Aynur Camalqızı: "Bütün günü o geyimin içində olmağın əziyyətini heç birimiz anlaya bilmərik"  

"Pandemiya bizim üçün ən doğma, ən qiymətli şəxslərin həkimlər olduğunu göstərdi"


Pandemiya ilə mübarizədə Azərbaycan həkimlərinin peşəkarlığı, vətənpərvərliyi və fədakarlığı qürurvericidir. Onlar hazırkı pandemiya şəraitində insanları ağır xəstəlikdən xilas etmək üçün nə mümkündürsə, edirlər. Yəqin bilirsiz ki, elə həkimlər var,  2 aydır evə getmirlər. Bir çox hallarda məsuliyyətsizlik üzündən bu virusa yoluxan xəstələri sağaldıb həyata qaytarmaq üçün gecə-gündüz çalışırlar.

Koronavirus pandemiyası ilə mübarizədə ən böyük məsuliyyətin  tibb işçilərinin üzərinə düşdüyünü vurğulayan Aynur Camalqızının  Sherg.az-a  açıqlamasına görə, həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasına yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlarını səfərəbər ediblər:



"Koronavirus pandemiyası sözün həqiqi mənasında, müharibədir və hazırda bütün  dünya əhalisi olaraq  müharibə şəraitində yaşayırıq.  Bu savaşın  başlıca qəhrəmanları isə həkimlərimizdir. Düzdür, polislərimiz, jurnalistlərimiz də koronavirusla mübarizədə öncəbhədə "döyüşür". 
Buna rəğmən, hər birimiz gözümüzü  məhz tibb işçiərinə dikmişik. İnsanların tək  ümidi həkimlərədir.   Həm virusu məhv edəcək peyvəndin tapılması, həm xəstəliyə yoluxan şəxslərin sağalması yönündə tək ümidimiz həkimlərə, tibb mütəxəssislərinə, alimlərədir. Pandemiya dönәmindә bütün dünyada olduğu kimi, bizdә dә ön cәbhәdә gecәsini gündüzünә qatan, aylarla ailәsindәn, sevdiklәrindәn uzaqda qalan, ağır şәraitlәrdә işlәyәn hәkimlәrimizin, tibbi personalın әmәyinin qarşılığı yoxdur. Biz bu fədakarlığın və peşəkarlığın əvəzini heç nə ilə ödəyə bilmərik.
Bəşəriyyəti bu bəladan xilas etmək üçün gecə-gündüz tibb müəssisələrində, labaratoriyalarda əziyyət çəkən insanların bu fədakarlığı  heç bir ölçüyə  sığmayacaq qədər böyükdür. Onların əziyyətini bir  neçə cümlə ilə ifadə etmək mümkün deyil. Düşünürəm ki, xəstələrin həyatda qalması üçün göstərdikləri bu fədakarlıq əslində böyük bir missiyadır. Onların bu fədakarlığını hər birimiz yüksək qiymətləndirməli, onlara minnətdar olmalıyıq . Həm də bunu təkcə 17 iyun tibb işçilərinin peşə bayramı günü münasibəti ilə yox, hər gün, hər an etməliyik. Hər birimiz xəstə yaxınlarımızın, millətimizin ümid yerinə çevrilən həkimlərin, bütün tibb personalının koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlərin miqyasını bilməliyik. Onlar həddən ziyadə ağır, mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar".

Zaman-zaman həkimlərə qarşı xoş olmayan münasibət sərgiləndiyini vurğulayan A. Camal qızı deyib ki, pandemiya bizim üçün ən doğma, ən qiymətli şəxslərin məhz həkimlər olduğunu göstərdi:

"Digər sahələrdə çalışan insanlar bu və ya digər formada virusdan qorunmaq üçün özlərini cəmiyyətdən təcrid edə, evdə qala bilirlər. Həkimlərimizin isə belə bir şansı yoxdu. Mən  bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını xəstə insanlar üçün riskə atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas etməyə çalışırlar.Ani bir diqqətsizlik etsələr, özləri də virusa yoluxub xəstələnə bilərlər.  Virusdan qorunmaq üçün həkimlər günboyu  insan bədənini tamamilə örtən xüsusi paltarlar geyinir, əlcək və eynəkdə gəzirlər. Bütün günü  o geyimin içində olmağın əziyyətini  heç birimiz anlaya bilmərik. Təsəvvür edə bilərsinizmi, bütün günü bunca isti havada o geyimdə, tərin-suyun içində, hava görmədən, istirahət etmədən işləmək nə deməkdir?! Bizdə ölüm səviyyəsinin aşağı həddə olması, sağalanların sayındakı çoxluq dövlətimizin gördüyü qabaqlayıcı tədbirlərlə yanaşı, həm də həkimlərimizin peşəkarlığı, fədakarlığı hesabınadır. Onlar qəhrəmandırlar. Onlar günümüzün qəhrəmanıdırlar...". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu