“Uşaqlar koronavirusu o qədər yüngül keçirir ki...” – PEDİATR aydınlıq gətirdi

“...Ana heç bu yoluxmanın fərqinə belə varmır”

“Koronavirusa görə, qadının körpəsini süddən ayırması  düzgün deyil”

“Hər ehtimala hər gün uşağın əlini  yumaq, şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır”



Mütəxəssislərin iddiasına görə, ana bətnindən və ana südündən körpəyə koronavirus yoluxmur.  
Bununla bağlı yeni doğum edən zahılara və süd verən analara səslənən  Ümumdünya Sağlıq Təşkilatı bu günədək ana südündə infeksiyaya yol açacaq hər hansı bir virus aşkarlanmadığını bəyan edib.  ÜST-ün araşdırmasına görə, uşaqların bu virusa yoluxma riski də çox aşağıdır.

ÜST yaydığı məlumatda COVİD-19 xəstəsi olan anaların övladlarında süd vermə ilə bağlı hər hansı riskin yaranmadığını bildirib: 

"Bu günədək ana südündə infeksiyaya yol açacaq hər hansı bir virus aşkarlanmayıb. Bu səbəbdən gigiyenik qaydalara əməl etməklə analar körpələrini əmizdirə bilər.  Belə olan halda uşaqda müxtəlif viruslara qarşı dözümlülük yaranacaq".

Xatırladaq ki, koronavirus bəlası hələ yeni ortaya çıxdığı zamanlarda bəzi mütəxəssislər uşaqların, eləcə də köpələrin bu virusa yoluxmadığını qeyd edirdi. Lakin sonrakı faktlar bunu təkzib etməyə başladı.

Bəs hansı halda anadan körpəyə koronavirus yoluxa bilir? Doğurdan, ana südündən yoluxma mümkün deyil?



Mövzu ilə bağlı "Şərq"ə danışan pediatr- allerqoloq  Xəyalə Əliyeva da hesab edir ki,  koronavirusa görə, qadının körpəsini süddən ayırması  düzgün deyil. Ana gigiyenik tədbirlərə düzgün əməl etməklə uşağını əmizdirə bilər. Həkimin sözlərinə görə, ana südündə  heç bir əks göstəriş mövcud deyil.  Ana tez- tez əllərini yumaq,  toxunduğu səthləri dezinfeksiya etməklə  körpəsinə süd verə bilər. 

0-9 yaşlı uşaqlarda koronavirusa yoluxma və ölüm faizinin çox az olduğunu vurğulayan  pediatrın sözlərinə görə, bu günə qədər aparılan  araşdırmalarda bu yaş aralığında olan uşaqların virusdan ölmə ehtimalı bir faizi keçmir. Nisbətən böyük yaşlı uşaqlarda isə ölüm faktı 2 faiz təşkil edir. 
Uşaqlarda koronavirusa yoluxma əlamətlərinə gəldikdə isə pediatr koronavirus simptomlarının özünü çox yüngül  şəkildə büruzə verdiyini deyib: 

"Uşaqlara bu virus əsasən ailə üzvlərindən keçir. Bəzən uşaqlar o qədər yüngül keçirir ki, ana heç bu yoluxmanın fərqinə belə varmır. Buna da səbəb koronavirusun uşaqlarda klinik  əlamətlərlə təzahür etməməsidir.

Ola bilsin ki,  ishal, qusma və temperatur əlamətləri və dad bilmənin itməsi kimi simptomlarla özünü çox yüngül şəkildə büruzə versin. 

Amma bir həkim olaraq valideynlərə tövsiyə edirəm ki,  uşağın yaşının az olmasına arxayın olmasınlar. İmmunitetdən də  çox şey asılıdır. Hər ehtimala hər gün uşağın əlini  yumaq, şəxsi gigyena qaydalarına əməl etmək lazımdır.

Əgər uşaq üçün bir narahatlıq vermirsə evdən çıxanda maska taxsınlar. Maksimum dərəcədə insanların kütləvi toplaşdığı mühitdən, təmasdan uzaq tutsunlar".  

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu