“Həkimlərimizə minnətdar olmalıyıq" – Gərgin əməklərinə görə

“Ön cәbhәdә gecәsini gündüzünә qatan, tibbi personalın әmәyinin qarşılığı yoxdur” 

“İndiki dönəmdə həkimlərin çəkdiyi bu əziyyət bir növ qəhrəmanlıq, fədakarlıqdır”


17 iyun tibb işçilərinin peşə bayramı günüdür. Tibb işçiləri koronavirus pandemiyası günlərində peşəkar və fədakar fəaliyyət göstərən bir neçə peşə sahiblərindən biri, daha doğrusu ən birincisidir.

Ümumən, bu pandemiya dövründə Azərbaycan səhiyyəsi yaxşı mənada nəyə qadir olduğunu göstərdi. Məhz dövlətin hər zaman qayğı göstərdiyi səhiyyə sektoru və tibb işçiləri bütün dünyanı cənginə almış bu bəladan daha az zərər görməyimiz üçün əllərindən gələni etdilər, bugün də canla-başla çalışırlar. Günlərlə evə getmirlər, ailələrdən aylardır uzaqdırlar.

Əlbəttə, həkimlərimizin bu cür fədakarlığını, canlarını heçə sayaraq insanlıq üçün, vətəndaşların sağlamlığı üçün çalışmaları hər bir fərd tərəfindən yüksək qiymətləndirilməlidir.


Ölkəmizdə koronavirus pandemiyasına qarşı güclü mübarizə aparıldığını vurğulayan millət vəkili Kamilə Əliyeva “Sherg.az”a açıqlamasında  bu mübarizədə həkimlərimizin fədakarlığını xüsusi qeyd  edib: 

 "Həkimlərimiz, tibb personalı koronavirusa yoluxmuş xəstələrin müalicəsində gecə-gündüz yorulmadan fədakarlıq göstərirlər. Xəstələrin sağlamlığa qovuşması, onların həyatını xilas etmək üçün həkimlərimizin gərgin əmək və zəhmətini xüsusilə qiymətləndirməli, onlara minnətdar olmalıyıq".
 17 İyun tibb işçilərinin peşə bayramı münasibətilə bütün tibb personalını səmimi qəlbdən təbrik edən deputat onlara can sağlığı, çətin və məsuliyyətli peşələrində  onlara  uğurlar arzulayıb. Həmçinin cənab prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan  şəxsləri də  təbrik edib.   



Pandemiyaya qarşı mübarizədə həkimlərin fədakarlığını xüsusi vurğulayan millət vəkili bu qədər əziyyət fonunda vətəndaşların laqeydliyi nəticəsində yoluxma sayının günü- gündən artmasından böyük  təəssüf hissi ilə bəhs edib:

“Pandemiya dönәmindә bütün dünyada olduğu kimi, bizdә dә ön cәbhәdә gecәsini gündüzünә qatan, aylarla ailәsindәn, sevdiklәrindәn uzaqda qalan, ağır şәraitlәrdә işlәyәn hәkimlәrimizin, tibbi personalın әmәyinin qarşılığı yoxdur. 

Onlar həddən artıq  ağır, mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar. Aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas etməyə çalışırlar. Onların  çəkdiyi bu əziyyət bir növ qəhrəmanlıq, fədakarlıqdır”.

K.Əliyevanın sözlərinə görə, həkimlərimizin onsuz da ağır olan iş şəraitini daha da ağırlaşdırmamaq, onları koronaviruslu xəstələrlə dolub- daşan xəstəxanalarda gecələməyə vadar etməmək üçün hər bir vətəndaş öz məsuliyyətini dərk etməli və Operativ Qərargahın koronavirusla bağlı tövsiyyələrinə əməl etməlidir.

Həkimlər də bizlər, sizlər kimi öz ailələrinin, övladlarının yanında olmaq istəyirlər. İnsanlarımız bu günlərdə daha həssas, diqqətli olmalı, verilən qərarlara birmənalı şəkildə əməl etməlidirlər.
İnanıram ki, verilən tapşırıqlara, tövsiyələrə ciddi riayət etsək, evdə qalsaq, özünütəcrid qaydalarına əməl etsək, bu sınaqdan daha az itkilərlə çıxa biləcəyik".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu