"Ulu öndərin hakimiyyətə qayıdışı, doğru olaraq Qurtuluş Günü kimi tarixə düşdü" - Fəzail Ağamalı

“Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Qurtuluşun tarixi əhəmiyyətini düzgün dərk etmək və qiymətləndirmək üçün həmin zaman kəsiyində baş vermiş hadisələrə diqqət yetirmək lazımdır”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Deputat qeyd edib ki, o dövrdə xalqın və Azərbaycanın müstəqilliyini istəyən, dövlətçiliyinə sadiq olan insanların ciddi fəaliyyəti ilə ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldi:

“O, hakimiyyətə gələndə Azərbaycan böyük bir böhranın içərisində idi, demək olar ki, vətəndaş müharibəsi başlamışdı. Bu, daha da alovlana bilərdi, söhbət Gəncədə baş verən qardaş qırğınından gedir. Başqa sözlə, ölkə idarəolunmaz vəziyyətdə idi. Həm şimal, həm də cənubda Azərbaycanın parçalanması prosesi reallaşırdı, artıq addımlar atılırdı. Ermənistan da öz himayədarlarının köməyi ilə bütün istiqamətlərdə hücuma keçmişdi. Belə bir vaxtda ulu öndərimiz hakimiyyətə qayıtdı, bu qayıdışla da, Azərbaycanı böyük fəlakətlərdən, faciələrdən qurtardı”.

F.Ağamalı bildirib ki, ulu öndərin hakimiyyətə qayıdışı, doğru olaraq Qurtuluş Günü kimi tarixə düşdü:

“Çünki söhbət Azərbaycan xalqının böyük fəlakətlərdən qurtarılmasından gedir. Eyni zamanda, bu, müstəqilliyimizin məhv olma, ölkəmizin parçalanma təhlükələrindən qurtarılması kimi qəbul edilməli və dəyərləndirilməlidir. Bugünkü Azərbaycanın – beynəlxalq birlikdə nüfuzu olan və bölgədə söz sahibi olan bir ölkənin təməl daşını ulu öndərimiz 1993-cü il iyunun 15-də qoydu. Azərbaycan dövləti bu gün həmin təməl üzərində həm bəşəriyyətə, həm də xalqımıza öz əhəmiyyətli töhfələrini verməkdədir”.

Deputatın sözlərinə görə, 1993-cü ildə ölkədə anarxiya hökm sürürdü, vəziyyətə nəzarət mümkün deyildi:

“Əslində ölkə idarə olunmurdu. Hakimiyyətdə təmsil olunan şəxslərin biri digərini qəbul etmir, hakimiyyətdə qalmaq və hakimiyyəti ələ keçirmək uğrunda ölüm-dirim mübarizəsinin içində idilər. Ölkədə idarəolunmaz bir vəziyyətin yarandığı dövrdə Rusiya və İran kimi dövlətlər Elçibəy hakimiyyətinin devrilməsində maraqlı idilər. 
Xalq Cəbhəsinin yaratmış olduğu batalyonlar Əbülfəz Elçibəy Kələkiyə getdikdən sonra cəbhədən Bakıya çağırıldı. Azərbaycan xalqı əliyalın şəkildə erməni işğalçıları ilə üz-üzə qaldı. Təsadüfi deyil ki, dalbadal 7 rayon işğal edildi. Bir daha təkrar edirəm, bu işğal prosesində həmin dövrdə hakimiyyətin içərisində də olan “Yeltsin komandası” da Ermənistanın yanında idi. Ulu öndərimiz bununla bağlı çox ciddi addımlar atdı, prezident seçildikdən sonra – dekabr ayında Azərbaycan xalqına müraciət etdi. Vaxtilə - sovetin dövründə xidmətdə olan övladlarımız ulu öndərin bu çağırışı ilə səfərbərliyə alındı. Beləliklə, genişmiqyaslı hücumların qarşısını almaq üçün ciddi addımlar atıldı. Ən mühüm addımlardan biri də Ermənistanın Horadiz istiqamətindəki hərbi qüvvələrinə ağır zərbələrin vurulması idi. Bununla Rusiyanın birbaşa iştirak etdiyi əməliyyatların qarşısı alındı və onlara ciddi zərbələr endirildi.
Vəziyyətin gərginliyini nəzərə alaraq, məhz Rusiyanın təşəbbüsü ilə atəşkəs rejiminin başlaması ilə bağlı danışıqlar getdi və 1994-cü ilin mayında atəşkəs sazişi imzalandı. Bu, həmin zaman kəsiyində ölkəmiz üçün əlverişli idi. Çünki dövləti qurmaq, ölkə daxilindəki problemləri həll etmək lazım idi. Habelə, Ermənistanın geniş miqyas daşıyan hücumlarının qarşısını almaq üçün fasilə götürüb güclü ordu qurmaq lazım idi. Bütün bunlara görə də atəşkəsə gedildi. Beləliklə, Ermənistanın genişmiqyaslı hücumlarının qarşısı alındı və milli dövlətçiliyin yaradılması prosesi həyata keçirildi: Konstitusiya qəbul edildi, parlament seçkiləri keçirildi. Bundan əvvəl – 1994-cü il sentyabrın 20-də müstəqilliyimizin qarantı olan “Əsrin müqaviləsi” imzalandı. Beləliklə, Azərbaycan milli dövlətçilik quruculuğuna başladı, bunun da yaradıcı və memarı da ulu öndərimiz Heydər Əliyev idi”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu