“Bütün dövlətlər ölkəmizə strateji tərəfdaş kimi yanaşır»

«Çünki biz verdiyimiz bütün vədlərə əməl edirik. Əməlimizlə sözümüz arasında ziddiyət yaranmır»


İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.


Görüşdə bir sıra vacib məsələlər müzakirə edilib. Həmçinin bildirilib ki, Azərbaycan özünü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdirir. Təsadüfi deyil ki, Azərbaycan pandemiya ilə bağlı məsələlərin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Eyni zamanda Azərbaycanın artıq 29 ölkəyə humanitar yardım göstərməsi onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. 

Bütün bunlarla bağlı “Sherg.az”a danışan millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev deyib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyə bilən bir dövlətə çevrilib:

“Təxminən 50 ildir, yəni qloballaşma başladığı dövrdən bir sıra nəhəng dövlətlər özlərini aparıcı kimi aparmağa başladılar. Bir az obrazlı formada desək, müəllimlik etdilər. Bu ölkələrin il ərzindəki Ümumi Daxili Məhsul (ÜDM) çox olması da onların idarəedici bir ölkəyə çevrilmələrinə şərait yaratdı. Ola bilsin ki, indi bir sıra Afrika, Cənubi Amerika, Asiya ölkələrində vəziyyət pisdir. Lakin Qoşulmama Hərəkatı çərçivəsində keçirilən videokonfranslarda dövlət başçımzın çıxışı bir daha göstərdi ki, Azərbaycan qloballaşan dünyadan geri qalmır. Dövlət başçımız multilateralizm prinsipinə tam uyğun hərəkət edir. Bu prinsipə əsasən bütün dövlətlər mövcud şəraitdən səmərə götürməli, imkanlardan yararlanmalıdırlar. İndi ABŞ-la Çin arasında müharibə gedir. Ancaq belə çətin bir vaxrtda, əksinə, bütün dövlətlər birləşməlidirlər. Prezidentimiz də dünya siyasi liderlərini həmrəyliyə çağırır”. 
 
R.Quliyevin fikrincə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu heç də təsadüfi deyil:

 “İndi bütün dövlətlər ölkəmizə strateji tərəfdaş kimi yanaşır. Çünki biz verdiyimiz bütün vədlərə əməl edirik. Əməlimizlə sözümüz arasında ziddiyət yaranmır. Qoşulmama Hərəkatı, həmçinin “Microsoft” şirkətinin rəhbərliyi ilə videokonfransa istinad edərək deyə bilərik ki, bütün planet prezidentimizin səsini eşidir. Bu, yaxın keçmişin yox, 15-20 il davam edən sosial-iqtisadi layihələrin, atılan məqsədyönlü addımların nəticəsidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu