Kimlərsə ailəlikcə virusla “gizlənqaç” oynayır - Yoluxma sayındakı artımın bir səbəbi də budur 

"Şəxsən mən hesab edirəm ki, koronavirus şübhəsi ilə insanları karantin zonasına doldurmaq lazım deyil. Analiz alınmış insanlar testin nəticələri məlum olanadək ev şəraitində nəzarət altında qala bilər"

“Karantin rejimi ilə bağlı yumşaldılmaya gedəndən sonra koronavirusa yoluxma sayının artması gözlənilən idi, biz bu rəqəmləri gözləyirdik”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin işçi qrupunun rəhbəri Vasif Əliyev müsahibəsində deyib.

V.Əliyevin sözlərinə görə, insanlara sosial məsafənin, maskadan istifadənin və şəxsi gigiyena qaydalarına əməl etməyin zəruriliyi bildirilib.
O qeyd edib ki, ancaq buna baxmayaraq yenə də virusa yoluxma hallarının sayında artım var:

“Qaydalara əməl edən vətəndaşlarımızla yanaşı, koronavirusa inanmayan insanlarımız da kifayət qədərdir. Bəzi insanlar həkimə müraciət etmirlər. Koronavirusa yoluxub özünü evdə müalicə edənlər var. Sonda xəstəxanaya gec üz tuturlar. Hətta xəstəliyi öz yaxınlarından belə gizlədirlər. Bu isə biz həkimlərin işini çətinləşdirir. Əgər yoluxma ilə bağlı vaxtında müraciət olunsa, xəstənin müalicəsi də asanlaşar, ölüm faizi də aşağı düşər. İnsanların xəstəliyi gizlətməsi və digər şəxslərlə təması yoluxma sayının artmasına səbəb olur”.
TƏBİB rəsmisi bildirib ki, Azərbaycanda yetərli sayda xəstəxana var, hətta biz hər cür vəziyyətə hazır olmaq üçün qısa zaman ərzində modul tipli xəstəxanalar yaratdıq, eləcə də “Yeni Klinika” istifadəyə verildi: “Ancaq gələcəkdə xəstəliyin artması bizə xəstələr üçün yer problemi yaşada bilər. Bu problem təkcə bizdə deyil, Avropa ölkələrində də yaşanır. Buna görə də biz vəziyyəti idarə olunan formada saxlamaq üçün həftəsonu karantinlərinə qərar verdik.
Əgər gələcəkdə virusa yoluxma sayı kəskin artarsa, dövlət xəstəxanaları ilə bərabər, özəl xəstəxanalar da bu prosesə cəlb oluna bilər. Xəstəliyi simptomsuz və yüngül keçirən xəstələrin evdə müalicəsi də aparıla bilər”.
Belə çıxır ki, koronavirusa yoluxma sayındakı artımın bir səbəbi də insanların xəstəliyi gizlətməsidir. 
Niyə insan xəstəliyi ailə üzvlərindən, yaxınlarından gizlədir? Bu da mümkündür ki, insan xəstəliyin hansısa simptomlarını keçirsin, amma virusa yoluxduğundan xəbərsiz olsun. Amma evin içində ailə üzvlərindən biri özünü nasaz hiss edirsə və həkimlərin koronavirus əlamətləri olaraq sadaladıqları müşahidə edilirsə, ailə üzvləri narahat olmalı və həkimə müraciət etməyi gecikdirməməlidir. Belə çıxır ki, kimlərsə ailəlikcə virusla “gizlənqaç” oynayır?! 

Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında bildirdi ki, bəzən vətəndaşların xəstəliyi gizli saxlamalarında iki səbəb ola bilər: 



- Birinci səbəb odur ki, bəziləri COVİD-19-a az qala “cüzam” xəstəliyi kimi baxır. Fikir versəniz, görərsiniz ki, ictimai yerlərdə, metroda, avtobusda qoruyucu maskadan istifadə edənlərə bəzən ətrafdakı maskasızlar çəp baxır. Sanki maska taxmış adam xəstədir, bunlar sağlam. Belə bir paradoks yaşanır. Halbuki, qoruyucu maska insanın özünü də, ətrafdakıları da təhlükədən qorumaq üçündü. İkinci səbəb isə koronavirus testinin nəticələri müsbət çıxmış insanın ailə üzvlərinin, kontaktda olduğu adamların karantinə alınmasıdır. Bəli, bu, qabaqlayıcı tədbir kimi təqdirəlayiqdir, yoluxma ehtimalını sıfra endirmək məqsədi daşıyır, amma, buda insanları qorxudur. İnsanlar düşünür ki, ailəmizdə kimdəsə koronavirus açkarlansa, hamımızı karantinə alacaqlar. İnsan psixologiyası mürəkkəbdir. Hər bir detal nəzərə alınmalıdır. Şəxsən mən hesab edirəm ki, koronavirus şübhəsi ilə insanları karantin zonasına doldurmaq lazım deyil. Analiz alınmış insanlar testin nəticələri məlum olanadək ev şəraitində nəzarət altında qala bilər. Həmçinin yüngül simptomları olanlar da həmçinin ev şəraitində müalicə oluna bilər. Sadəcə, TƏBİB şübhəli şəxslərə hansı həkimlərin nəzarət edəcəyini müəyyənləşdirməlidir. Və bir də, xüsusi karantin rejimi günlərində 103 xidməti həddindən artıq yüklənir. Həkim briqadaları çağırışlara getməyi çatdırmır. Bu məsələ də həllini tapmalıdır. Alternativ variantlar üzərində düşünülməlidir. 

 V.Qarayev xəstəliyini gizlədənlərə səsləndi: 

- Özfəaliyyət, özünü müalicə qəbuledilməzdi. Koronavirus  əlacı olmayan xəstəlik deyil axı! Görün, nə qədər sağalan var. Ölüm faizi sağalanlarla müqayisədə çox aşağıdır. Xəstəliyi gizlətmək qətiyyən olmaz. Bununla insan özünü də təhlükəyə atır, doğmalarını, əzizlərini də. Nə qədər tez müalicə başlasa, sağalmaq bir o qədər tez baş verəcək. Həm də xəsətlik yüngül keçəcək. Bütün xəstəliklər belədir. Ağırlaşmış formada xəstəliyə qalib gəlmək çətin olur. İstər koronavirus olsun, istərsə də hansısa başqa xəstəlik. Ona görə də insan özündə narahatlıq hiss edirsə, həkimə müraciət etməlidir. Bir də, sosial təcrid, qoruyucu maska, sosial məsafə saxlamaq, gigiyena qaydalarına ciddi riayət etmək. Əlimizdə olan vasitələr bunlardır.                                                                    

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu