Jurnalistikada nəzəriyyə, yoxsa təcrübə? - Akif Rüstəmov və Rəşad Məcid danışır


"Ayda bir dəfə qəzetin qoşa səhifəsində oxucu məktublarını dərc edərdim"

"Jurnalistika fakültəsində çox yaxşı müəllimlər var, ancaq praktika da unudulmamalıdır"

Media mühitində ən çox müzakirə edilən, bəzən də mübahisələrə səbəb olan məsələ nəzəriyyənin, ya təcrübənin daha vacib olmasıdır. Müşahidələr göstərir ki, istehsalata yenicə başlayan gənclər bir çox hallarda əziyyət çəkirlər. Müəllimlər, nəzəriyyəçilər bunu praktik çatışmazlıqla, media kapitanları isə nəzəri biliklərin kasadlığı ilə əlaqələndirirlər. Maraqlıdır, müəllim necə baş redaktor olar, media kapitanı dərsi nə cür tədris edər? Mövzunun aktuallığını nəzərə alaraq rubrika çərçivədə növbəti fikirləri təqdim edirik:

Akif Rüstəmov, BDU- nun Jurnalistika fakültəsinin professoru:

"Əvvəla, onu deyim ki, indi qəzet çıxarmaq çox çətindir. Bu mənada mən "Şərq" qəzetinin, "525"-in rəhbərlərini təqdir edir, onları alqışlayıram. Əlbəttə, hər baş redaktorun arzusu auditoriyasının daha geniş olmasıdır. Respublikada cəmi 3-4 mətbu orqan buna nail olub, öz oxunaqlılığını qoruyub saxlaya bilib. Adını çəkdiyim qəzetlər bu siyahıdadır. TV və internet kimi informasiya mənbələri ilə mübarizə şəraitində qəzet, xüsusilə müstəqil qəzet özü özünü yaşatmalıdır. Şəxsən mən baş redaktor olsam, ilk növbədə komandamın peşəkarlığına diqqət edər və onların filologiya, jurnalistika təhsilli olmalarına diqqət edərdim. Çünki bütün yaradıcılıq məhsulları heyətin professionallığından irəli gəlir. Eyni zamanda müxbirlərimin əməkhaqlarının, qonorarlarının mümkün qədər çox olmasına çalışardım. Bu, əməkdaşlara stimul verməklə yanaşı, həm də rəqabət mühiti yaradır. Oxucunun informasiya tələbatını həyata keçirmək məqsədi anket- sorğular verər və beləliklə, onların hansı növ materiallarla tanış olmaq istədiklərini öyrənərdim. Ayda bir dəfə qəzetin qoşa səhifəsində oxucu məktublarını dərc edərdim. Bildiyiniz kimi, qəzetin əsas gəlir mənbəyi satış və reklamdır. Reklamın olmasından ötrü tirajı da imkan daxilində çoxaldardım. Əlbəttə, söhbət sadəcə rəqəmdən yox, real tirajdan gedir. Qəzetin bir səhifəsində yığcam internet materiallarının verilməsinin də məqsədəuyğun olduğunu düşünürəm. Bir səhifədə 7-8 belə yazı oxucuların marağına səbəb olar. Həmçinin "Ayna" qəzetinin 90- cı illərdəki təcrübəsini tətbiq edərdim. Belə ki, bu qəzet "Dayçest" tipi ilə müxtəlif mətbu orqanlarda dərc olunan ən maraqlı yazılara səhifələrində yer verirdi. Nəticədə auditoriyası daha çox olurdu. Ən əsas məqamlardan biri isə dərc olunan materiallarda bütün mövqelərin fikirlərini verməkdir. Məsələn bir neçə gün əvvəl polislərlə vətəndaşlar arasında qarşıdurma oldu. Əlbəttə, heç birinin əməli təqdirediləsi deyil. Amma bu tip məsələlərdə mətbu orqan bütün tərəflərə eyni imkanı yaratmalıdır, tərəfkeşlik etməməlidir".

"Müəllim tələbəsində yazıya maraq oyatmalıdır"

Rəşad Məcid, "525-ci qəzet"in baş redaktoru:

"Mən bir müddət Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin Jurnalistika fakültələrində dərs demişəm. Bu dövr çox yaddaqalan olub. Dərs dediyim tələbələrdən sonradan təşəkkür məktubları alırdım. Çünki mən ən müxtəlif yollarla jurnalistikanı onlara sevdirirdim. Ümumiyyətlə, müəllim tələbəsində yazıya maraq oyatmalıdır. Yadımdadır, o vaxt 1050-ci qrupla çox səmərəli çalışırdıq. Onlara qəzetimizdə çıxış etmələrinə şərait yaratmışdım. Hətta qonorarlarını bölüşdürməyi də özlərinə həvalə etmişdim. Sonradan onlar haqqında "Əlvida və salam" adlı bir yazı yazdım. İndi həmin qrupun məzunları arasında çox istedadlı jurnalistlər var. Mən həmişə bir az həvəs, bacarıq gördüyüm gənclərə kömək etmiş, onlarda özünəinam yaratmağa çalışmışam. Bu ənənə indi də davam edir. Yenə öz təcrübəmi əlimdən gəldiyi qədər gənclərlə bölüşürəm. BDU- nun Jurnalistika fakültəsində çox yaxşı müəllimlər var. Onlardan çox şey öyrənmək olar. Ancaq praktika da unudulmamalıdır. Jurnalist necə yazmağı, xəbərə necə yanaşmaq lazım olduğunu praktikada öyrənir". 


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu