"Şuşaya virtual səyahətləri qurtarmalıyıq"

Nazim Sabiroğlu: "Şuşaya səyahət” adlı videoçarxı izləmişəm və bir şuşalı kimi o film mənə cizgi filmi təsiri bağışlayıb"


 Gündəmi zəbt edən mövzulardan biri də Şuşanın 270 illiyinin keçirilməsidir. Məsələ ilk dəfə Milli Məclisdə qaldırıldı. Millət vəkili Aqil Abbas “qarşıdan Şuşanın 270 illiyi gəlir. Təklif edirəm Şuşanın yubileyini qeyd edək”, deməklə həmkarları ilə yanaşı, ictimaiyyətin də fikrini bu istiqamətə yönəltdi.
Hazırda ümumi rəy budur ki, Şuşanın 270 illik yubileyi keçirilməlidir. Amma necə?.. Tarixçilər, etnoqraflar, araşdırmaçılar – ziyalılar toplaşacaq, Qarabağ xanlığı, Şuşa qalasının tarixindən başlayıb, Qarabağ müharibəsi və günümüzdə cərəyan edən siyasi proseslərdən danışacaqlar, sonra da hamı dağılışıb gedəcək. Beləmi?.. Bəlkə paytaxt Bakıda Şuşaya aid sərgi-filan da açıldı, bir film də nümayiş olundu. Bununla Şuşa ağrımız dinəcək?.. 



Əslən Şuşadan olan, “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlunun fikirlərini öyrəndik:

- Şuşanın 270 illiyinə hələ 2 il qalır. Bilmirəm, kim hansı tarixdən hesablayır, mənim bildiyim tarix budur. Şuşanı gündəmdə saxlamaq, Şuşanın bizim üçün hansı mənəvi dəyər daşıdığını bildirmək üçün bu cür tədbirlərin keçirilməsi yaxşı haldır. Amma, şəxsən mən hesab edirəm ki, Bakıda Şuşanın yubileyinin keçirilməsi “Şuşa” kafesi, “Şuşa” restoranı açmağa bərabərdi. Özü də biz Şuşanın 270 illik yubileyini yox, simvolik olaraq 1 yaşdan başlamalıyıq. Ki, Şuşanın tarixi “indi başlayır” gündəmdə saxlayaq, amma şüarlarla yox. Biz şüarçılıqdan da qurtulmalıyıq, virtual tanıtım, tanışlıqdan da. “Şuşaya səyahət” adlı videoçarx hazırlanıb. Mən onu izləmişəm və bir şuşalı kimi o film mənə cizgi filmi təsiri bağışlayıb. Elə insanlar Şuşanı heç vaxt görməyiblər, amma yuxularında görürlər, mənim qədər, bəlkə məndən də artıq sevirlər Şuşanı. Bəlkə onlar üçün belə filmlər maraqlıdır. Amma bir şuşalı üçün – Şuşa torpağında doğulmuş, addımlamış,  hər daşını, hər cığırını tanıyan şuşalı üçün belə videoçarxlar əhəmiyyət daşımır. Şuşanın əlimizdə 1-2 fotosundan başqa nə var? Qala divarının üzərindəki “Şuşa” yazısı, Gövhər ağa məscidinin fotosu... Şuşa təkcə o deyil... Bu görüntüləri, fotoları, Şuşaya virtual səyahətləri qurtarmalıyıq. Gücümüz yetirsə, Şuşaya qayıtmalıyıq, ya da... Qələbəmizin açarı Şuşadır. Şuşa Qarabağın açarıdı. Bir Şuşanı azad etmək yetərlidi ki, bütün Qarabağ azad olsun. Artıq illər keçir və biz görürük ki, təbliğatda düşmənə hələ də uduzuruq. Aprel döyüşlərinin qalibi Azərbaycandır, amma ermənilər Aprel döyüşlərindən film çəkib festivalda nümayiş etdirir. Yəni, “təbliğat işi aparaq, dünyaya tanıtdıraq” və sair... bununla heç nə əldə etməyəcəyik. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu