Nəticə effektiv deyil: “İstirahət mərkəzlərinə axın narahatlıq yaradır”

Son günlərin koronavirus statistikası ürəkaçan deyil.  Pandemiya hələ də öz təsirini saxlamaqda, hətta gücləndirməkdədir.  Vətəndaşların davranışı isə real təhlükəyə  adekvat deyil.


Hələ də bir çox vətəndaşlarımız və sosial şəbəkələrdəki “ekspertlər” bu pandemiyanı şübhə altına alır, bütün dünyanı diz çökdürən bu bəlaya qarşı etinasız münasibət göstərirlər. Məhz insanların virusa oyun kimi baxması fonunda hökumət yenidən sərt karantinlə bağlı müəyyən qərarlar verməyə məcbur oldu. 

İlk dəfə iyunun 6-ından 8-nə qədər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bəzi şəhərlərdə  tətbiq edilən karantin rejimi ciddi ajiotaja səbəb oldu.

Qərar açıqlandıqdan sonra insanlarımız çörək üstündə az qala davaya çıxdılar. 1 çörək lazım olan ailədə ikisi-üçü birdən alındı.
Üstəlik də, nə sosial məsafə qorundu, nə də maska taxan oldu.

Hamı evdən bayıra çıxmayacağı iki-üç gün üçün bazarlıq etməyə çalışırdı.
14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək başlayan üçgünlük ev təcridi isə nisbətən sakit keçdi. Nə marketlərdə aclıq xaosu yaşandı, nə də küçələrdə polislə "qaçtı- tutdu" oynayan insanlar oldu.  

Mövcud vəziyyəti “Sherg.az”a  dəyərləndirən millət vəkili Fazil Mustafa isə hesab edir ki, ölkə üzrə ilk dəfə  elan edilən 2 günlük sərt karantin rejiminin o cür ajiotaj yaradacağı  gözlənilən idi. Çünki  Azərbaycan bu təcrübədən ilk dəfə idi istifadə edirdi: 

"Xüsusi karantin rejiminin yumşalması istiqamətində verilən müəyyən qərarlardan sonra şəhərdə həyat öz axarı ilə  davam edirdi. İnsanlar sanki pandemiya bitibmiş kimi hərəkət edirdi.  Həftəsonu karantini isə birdən-birə hər bir hərəkəti, hər bir lazımi işləri qapatdı.

Bu cür şəraitə öyrəşməyən insanlar vəziyyətə uyğunlaşmaq üçün ərzaq dükanlarını evlərə daşıdılar. İkinci  karantində isə  insanların bir qismi ötən dəfə baş verən anlaşılmazlıqlardan, məsuliyyətsizliklərdən ibrət götürüb iki gün evdə qalsalar da , nəticə yenə də  effektiv deyil. Bu dəfə də insanlar istirahət mərkəzlərinə axın etdilər.

Bu da yoluxmanın artması baxımından kifayət qədər narahatlıq yaradan məsələdir.  Fəaliyyətinə məhdudiyyət qoyulmayan  istirahət mərkəzlərinin hamısı dolu idi.  Marketlərdə insident, polisə qarşı təxribatlar olmaması müsbət hal kimi dəyərləndirilsə də,  insanlarımızın vətəndaş məsuliyyəti nümayiş etdirdiyini deyə bilmərəm".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu