Hələ ki, 100 faiz nəticə verən preparatlar aşkarlanmayıb

Ancaq koronavirusun müalicəsi nə qədər erkən aparılsa, effektiv olacaq


Covid-19-a tutulan xəstələrin həyatını qurtaran dərman xeyli ucuzdur. Dərman, tənəffüs cihazına bağlı xəstələrin ölüm riskini üçdə bir nisbətində azaldır. BBC koronavirus epidemiyasında xəstələrin həyatını qurtaran dərmanın tapıldığını dünyaya "son dəqiqə" koduyla eşitdirib.

Xeyli ucuz olan və asan tapılan Deksametazon (Dexamethasone) adlı dərman, Covid-19-u ağır şəkildə keçirən xəstələrin müalicəsində istifadə edilib.
BBC-yə danışan mütəxəssislər, dərmanın bir cığır açacağını və aşağı dozalı steroid müalicəsinin ölümcül Covid-19 virusuyla mübarizədə əhəmiyyətli bir rol oynaya biləcəyini ifadə edib.

Dərman, tənəffüs cihazına bağlı olan xəstələrin ölüm nisbətini üçdə bir nisbətində azaldır. Oksigen verilməsi halında isə, bu nisbət beşdə birə çıxır. Məlumatlara görə, koronavirusa yoluxan hər 20 xəstənin 19-u xəstəxanaya gəlmədən yaxşılaşır. Xəstəxanaya qaldırılan xəstələrin böyük əksəriyyəti də sağlamlığına qovuşur.

Dərmanı istifadə edildikdən sonra ventilatör istifadə edən xəstələr üçün ölüm riskinin yüzdə 40-dan yüzdə 28-ə düşdüyü müşahidə edilib. Oksigenə ehtiyac duyan xəstələr üçün ölüm riski yüzdə 25-dən yüzdə 20-yə düşüb.

İngiltərə səhiyyə naziri Matt Hancock, bu gündən etibarən Covid-19 xəstələrinə Deksametazon verilməyə başlanacağını və əllərində 200 min ədəd bu dərmandan olduğunu bildirib. 

Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla “Şərq”ə açıqlamasında koronavirus pandemiyası başlanandan bugünədək müxtəlif dərman preparatlarının effekti barədə açıqlamalar olduğunu dedi: 

- COVİD-19-la bağlı Dünya Səhiyyə Təşkilatının dünyanın müxtəlif elm ocaqlarının aparıcı mütəxəssislərinin iştirakı ilə hazırladığı geniş elmi təlimat var. İndiyədək müxtəlif dərman preparatlarının koronavirusla mübarizədə effektivliyi yoxlanıb, təcrübədən keçirilib, lakin bu virusu 100 faiz məhv edə bilən preparat hələ də tapılmayıb. Yəni, xəstəliyi tam müalicə edəcək preparat yoxdur. COVİD-19 atipik pnevmaniyadır. Virusa yoluxanlarda ağ ciyərin zədələnməsi baş verir.

İmmun sistem zəifləyir və orqanizmin virusa qalib gəlməsi çətinləşir. “Deksametazon” (Dexamethasone) steroid tərkiblidi, bronxospazm kimi bir çox iltihabi xəstəliklərdə istifadə olunur. İltihab əleyhinə dərmandır. Amma “Deksametazon”dan əvvəl “Prednizalon” preparatının və başqa neçə-neçə dərman preparatlarının da adı çəkilib.

Amma bu dərmanların heç biri COVİD-19-un müalicəsində 100 faizli nəticə hesab edilmir. Belə preparatların xəstəliyin müalicəsində rolu real görünmür. COVİD-19-a yoluxmuş şəxslərin simptomatik müalicəsi aparılır.

COVİD-19-la mübarizədə əsas amil xəstəliyin ilkin mərhələdə müalicəsinin başlanmasıdır. Müalicə nə qədər tez başlasa, bir o qədər effektiv olacaq. Təbii ki, koronavirusa yoluxmuş insanlarda hansısa xroniki xəstəliklərin olması da müalicənin effektini azalda bilir.

Ona görə də biz hər zaman məsləhət görürük ki, insanlarımız sağlamlıqlarına qarşı diqqətli olsunlar, onları narahat edən əlamətlər hiss etdikdə dərhal həkimə müraciət etsinlər. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu