“Pandemiya ilə mübarizə tək dövlətin məsələsi deyil”

“Dövlət iqtisadiyyatı kənara qoyub insanların sağlamlığı ilə məşğuldur,bütün lazımı addımları da atır”

“Bu, eyni zamanda cəmiyyətimizin də problemidir” 



"Zaman-zaman dünya xalqları müxtəlif xəstəliklərin yayılması, qarşısının alınması kimi xəbərlərlə manipulyasiya olunublar. Xatırlayırsınızsa, “quş qripi”, “donuz qripi”, “ebola” kimi xəstəliklərin lokal ərazilərdə yayılması və tez bir zamanda vaksininin tapılması, xəstəliyin məhdudlaşdırılması ilə əlaqəli təşviqatlar gedib. Bütün bunları yaşamış cəmiyyətlər, xalqlar birdən-birə ortaya çıxmış koronavirus təhlükəsini də eyni cür qəbul etdi və bu virusa ciddi yanaşmadı".  

Bu sözləri “Sherg.az”a açıqlamasında  YAP Sosial media qrupunun rəhbəri Ramil Vəlibəyov deyib. 
Ramil bəyin qənaətinə görə, bu qeyri-ciddiliyin ilkin dalğası Avropanı və ABŞ-ı vurdu. Oradakı vəziyyətlə bağlı rəqəmləri də, real vəziyyəti hər kəs yaxşı bilir. Ona görə də, bunun üzərində çox qalmaq istəmirəm, Azərbaycana keçid edib ölkəmizdəki mövcud reallığı dilə gətirmək niyyətindəyəm: 

" Azərbaycan hakimiyyəti koronavirus təhlükəsini əvvəldən gördüyü üçün hələ cari ilin yanvar ayında Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və müvafiq tədbirlər planının hazırlanması üçün qərarlar vermişdi. Çox keçmədi ki, koronavirus daha təhlükəsi fazaya daxil oldu və pandemiya elan edildi. Azərbaycanda isə zamanında atılmış addımlar nəticəsində ilk vaxtlarda sərhədlərin bağlanmasına qədər xarici ölkələrdən gəlmiş vətəndaşlarımızdan başqa ölkə daxilində yoluxma halına demək olar ki, rast gəlinmirdi.

Hökumətin mart ayında elan etdiyi sərt karantin rejimi çərçivəsində müvafiq yaşayış qaydalarının qəbul edilməsi ilə təxminən 2 ay müddətində pandemiyanın ölkəmizdə təsirləri minimuma endirilmişdi. Lakin çox təəssüflər olsun ki, hökumət insanların xəstəliyin nə qədər ciddi olduğunu anladığını, karantin qaydalarına riayət edəcəyini ehtimal edərək yumşalmaya getdi və nəticə bu gün göz önündədir.

Yumşalma tədbirlərinin görülməsi sanki insanlarda koronavirus təhlükəsinin aradan qalxdığı fikrini formalaşdırdı.Təsəvvür edin ki, əgər mart-aprel aylarında gün ərzində 30-50 arası yoluxma olurdusa, hazırda hər gün 300-400 arası yoluxma, 3-5 ölüm halı var. Hətta, ekspertlərin qənaətincə karantin qaydalarına riayət olunmayacağı təqdirdə gündəlik yoluxma 900 nəfərə, ölüm halı isə 10-15 nəfərə qədər arta bilər".

YAP Sosial media qrupunun rəhbəri Azərbaycanda hələ də koronavirusla bağlı məişət səviyyəsində söhbətlərin getməsinin, cəmiyyətimizdə pandemiya ilə bağlı inamsızlığın olmasının əsas səbəbkarları isə sosial şəbəkələrdə siyasi məqsədləri üçün “fırtına” yaradan “beşinci kolon”dur:

"Bəzi faktları bölüşmək istərdim sizinlə, biləsiniz ki, ölkəmizdə karantin qaldalarını pozmaq üçün Milli Şuradan, AXCP-dən və onların nəzarətində olan sosial şəbəkə resurslarından daim təxribat xarakterli çağırışlar olub. Məsələn, mart ayının 13-də ölkəmizdə sərt karantin rejimi elan edildiyi halda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli martın 14-də 10 kvadrat metrlik kafedə 50 nəfərlə yığıncaq keçirdi. Halbuki kütləvi toplantılar qadağan edilmişdi.

Sonrakı müddət ərzində Milli Şuranın və AXCP-nin funksionerlərinin, xüsusilə də Əli Kərimlinin iştirakı ilə Sevinc Osmanqızının və Qənimət Zahidin “youtube” kanallarında sosial problemlər qabardılmaqla insanları açıq-aşkar itaətsizliyə çağırır, hətta dövlətin karantin qaydalarına müqavimət göstərməyə təhrik edirdilər.

Aprel ayının 13-də “Osmanqızı tv” youtube kanalında AXCP sədri Əli Kərimlinin canlı müsahibəsi ərəfəsində bir qrup cəbhəçi açıq şəkildə insanları silahlanmaya, polislərə, məmurların evlərinə hücum etməyə çağırışlar etdi. “Evdə acından ölürük” kimi sosial bəhanə ilə vətəndaşları karantin qaydalarını pozmağa və ölkədə qarşıdurmaların yaradılmasına cəhd edirdilər. Bu məsələ ifşa olunduqda isə 4 saat ərzində Cəmil Həsənli ilə Sevinc Osmanqızı müxtəlif bəhanələr uydururdular.

Eyni təbliğat bu gün də davam edir. Guya koronavirus pandemiyası hökumətin planlarına yarayır, siyasi xarakter daşıyır. Müxtəlif yalan və böhtan üzərində qurulan təbliğat sırf insanların karantin rejimini pozmasına, xəstəliyin mövcudluğuna inanmamasına hesablanıb. Onlar üçün heç bir fərqi yoxdur koronavirus neçə-neçə ailəni məhv edəcək, başsız qoyacaq. Əli Kərimlinin, Sevinc Osmanqızının, Qənimət Zahidin, Cəmil Həsənlinin, Arif Məmmədovun, Altay Göyüşovun və başqalarının özləri və ailələri xaricdə yaşayırlar. Onlar Azərbaycanda yarana biləcək təhlükəli vəziyyətdən sığortalıdırlar".

Belə adamlar üçün azərbaycanlıların həyatının qrant məbləğlərindən başqa birşey olmadığını vurğulayan R. Vəlibəyov hesab edir ki, ona görə də hər gün insanlara inamsızlığı və itaətsizliyi aşılayırlar:

"Baxın, onların təxribatlarından və anti-xalq təbliğatlarından 3 ay ötüb və bu günə qədər heç kəs acından ölməyib. Amma əksinə onlara inanıb itaətsizlik edənlər, virusun yayılmasına, təhlükəsinə inanmayanlar ya cərimələniblər, ya da xəstəliyə tutulub vəfat ediblər. Baxın, budur adlarını çəkdiyimiz azğınlaşmış anti-milli qrupların xalqımıza verdikləri “töhfə”. Hər gün deyirlər biz xalqın sözünü deyirik, xalqı düşünürük. Necə düşünürsünüz? Öz ailələrinizi, övladlarınızı xaricə qaçırıb,onlara bahalı həyat təşkil  edib, buradakıları koronavirus qurbanına çevirməkləmi? Niyə Müsavat Partiyası, REAL hərəkatı və başqa müxalifətçilər pandemiyanın təhlükəsindən danışır, lakin Əli Kərimli onları hakimiyyətlə eyni xoru oxumaqda ittiham edir? Yəqin ki, artıq hər kəsə aydındır məqsəd nədən ibarətdir.

Bütün bunlara baxmayaraq, düşünürəm ki, dövlətin pandemiya ilə mübarizə sahəsində atdığı son addımlar effektini verəcək. Bir halda ki, koronavirus hava-damcı yolu ilə yayılır və 1-2 həftəlik inkubasiya dönəmi olur, yaxın zamanlarda 2 günlük qapalı şərait göstərişinin mübət meyilləri görə biləcəyik. Lakin pandemiya ilə mübarizə tək dövlətin məsələsi deyil.

Bu, eyni zamanda cəmiyyətimizin də problemidir. Dövlət iqtisadiyyatı kənara qoyub insanların sağlamlığı ilə məşğuldur,bütün lazımı addımları da atır. Bəs, insanlarımız? Mağazaya, bazara gedirik, insanların heç 1-2 faizi maskadan istifadə etmir, sosial məsafəni gözləmir. Əgər belə olacaqsa, əlbəttə Azərbaycanın karantin rejimindən çıxması uzun sürə bilər.

Ona görə də hər bir insan özünün həkimi olmalıdır, şəxsini, ailəsini, cəmiyyətini düşünməlidir. Sosial məsuliyyət keyfiyyətini “virus” kimi yaymalıyıq ki, insanlarımızda yalan təbliğatına qarşı immunitet formalaşsın, xəstəliklə mübarizədə dövlətin ətrafında sıx birləşsin. Hər kəs bir reallığı aydın dərk etməlidir ki, dövlətdən başqa onları bu xəstəlikdən qoruyan olmayacaq. Nə Əli Kərimli, nə Sevinc Osmanqızı, nə Cəmil Həsənli, nə də “bu iki gün evdə qalmaq azərbaycanlıları qıracaq” deyən Qənimət Zahid koronavirusa yoluxmuş şəxsi sağaltmayacaq, qayğısına qalmayacaq.

Bu səbəbdən də xalqını, dövlətini sevən hər bir kəs, mətbuat, jurnalistlər, ictimai sektorda fəaliyyət göstərənlər “beşinci kolon”un əsassız təbliğatına qarşı mübarizə cəbhəsi açmalıdır, insanları sosial məsuliyyətə dəvət etməlidir, təhlükənin miqyasını izah etməlidir. Yalnız birlik şəraitində anti-milli qrupları sıradan çıxara və cəmiyyətimizi koronavirus pandemiyasından xilas edə bilərik".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu