“Çin vətəndaşlarını virusdan qadağalarla qoruya bildi"

“İnsanların üzərinə düşən 3 sadə vəzifə var: gigiyena qaydalarına əməl etmək, sosial məsafə saxlamaq və qoruyucu maska taxmaq”



Pandemiyaya qarşı mübarizə çərçivəsində sosial distansiyanın gözlənilməsi, maskalardan düzgün istifadə və şəxsi gigiyenik qaydalara əməl olunması ölkəmizdə prioritet mövzuya çevrilib. 

 Düzdür, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan lap əvvəldən  önləyici tədbirlər almaqla çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib.

Lakin  xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. 

Həkimlər və səlahiyyətli şəxslər isə hesab edir ki, bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Yəni hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır. 

"Qhtxeber.az" portalının baş redaktoru Sənan Nəcəfovun “Sherg.az”a açıqlamasına görə, bu bəladan yaxa qurtara bilən ölkələrin təcrübəsinə inansaq koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün 3 vacib addım atılmalıdır:



"Birincisi, əhalinin geniş məlumatlandırılması, doğru-dəqiq kommunikasiya, ikincisi, səhiyyə sistemini pandemiyanın kəskin arta biləcəyi hallar üçün hazır vəziyyətə gətirmək, və nəhayət, üçüncüsü, xəstəliyin yayılmasını əldə olan imkanlarla maksimum dərəcədə səngitmək. Bu yanaşmalara əsaslansaq Azərbaycanda görülən işlərin qeyd edilən proqramla üst-üstə düşdüyünü görərik. Doğrudan da Azərbaycanda prosesin ilk mərhələsində maarifləndirmə və məlumatlandırma yüksək səviyyədə aparıldı və əhali vahid mərkəzdən gələn məlumatlara istinad edərək, özünü qoruya bildi. İkinci amillə bağlı çox danışmaq olar. Burada dövlət çevik addımlar atdı.

İyunun 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı oldu. Bunlar, Abşeron yarmadasının üç fərqli yerində - Bakının Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir. İlk belə kompleks isə hələ ötən ayın 7-də paytaxtda istifadəyə verilmişdi və açılışı olan yeni modul tipli xəstəxana kompleksləri sonuncular deyil, daha altı kompleks də bölgələrdə tikiləcək. Nəhayət üçüncü məqamla bağlı isə biz ötən həftəsonu və qarşıdakı iki gündə gözlənilən tam təcriddir.

Bu haqda danşacağıq. Hələlik qeyd etdiyim ikinci amillə üçüncü amilin bir-birilə bağlılığını da söyləməliyik. Belə ki, modul tipli xəstəxanaların quraşdırılması ilə ölkəmizin səhiyyə sistemi əlavə 2000 çarpayılıq ehtiyat əldə etmiş oldu. Yəni həndəsi silsilə ilə artan yoluxma hallarının qarşısını almaq üçün 2 günlük tam təcrid həm də ağzına qədər dolmuş xəstəxanalarda vəziyyətə əlavə bir nəfəsdərmə imkanı yaradır. Bütün bu qeyd olunanların yerinə yetirilməsi üçün 3 effektiv amil nəzərə alınmalıdır.



Bunlar, preventiv tədbirlərin görülməsinin davamlılığı, qərarlarda radikallıq və nəhayət cəmiyyətin, fərdlərin məsuliyyəti dərk etməsi, dövlət aparatı ilə kommunikasiyaya hazır olmasıdır. Elə bu səbəbdəndir ki, Azərbaycan nümunəsi ilk mərhələdə ən uğurlu 10 nümunədən biri sayılırdı. Çünki dövlətin preventiv tədbirləri, səhiyyə sistemində çevik transformasiya (profil dəyişikliyi baxımından) və ən əsası cəmiyyətin kommunikasiyada məsuliyyətli görünməsi oldu.

Mən, adətən Sinqapur variantından ehtiyat edirdim. Çünki ilk mərhələdə Sinqapurda nəticələr olduqca yüksək oldu. Bu ölkənin yalnız bir İndoneziya ilə torpaq sərhəddi var. Sərhəddi və hava yollarını bağladı. 7 min dollar cərimə və 1 ilədək həbs cəzası tətbiq etməklə, ciddi karantin rejiminə keçdi, bir ay ərzində yoluxmanı sıfıa endirdi. Sonda nə baş verdi? Arxayınlıq. Martın 17-dən sonra sərtləşirmə aradan qaldırıldı və nəticə acınacaqlı oldu. Eynilə bizdə də". 

Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başladığını vurğulayan S. Nəcəfov  deyib ki,  əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı:

"Çox təəssüf ki, sərt karantin rejimi qaldırlan kimi fəxrlə danışdığımız nümunəvi dövlətlər siyahısından çıxmağa məcbur olduq. Xatırladım ki, Çin epidemiyaya qarşı mübarizədə karantin, sosial təcrid və izolyasiya kimi sərt tədbirlər tətbiq etməklə uğur qazandı. Hətta insanlar bayıra çıxmasınlar deyə qapıları lehimləyirdilər. Cənubi Koreyanın uğurunun səbəbi genişmiqyaslı test yoxlamaları, Tayvanda isə hökumət və məsul şəxslər arasındakı koordinasiya oldu. Bu qədər sadə. Halbuki bu mərhələdə bizim insanların üzərinə düşən  3 sadə vəzifə var idi: gigiyena qaydalarına əməl etmək, sosial məsafə saxlamaq və qoruyucu maska taxmaq.

Belə məlum olur ki, biz də Çin, Sinqapur, Cənubi Koreya kimi sərt addımlara getməli idik. Statistika üçün deyim ki, İsraildə karantin rejiminin pozulmasına görə 1,6 min dollar cərimədən tutmuş 15 ilədək həbs cəzası nəzərdə tutulur. Koreyada 8,2 min dollar cərimə və 1 ilədək həbs cəzası, Sinqapurda 7 min dolar cərimə, 6 aya qədər həbs cəzası, Çində isə insan əgər bilərəkdən rejimi pozur və xəstəliyə tutulursa, o hətta ölüm cəzasına belə məhkum edilir. Vyetnamda isə 12 illik həbs cəzası nəzərdə tutulur.

Hamı kimi mən də qapalı mühitdə, məcburi təcridi sevmirəm. İsti havada nə qədər kondisioner işləsə də təmiz hava deyil. Amma bu qaydalar hamı üçündür. Məcburuq razılaşmağa. Bu qaydalar partiyalara, vəzifə sahiblərinə, varlıya, kasıba fərq qoymadan, hər hansı ayrı-seçkilik aparılmadan tətbiq edilir. Məcburi təcrid hələki ən optimal yanaşmadır. Və başqa bir yanaşma metodu da var. Bu kütləvi izləmədir. Razıyıqsa belə milyardlıq proqramlar alınıb, hər bir fərdi izləməklə, ona çiplər vasitəsilə məlumat ötürməklə mübarizə yolunu seçək.

Elədirsə insan haqları necə olacaq? Bəli, insan hüquqları şüarları və karantin rejimi anlayışları bir araya sığmır. Amma söhbət cəmiyyətin, xalqın sağlamlığından gedirsə burada insan haqları, fərdin sərbəst yerdəyişməsi ikinci plana gedir. Çin yüz milyonlarla vətəndaşlarını öldürücü virusdan məhz qadağalar tətbiq etməklə qoruya bildi".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu