Mütəxəssis nikbindir: “Pandemiyadan qurtulacağımıza tam əminəm”– NƏ VAXT ? 

“İnfeksion xəstəliklərdə epidemioloji qanunauyğunluq deyilən bir anlayış var: xəstəliyin yüksəlişi, zirvə həddinə çatması və enişi”

“Bu mənada yüksəliş varsa, onun məntiqi davamı kimi eniş də baş verəcək”

“Maskadan istifadə etmişiksə, deməli, müdafiə səddimiz var”

“Maska elə taxılmalıdır ki, maska ilə üz arasında boşluq qalmasın və o, kip şəkildə üzə oturmalıdır”

"Özünü qorumaq başqasını qorumağa bərabərdir" ifadəsi bir aksioma çevrilməlidir”


Azərbaycan dövləti uzun müddətdir koronavirus pandemiyasına qarşı mübarizə aparır. İlk vaxtlar karantin tədbirləri sayəsində virusun yayılmasının qarşısı alınsa da, sonradan vətəndaşlar tələb olunan öhdəlikləri yerin yetirmədi. Maskasız gəzirdi, sosial məsafə gözlənilmədi deyə, yoluxma sayı birdən-birə pik həddə yüksəldi.


Hazırda ölkəmizdə pandemiya ilə bağlı vəziyyəti  dəyərləndirənATU-nun dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova da  “Sherg.az”a müsahibəsində pandemiya ilə səmərəli mübarizənin bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılı olduğunu deyib:  

 "Təbii ki, “COVID-19”la əlaqəli tədbirlərin sərtləşmədən yumşalmaya doğru gedən indiki mərhələsində ümümi mənzərə 1-1,5 öncəki aylarla müqayisədə heç də ürəkaçan deyil, situasiyanı qənaətbəxş hesab etmək olmur. Fikrimcə, gözlənilmədən xəstələnmə hallarının artması bir neçə əsaslı amillər səbəbindən baş verdi. Bunlardan əsas faktor kimi cəmiyyətin sosial psixoloji vəziyyətidir. Biz həkimlər cəmiyyətimizin üzvləri ilə birbaşa ünsiyyətdə oluruq. Əsas xəstəliklə yanaşı, həm də onların ümumi psixoloji vəziyyətindən də xəbərdar olduruq. Pandemiya dövründə xalqımızın yeni sosial psixoloji durumu ilə rastlaşırıq. Əgər 2 ay bundan əvvəl pandemiya ilə bağlı xəbərlərə, ümumi vəziyyətə səbrlə yanaşma var idisə, hazırda müxtəlif amillərin təsiri ilə insanlarda artıq bu xəbərlərin dərin neqativ sosio-psixoloji iz buraxdığı müşahidə olunur. Ona görə də nəinki həkimlər, psixoloqlar və sosioloqların da cəmiyyətin ayrı-ayrı təbəqələri ilə iş aparmaları müsbət hal kimi dəyərləndirilə bilər.

Detallara varsaq, deməliyəm ki, fiziki məsafənin gözlənilməsi, respirator və əl gigiyenası ilə yanaşı, ümdə məsələlərdən biri virusun yayılmasının qabağını almaq üçün fərdi qoruyucu vasitələrdən istifadə edilməsidir, onlardan biri maskadır (üzbənd). Müəyyən vəziyyətlərdə sosial məsafənin gözlənilməsi yaddan çıxa bilər, lakin maskadan istifadə etmişiksə, deməli müdafiə səddimiz var.

Yeri gəlmişkən, əvvəllər sağlamların da tibbi maska geyinməsi barəsində fikir müxtəlifliyi hökm sürürdü, bu da əhali arasında müəyyən çaşqınlığa səbəb oldu. Son vaxtlar isə maskanın sağlamlara faydalılığı barəsində fikirlərə prioritet verildi. İctimai yerlərdə və ictimai nəqliyyatda maska hökmən geyilməlidir və "özünü qorumaq başqasını qorumağa bərabərdir" ifadəsi bir aksiomaya çevrilməlidir. Lakin müşahidə etmişəm ki, maskalar əksər hallarda görüntü məqsədi ilə istifadə edilir və bu zaman da onun geyilmə qaydasına tam əməl edilmir. Maskanın geyilməsi insana bir psixoloji inam hissi də bağışlayır.

Maska elə taxılmalıdır ki, maska ilə üz arasında boşluq qalmasın və o, kip şəkildə üzə oturmalıdır. Eyni zamanda maskanın yuxarı-burun hissəsində olan metal çubuq burnun formasına uyğun və kip şəkildə sıxılmalıdır.

- Proses nəzarətdən çıxa bilərmi?

- Xeyr, düşünmürəm ki, koronavirus infeksiyası nəzarətdən çıxsın, çünki bu hadisə o hallarda yarana bilər ki, dövlət səviyyəsində buna biganə yanaşılsın və insanlar da "təsir əks-təsirə bərabərdir" kimi eynən hərəkət edib ciddiliyə varmayıb xəstəliyə saymazlıq göstərsinlər. Ölkə başçımız digər ölkələrdən fərqli olaraq ilk gündən mümkün olan bütün önləyici tədbirlərlərə, o cümlədən infeksion prosesin yayılmasının məhdudlaşdırılması, letallığı minimuma endirmək üçün zəruri olan bütün üsullara imza atıb. Hətta buna görə, ÜST-dən təşəkkür məktubu aldı. Gerisi biz insanlardan çox şey asılıdır, necə deyərlər, "sizdən hərəkət, bizdə bərəkət". Bu baxımdan insanlar kütləvi halda bu infeksiyaya qalib gəlmək üçün cavabdehlik hissini artırmalıdırlar,yəni hər kəs tələb olunan mövcud qaydalara düzgün və tam riayət etsə, bunun qarşısı alınacaq, özü də mütləq alınacaq. Burada fərdi məsuliyyətimiz qədər sosial məsuliyyətimizi də dərk etməliyik. Çünki biz bioloji varlıq qədər həmçinin sosial varlığıq .
Hər zaman "Biz insanıq, bəşər övladıyıq, ali şüur sahibiyik" kimi ifadəni qürurla səsləndirməyimiz yetərli deyil, çünki bu "insan olmaq önündəkinin qarşısında məsuliyyət hiss etməkdir" anlamına gəlməlidir ki, tam dəyərini ifadə edə bilsin.
Düzdür, xəstəlik ciddidir, lakin qorxu, təşviş, panika ilə xəstəliyi şişirdənlərə, təhrif olunmuş formada məlumat verənlərə qarşıyam, çünki qorxu virusun özü qədər təhlükəlidir. Bu cür hallar immunitetə zərbə vurur. İmmunitet də bizim psixoloji vəziyyətimizdən birbaşa aslıdır. Fərdi psixologiya isə sosial psixologiyadan təsirlənir. Ona görə də bu məsələdə cəmiyyətin digər peşə sahibləri də aktivləşməlidirlər.

- Ümumiyyətlə, koronavirus nə vaxta qədər davam edəcək, xilas yolu varmı bu bəladan?

- Təbii ki, hazırda bu infeksiyanın sona çatma vaxtını dəqiq proqnozlaşdırmaq bir qədər çətin olsa da, mən nikbinliyə varan bir mütəxəssis kimi bu xəstəlikdən qurtuluşun mümkün olacağına şəksiz olaraq tam əminəm. İnfeksion xəstəliklərdə epidemioloji qanunauyğunluq deyilən bir anlayış var: xəstəliyin yüksəlişi, zirvə həddinə çatması və enişi. Bu mənada yüksəliş varsa, onun məntiqi davamı kimi eniş də baş verəcək. Doğrudur, hər gün yoluxma sayı artsa da, bu, digər ölkələrlə müqayisədə ildırımsürəti ilə artmır. Qeyd etməyi zəruri sayıram ki, infeksion xəstəliklərin profilaktikası daha asandır, nəinki onun müalisəsi. Tarixdən də bizə məlumdur ki, bütün xəstəliklərin çarəsi insan zəkasının ixtirası ilə sonlanmışdır. Azərbaycan həkimləri, xüsusən infeksionistlər hər zaman infeksion xəstəliklərlə mübarizədə qalib çıxmışlar.

- Əvvəllər belə bir inanc var idi ki, ancaq xroniki xəstəliyi olan yaşlı şəxslər yoluxub ölür. Amma son ölüm statistikalarına nisbətən gənc şəxslərin də ölümü ilə bağlı məlumat alırıq. Koronavirusun "gəncləşməsinə" səbəb nədir?

- Fikrimcə, sözügedən infeksiyanın sizin təbirinizcə desək, "gəncləşməsinə" səbəb bir neçə faktor rol oynaya bilər və onlardan ən əsası, gəncliklərinə rəğmən onlarda da yanaşı xəstəliklər (ürək-damar xəstəlikləri, tənəffüs sistemində xroniki xəstəliklər, bədən çəkisinin xeyli olması və s.) mümkündür. İndiki gənclərin bəziləri 20 il bundan əvvəlki gənclərlə müqayisədə orqanizmin infeksion xəstəliklərlə mübarizəsində arzu etdiyimiz möhkəm immunitetə malik deyillər (ekoloji mühit, qeyri-düzgün qidalanma, qeyri-sağlam həyat tərzi və s). "Sağlam orqanizm möhkəm immunitet, xəstə orqanizm isə zəif immunitetdir"- deyiblər.

Bütövlükdə, ölümə münasibətdə infeksion xəstəliklərin somatik xəstəliklərdən xoşagəlməz bir fərqi də məhz yaşlılardan çox daha çox gəncləri həyatdan aparmasıdır.

İndiki söhbət yaşdan düşdü, bu yerdə ürəkağrısı verən bir xüsusdan etinasız yan keçə bilmirəm. Ələlxüsus COVID-19 başlayandan bəri iş elə gətirib ki, 65 və ondan yuxarı yaşlar gənclər, cavanlar da daxil olmaqla əksər tərəfindən sanki "həyatınzın sonudur" kimi dəyərləndirilir.
Halbuki, ÜST-yə görə insanın biologi yaşı 120 ildir və 18-65 yaş arası "gənc yaş", 66-79 yaş arası isə "orta yaş" kimi təsnif edilir. Bundan irəli çıxaraq özünü yaşlı hesab edənlər bilsinlər ki, insan özünə olan inamı, cəsarəti dərəcəsinə görə gənc, şübhəsi, qorxuları dərəcəsinə görə yaşlıdır. İnamlı, cəsarətli olun!

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu