Abituriyentlər çətin suallardan narazı qaldılar

Tapşırıqların ağırlıq dərəcəsi buraxılış imtahanının səviyyəsinə uyğun olmayıb

İmtahana girən abituriyentlərin psixoloji durumu da nəticələrə təsir edib


10, 11 iyun tarixində Bakı və digər bölgələrdə abituriyentlərin buraxılış imtahanı keçirildi. İmtahan verən abituriyentlər riyaziyyat fənni başda olmaqla sualların çətin olmasından şikayətçidirlər. Onlar sosial şəbəkələrdə çıxarılmış mövzuların yenidən imtahana salındığını iddia ediblər.

Sualların çətin olması ilə bağlı iradları haqlı hesab edən təhsil eksperti  Kamran Əsədov DİM-in siyahısında olmayan mövzuların imtahanlara salınması ilə bağlı ittihamları  təkzib edib. Onun sözlərinə görə, test tapşırıqları proqrama tam uyğun olsa da, ağırlıq dərəcəsi buraxılış imtahanlarının səviyyəsindən yüksək idi: "Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi olaraq bir neçə imtahan binasının qarşısında monitorinq apardıq.

Düşünürdük ki, uzun müddət orta məktəblərdə və hazırlıq kurslarında, repetitorluqda ənənəvi dərslərin dayanması qəbul imtahanlarının nəticəsinə təsir göstərəcək. Çünki heç də bütün şagirdlər onlayn dərslərə qoşula bilmədi və onlayn dərslərin də keyfiyyəti ənənəvi dərslərlə müqayisədə aşağı idi.

Həm də ki,  mart ayının 3-dən etibarən orta və ali ümumtəhsil müəssisələrində təhsil prosesinin dayandırılması təkcə orta məktəblərdə deyil, dərslərin təxirə salınması ilə nəticələnmədi. Paralel olaraq hazırlıq kursları və repetitorların fəaliyyətinin  dayandırılması imtahan verəcək şagirdlərin hazırlıq səviyyəsinə çox ciddi təsir göstərdi. Aprel ayının 27-dən etibarən repetitorların fəaliyyətinə qismən icazə verilsə də, bu, kifayət qədər məhdudlaşdırıcı bir tətbiq idi. Bütün bunlar isə bu və ya digər formada  şagirdlərin imtahan nəticələrinə mənfi təsir göstərdi". 

K.Əsədovun sözlərinə görə, imtahan günü şagirdlərin binaya buraxılması zamanı temperaturun ölçülməsi, onlardan qoruyucu maska taxmağın tələb olunması kimi psixoloji amillər də  imtahan iştirakçılarının nəticələrindən yan keçmədi. 

Konkret olaraq test tapşırıqlarının səviyyəsinə gəldikdə isə ekspert deyib ki, 3-cü və 4-cü qruplar üzrə keçirilən imtahanların hər birində riyaziyyat  fənni üzrə test tapşırıqlarının ağırlıq səviyyəsi bir-birindən fərqlənir: "Buraxılış imtahanlarına şagirdlərin mimimum biliklərinin yoxlanılmasına rəğmən 4-cü qrupa düşən tapşırıqların ağırlıq səviyyəsi qəbul imtahanlarının formatına  uyğun idi.

Hesab edirəm ki, DİM növbəti imtahanlarda bunu nəzərə  alacaq. Eyni zamanda şagirdlərin pandemiya səbəbindən şagirdlərin uzun müddət məktəbə getməməsini, tədrisdən uzaq qalmasını da nəzərə almaq lazım idi.  DİM-in siyahısında olmayan mövzuların salınmasına gəldikdə isə şagirdlər arasında apardığım sorğuya əsasən deyim ki,  imtahan iştirakçılarına proqramdan kənar test tapşırıqları təqdim olunmayıb. 

Qaydaları pozaraq imtahan zalına telefonla daxil olaraq sual kitabçasının şəklini çəkib paylaşan şagirdin paylaşımı üzərində təhlil apardıq. Təqdim olunan test tapşırıqlarının ağırlıq səviyyəsi buraxılış imtahanında yoxlanılacaq meyarlardan çətin olsa da proqramı əhatə edirdi".

Pandemiya dövrünün ilk imtahan prosesinin təşkilinə gəldikdə isə K.Əsədov deyib ki, karantin rejimi ilə əlaqədar şagirdlərin dezinfeksiya qaydalarına, sosial məsafə formalarına xüsusi diqqət yetirilib:

"Bu il təşkil olunan imtahanlar pandemiya səbəbindən tamamilə yeni formatda təşkil edilmişdi. Belə ki, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün istifadə etməli idilər. Bütün imtahan boyu şagirdlərə maskanı çıxarmaq qadağan idi və bütün proses boyu istifadə olunmalı idi.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu