləşdirilməsi və israfdan uzaq keçirilməsi üçün yaxşı bir fürsət yaranıb. Artıq bir sıra keçmiş sovet respublikaları ba sahədə müəyyən qərar və qanular qəbul ediblər. Ancaq hər şeyi dövlətin edəcəyini gözləməməmli, cəmmiyyətdə vətəndaş mövqeyi və ictimai qınaq da olmalıdır. Gün gələcək cəmiyyət usanıb bu ənənlərdən imtina etməyin yolları barədə daha çox düşünəcək.

Ancaq bu bir müddət çəkəcək və israfçılıq halları davam edəcək. Yuxarıda qeyd etdiyimiz kimi, əslində hazırkı mərhələ problemdən çıxış yolu tapmaq və ciddi qərarlar qəbul etmək barədə düşünmək üçün yaxşı fürsətdir. Tam imtina olmasa da hazırkı dövrdə yüngülləşməyə getmək insanların yükünün azaldılmasına böyük kömək ola bilər. Sonda bir daha vətəndaşlarımıza müraciət edərək onları karantin qaydalarına əməl etməyə çağırıram. Səbirli olsunlar, kütləvi yas mərasimlərinin təşkilindən çəkinsinlər. Əsas bu dövrü sağlam başa vurmaqdır. Zamanla hər şey qaydaya düşəcək".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu