Pandemiyadan xilas olmağın yolu: “Vətəndaş məsuliyyəti və milli həmrəylik tandemi vacibdir”

“İndi hamımızın ümdə vəzifəsi dövlətin bununla bağlı müəyyənləşdirdiyi vahid yol xəritəsi üzrə hərəkət etməkdir


Koronavirus bəlası artan sürətlə davam edir. Görülən tədbirlərə baxmayaraq  hər gün yüzlərlə yeni yoluxma halları qeydə alınır. Yoluxma sayının artmasının başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır.

Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır.  
Koronavirusun Azərbaycanda kütləvi şəkildə yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atıldığını vurğulayan millət vəkili Aydın Hüseynov ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görüldüyünü deyib.  

Deputatın  “Sherg.az”a açıqlamasına görə, pandemiyanın yayıldığı ilk gündən başlayaraq Azərbaycan dövləti bu bəla ilə mübarizədə qabaqlayıcı kompeks tədbirlər görməyə başlayıb:  

“Koronavirusun tezliklə bitməsi üçün hər kəsin öz vətəndaş məsuliyyətini dərk edərək milli həmrəylik göstərməsi mühüm əhəmiyyət kəsb edir. Vəziyyətin nə dərəcədə ciddi olduğunu anlayaraq maksimum şəkildə milli birlik nümayiş etdirməliyik. 

Ümummilli səfərbərlik tələb edən pandemiya ilə mübarizə prosesində hamımızın  öz fərdi və ictimai məsuliyyətimizi  dərindən dərk edərək dövlətin yanında yer almağımız vacibdir. Bu günlərdə vətəndaş olaraq hamımızın qarşısında duran əsas vəzifə dövlətin müəyyənləşdirdyi qaydalara və karantin rejiminə ciddi riayət etməkdir. Əlbəttə, gündəlik həyat düzənimizin köklü şəkildə dəyişməsi bizi çətinliklərlə üz-üzə qoyub. Lakin bu halın müvəqqəti olduğunu düşünərək ailəmiz, yaxınlarımız və bütövlükdə Vətənimiz qarşısında məsuliyyətli  davranmaq mənəvi borcumuzdur”.

A.Hüseynovun sözlərinə görə, vətəndaş məsuliyyəti və milli həmrəylik tandemi pandemiyanın cəngindən xilas olmaq üçün əsas qurtuluş yolumuzdur:

“İndi hamımızın ümdə vəzifəsi dövlətin bununla bağlı müəyyənləşdirdiyi vahid yol xəritəsi üzrə hərəkət etməkdir.  Azərbaycan Prezidenti cənab İlham Əliyev də xalqa müraciətində qarşımızda duran bütün vəzifələrin həllində milli birlik və həmrəyliyi əsas hərəkətverici, stimullaşdırıcı amil kimi səciyyələndirir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu